By British Council in Azerbaijan

29 Yanvar 2020 - 13:17

Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru Ülkər Səttarova Birləşmiş Krallıq universitetləri ilə tərəfdaşlığın ali məktəb müəssisələrinin fakültə və məzunlarını necə dəstəkləyə biləcəyindən bəhs edən hekayəsini sizinlə paylaşır.

Beş-altı il öncə çalışdığım Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndəsi və keyfiyyətli təhsil və təlim həvəskarı kimi "British Council"ın Bakıdakı nümayəndəliyi ilə əməkdaşlıq etməyə başladım. 

Birləşmiş Krallıqdan ölkəmizə gətirilən fəaliyyətlərin rəngarəngliyi olduqca diqqətəlayiq idi: gənc müəlliflərin sərgiləri, əlilliyi olan insanların iştirakı ilə səhnələşdirilən tamaşalar, festivallar və universitetlər tərəfindən həyata keçirilən müxtəlif layihələr. Müşahidəçi kimi işə başladıqdan sonra əməkdaşlıq və tərəfdaşlığın insanlığı irəliyə aparan yol olduğunu və çalışdığım universitetdə gördüyümüz işlərə təkan verə biləcəyini anladım.

Birləşmiş Krallıqla tərəfdaşlıq və inkişaf

2016-cı ildə Lester Universitetinə tədqiqat turu həyata keçirəcək komandaya üzv seçildim. Birləşmiş Krallığa olan bu turda iştirak etdiyim üçün çox sevinirdim və universitetin ziyarət üçün mükəmməl seçim olduğu məlum oldu – Bakıya olduqca xoş təəssüratlarla qayıtdıq. Daha sonra Lester Universiteti ilə tərəfdaşlığımız əsasında iki universitetimiz üçün "Creative Spark" proqramının qrantını almaq məqsədilə müraciət etməyə və bu qrantı almağa müvəffəq olduq.

Mənim və gənc komandamın nə qədər sevindiyini təsəvvür edə bilməzsiniz! Bu addımımız olduqca böyük müvəffəqiyyətlə nəticələndi - tələbələrimiz üçün sahibkarlıq bacarıqları üzrə kompleks təlim paketləri gətirməyə, Azərbaycanda ilk "Creative Spark" ingilis dili qrupu vasitəsilə ingilis dilini öyrənmə proqramına start verməyə və bir çox başqa uğura nail olduq.

Yaradıcı cəhdlər

Hazırda iştirak etdiyimiz ilk böyük Birləşmiş Krallıq-Azərbaycan layihəsi "Creative Spark" proqramıdır. Bu proqram Azərbaycanın bütün ali təhsil sistemini əhatə edir və tələbələrimizin biznes və iş dünyasına hazır olmaları üçün tələb olunan bacarıqlar dəstini əldə etməklə sahibkarlıq bacarıq və biliklərini inkişaf etdirmələrini dəstəkləyir.

İkinci böyük layihə isə Məşğulluq üçün Ali Təhsil proqramıdır.  Mənim üçün bu proqramın əsas nəticəsi Azərbaycanda mövcud olan ali təhsil mühitini dəstəkləyəcək və məzunlarımız üçün əlavə dəstək təmin edəcək siyasətin hazırlanmasına töhfə verməkdən ibarətdir.

British Council ailəsi ilə yerli və regional səviyyədə əməkdaşlıq edərkən fərqinə vardım ki, bu təşkilatdakı insanlar işlərini hədsiz dərəcədə sevir. Əslində, British Council ilə işləmək iş yox, ölkəmiz və cəmiyyətimiz - dəstək əldə etmək istəyən pedaqoqlar, tələbələr, əlilliyi olan insanlar və incəsənət sevərlər qarşısında yerinə yetirdiyimiz missiyadır.

British Council'la tərəfdaşlıq yalnız iş deyil, həm də dəstəyə istəyi olan təlimçilər, şagirdlər, qüsurlu şəxslər və incəsənət vurğunları kimi cəmiyyətlər və ölkəmiz naminə çalışdığımız vəzifədir.

Akkreditasiyaya doğru

Tərəfdaşlıq müvəffəqiyyətin açarıdır və bizim əsas fəaliyyət göstəricilərimizdən biri də çalışdığım universitetdə verilən təlimin beynəlxalq akkreditasiyasına nail olmağımızdır. Elə keçən ay memarlıq sahəsində nüfuzlu peşəkar üzvlük təşkilatı olan Britaniya Memarlarının Kral İnstitutunun (RIBA) akkreditasiyasını almışıq.

Hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti MDB ölkələrində bu təşkilatın akkreditasiyasını almış ilk universitetdir və bu nəticə Memarlıq Fakültəmizin inkişafı üçün böyük təkandır. Biz hazırda Kembric Universiteti, London Memarlar Məktəbi, Qlazqo İncəsənət Məktəbi və Birləşmiş Krallıqda yerləşən memarlıqla bağlı bir çox digər görkəmli təhsil müəssisələrinin sırasına qoşulmaqdayıq.

Bu akkreditasiya bir çox dəyişikliklərə səbəb olub və bu dəyişikliklər sayəsində təlim prosesimiz, dərsliklərimiz, tədris planımız və hətta maddi-texniki təminatımız daha da yaxşılaşıb. Kifayət qədər mühüm dəyişikliklərə nail olmuşuq və bu dəyişikliklərdən biri də texnologiyanın təlim prosesinə və tədris planının hazırlanması prosesinin hər bir mərhələsinə daxil edilməsidir.

Bu, eyni zamanda aldıqları təhsil artıq Birləşmiş Krallıq və Avropa İttifaqında rəsmi şəkildə tanınan məzunlarımız üçün də böyük addımdır. Bu, böyük uğurdur. Biz onu əldə etmək üçün çox çalışmışıq və bu gün uğurlu nəticəni görürük. Birləşmiş Krallıqla əməkdaşlıq ölkəmizin çoxəsrlik memarlıq tarixi və ənənələrini davam etdirmələrinə ümid bəslədiyimiz məzunlarımız üçün mükəmməl təkandır.

Proqram haqqında:

"Creative Spark" Birləşmiş Krallığın dəstəyilə Mərkəzi Asiya ölkələrində, Cənubi Qafqaz ölkələrində və Ukraynada (ümumilikdə yeddi ölkədə) biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beş illik təşəbbüsdür.

Biz bu yeddi ölkədə ali təhsil sahəsində aparılan islahatları dəstəkləmək və işsizlik səviyyəsinin aşağı salınmasına töhfə vermək məqsədilə biznes təhsilinin inkişafına yardımçı olmaq üçün Birləşmiş Krallığın təcrübəsindən istifadə edəcəyik. Bununla da, proqramın birinci ilində 10 000-dən çox tələbəyə və gənc sahibkara dəstək göstərəcəyik.