Resurs və Təlim Mərkəzləri layihəmizin gənc iştirakçısı Həcər Quliyeva, yeni fikirlərin kəşfi və onların həyata keçirilməsində ingilis dilinin əhəmiyyətindən danışdı.
Gəncə Resurs və Təlim Mərkəzi tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək mən və mənim dostlarım üçün xəyallarımızı gerçəkləşdirməkdə əvəzsiz imkandır.
Mən ingilis dilini öyrənmək və qavrama bacarıqlarımı təkmilləşdirmək məqsədilə daha da çox çalışıram. Valideynlərim fikrincə, işıqlı gələcəyə və uğurlu karyeraya gedən yolda sərf etdiyim əməklərimin böyük əhəmiyyəti olacaq. Ancaq mən zamanı gəldikdə həm də mənsub olduğum cəmiyyət və ölkənin rifahı naminə də çalışmaq istəyirəm.
Məhz buna görə bu layihəyə qoşuldum və doğru seçimimdən heç bir şübhə duymuram.
Səylərimin nəticəsi
Arxada qoyduğumuz ildə qazandığım təcrübələrim mənə hədsiz biliklər aşıladı – ingilis dilində dinləmə, yazı, oxu və danışıq bacarıqlarıma gəldikdə isə qət etdiyim yol gözlədiyimdən də artıq oldu. Hansı dil olmasından asılı olmayaraq, xüsusilə də İngilis dilində sərbəst şəkildə özünü ifadə edə bilmək insanın qarşısında geniş imkanlar açır və gizli istedadının kəşfi yolunda açar rolunu oynayır. Şəxsən mən gizli liderlik qabiliyyətinə sahib olduğumdan agah oldum. İndi dostlarımı və müəllimlərimi öz səslərini eşitdirmək üçün cəhd göstərməyə, yeni ideyalar üzə çıxarmağa və birlikdə yeni uğurlar əldə etməyə sövq edirəm.
Mən ingilis dilində fikirlərimi ifadə etməkdə çətinlik çəkirdim. Ancaq indi özümə inamım artdı. Dil bacarıqlarımı inkişaf etdirir və hər gün yeni bir şey öyrənirəm.
Yeni kəşflər
Bu məqamda müəllimlərimin əməyi danılmazdır. Onlar, bizi şəhərimizin bir çox məktəblərində çətinliklə əldə edilən texnoloji vasitələr və innovasiyalarla tanış edirlər. Bu yaxınlarda ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, mədəni əlaqələr və ümumdünya kommunikasiyası kimi real qlobal problemlərin müzakirə edildiyi debat sessiyalarına start vermişik.
Bunun sayəsində, bloqlar vasitəsilə internet üzərindən asanlıqla ünsiyyət qura və düşüncələrimi paylaşa bilirəm.
Ötən yay Resurs və Təlim Mərkəzləri layihəsi çərçivəsində inşa müsabiqəsində iştirak etdim, imtahanları müvəfəqiyyətlə başa vurdum və beş günlük yay düşərgəsinə yollanmaq şansı əldə etdim. Dünyagörüşümün artması yolunda mükəmməl imkan oldu. Cənab səfirlə və mübadilə proqramının finalçıları ilə canlı görüşmək olduqca maraqlı idi!
Gələcəyə doğru addım-addım
Tezliklə gələcək təhsil həyatımı dəstəkləyəcək qərarlar verməliyəm və buna özümü hazır hiss edirəm. Hələki ali təhsilimi hansı sahə üzrə tamamlayacağım haqqında qəti fikrim yoxdur, ancaq yeni mədəniyyətlər tanımaq və yeni dostluqlar qurmaq istədiyimdən əminəm.
Sonda Resurs və Təlim Mərkəzləri layihəsini reallaşdıran, mənsub olduğum gənc nəslin tərəqqisinə çalışan və bu məqsədlə məktəbimizi lazımlı vəsaitlər, eyni zamanda təchizatla təmin edən hər kəsə təşəkkürümü bildirmək istərdim. Mən ölkəmi dünya miqyasında təmsil etmək üçün hər keçən gün dil bacarıqlarımı təkmilləşdirməyə çalışacağam.
Proqram haqqında:
"Resurs və təlim mərkəzləri: qabaqcil cəmiyyət naminə mükəmməl bacariqlar" gənclərin özlərindən əminliyini artirmasi və gələcəkdə təhsil və karyera yolunda daha yaxşi imkanlara sahib olmasi məqsədilə onlarin bacariqlarinin inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdir.
Proqram Azərbaycan da daxil olmaq Şərq Tərəfdaşlığına (EaP) aid olan beş ölkədə dayanıqlılığı artırmaq və fərqli bacarıqları inkişaf etdirməklə mütəşəkkil, stabil və çiçəklənən cəmiyyətlərin inkişafını dəstəkləyəcək.
British Council proqramı Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlayır və həyata keçirir. EaP ölkələrinin seçilmiş yerli icmalarından olan tərəfdaşlar da proqrama dəstək göstərir. Gənc oğlan və qızlar proqramın təmin etdiyi imkanlara bərabər çıxışa sahib olacaq.