Future News Worldwide 2019 konfransının iştirakçısı olan Cəmilə Zeynalzadə proqramın cəmiyyətdə internetdən oxuduqlarını daha analitik, məlumatlı və düşüncəli şəkildə nəzərdən keçirməyə imkan yaratması və inkişafı baxımından ona və Azərbaycandan olan digər gənc jurnalistlərə necə kömək edə edəcəyindən bəhs edir.
Proqram mənə KİV dünyasının aparıcı peşəkarlarından birbaşa öyrənmək kimi gözəl imkan verə biləcəyi üçün çox xoşuma gəldi. Christina Lamb, Sreenivasan Jain, Nadine White və digərləri kimi dünyaca məhşur jurnalistlərlə ünsiyyətdə olmaq çox unikal bir imkan idi. Bunun sayəsində KİV dünyasında olan yeni yanaşmalara və hadisələrə dərindən nəzər sala bildim.
"Saxta xəbərlər" mövzusunda sessiya mənim üçün xüsusilə maraqlı keçdi, çünki hesab edirəm ki, ədalətli, həqiqi və faktlar baxımdan etibarlı jurnalistika istənilən cəmiyyətin demokratik inkişafına bilavasitə töhfə verə bilər. Mən gələcək karyeramda da Azərbaycanda məhz buna nail olmağa çalışacağam.
Konfrans çərçivəsində keçirilən sessiyalara əlavə olaraq onu da qeyd edim ki, dünyanın müxtəlif guşələrindən olan həmfikir gənclərlə bir araya gəlmək imkanı da mənim üçün çox dəyərli təcrübə oldu. Mən dünya xəbərlərində çox da asan olmayan mətləblər haqqında daha çox şey öyrəndim. Məsələn, Sudandan olan iştirakçı ilə söhbətlərimizdən Sudan xalqının insan hüquqları və ədalət uğrunda mübarizəsi haqqında geniş məlumat əldə etdim.
Səyahətin birinci günü iştirakçılar üçün ünsiyyət və London şəhərilə tanışlığa həsr edilmişdi – görməli yerlərə səfərlər və Birləşmiş Krallıqdakı qədimlik və müasirliyin təkrarolunmaz vəhdəti ilə tanışlıq proqramın əlavə üstünlüyü oldu.
Sammitin növbəti günü xəbər şöbələrinə səfər etdik və Thomson Reuters, NDTV, The Sunday Times və başqa xəbər agentliklərindən olan məşhur jurnalistlərin keçirdiyi seminarlarda iştirak etdik. Google News Initiative, Facebook, Birləşmiş Krallığın Jurnalistika Məktəbi və Dart Jurnalistika və Travma Mərkəzi tərəfindən keçirilən sessiyalarda iştirakçıların suallar verməsi üçün kifayət qədər vaxt ayrılmışdı və bu sessiyalar mənim jurnalistikanın 2019-cu ildəki vəziyyəti ilə bağlı vacib suallarımı cavablandırdı. "Sosial xəbərlərin toplanması və yoxlanması texnikaları" sessiyasında yanlış məlumatların aşkar edilməsi və məlumat mənbələrinin həqiqiliyini yoxlamaq və təsdiq etmək üçün görülməli olan tədbirlər haqqında müzakirədə iştirak etdim. Bu sessiya insanları KİV-dəki saxtalaşdırma ilə bağlı daha analitik, məlumatlı və düşüncəli davranış göstərməyə təşviq edərək ölkəmizdə "saxta xəbərlər"ə qarşı sosial "immun (müqavimət) sistemi"ni inkişaf etdirmək yollarını başa düşməyimə kömək etdi. İkinci gün biz axtarış mühərrikləri(üsulları) və sosial texnologiyaların müasir jurnalistikanın gələcək və indiki vəziyyətini dəyişdirməklə bağlı artmaqda olan rolunu araşdırdıq. Mən həmkar jurnalistlər və məruzəçilərlə birlikdə xəbərlərin daha çox diqqət cəlb etməsi məqsədilə onların ən yaxşı şəkildə işıqlandırılması üçün sosial şəbəkələrin necə təkmilləşdirilə biləcəyini və məlumatların necə qorunması ilə əlaqədar müzakirələrə qatıldım.
İştirakçıların müxtəlif ölkələrdən olması bu səfəri daha maraqlı və yaddaqalan etdi. İndi əminliklə deyə bilərəm ki, planetimizin bütün qitələrindən olan dostlarım var! Biz dünyamızın bu gün üzləşdiyi müxtəlif problemlərini müzakirə etdik. Ortaq dəyərlərin bizi necə bir araya gətirməsi, iştirakçılar arasındakı həmrəylik eyni zamanda həm də bu unikallığı görmək çox təsiredici idi.
Konfransda iştirak etmək üçün seçildiyimə görə özümü çox xoşbəxt hiss edirdim və hesab edirəm ki, bunun üçün sərf etdiyim səy və zamana dəyərdi. Burada ölkəmizdə jurnalistikanın müxtəlifliyinə və inkişafına nail olmaq üçün tətbiq edilə biləcək yeni həll yolları və ən yaxşı təcrübələr haqqında məlumat aldım. "Future News Worldwide 2019" konfransında öyrəndiklərimə görə çox xoşbəxtəm. Ümid edirəm, proqramın uğurlu məzunu kimi bu konfransda gələcəkdə bir daha iştirak etmək və bu maraqlı təcrübəni vətənimlə paylaşmaq imkanım olacaq.