British Council-ın Azırbaycandakı filialının inklüziv təcrübə proqramının iştirakçısı olan Xanlar Məmmədov qlobal təşkilatda çalışması, yeni bacarıqlar öyrənməsi və həyatda uğur qazanması haqqında hekayəsini paylaşır.
Mənim adım Xanlardır. Mən boz şarların arasında olan qırmızı şaram – fərqli olduğumu bilirəm. Əsas məsələ mənim bu fərqliliklə necə yaşamağımdır. Mən hansı işlərlə məşğulam? Mənim fiziki məhdudiyyətlərim var və mən daima mübarizədə olmaq, mətanət və iradənin zəruri keyfiyyətlər olduğu bir mühitdə yaşayıram.
Motivasiya hissi məni həmişə irəli aparıb. Bəzən Azərbaycanda geniş ictimaiyyət əlilliyi olan insanları problem kimi görür. Bu cəmiyyət və dövlət səviyyəsində aradan qaldırılmalı olan bir stereotipdir. Mən məktəbi bitirdikdən sonra səhhətimə görə seçdiyim universitetə daxil ola bilmədim. Bununla belə, hər gün qarşılaşdığım bu problemlərə rəğmən, iradəm və qətiyyətim mənə hər zaman arzularıma çatmaq imkanı verdi. Bu, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən başladı. Mən yüzlərlə, hətta minlərlə fiziki məhdudiyyətə malik insanın təhsil almaq və işləmək üçün bir araya gəldiyi bir mühitdə idim.
Mən seçdiyim mövzu – kompüter elmləri ilə bağlı texniki bilik və bacarıqlarımı təkmilləşdirməklə yanaşı, sosial tədbirlərdə iştirak etməyə, könüllü fəaliyyətlə məşğul olmağa və beynəlxalq layihələrdə işləməyə başladım. Beləcə, özümdən əminliyimin artmasına, yaşadığım cəmiyyətdə və şəhərdə öz yerimi qazanmağa nail oldum.
2018-ci ildə "British Council"ın kuratorluğu ilə həyata keçirilən və Azərbaycanda əlilliyi olan insanların məşğulluq imkanlarının artırılması üçün nəzərdə tutulmuş onlayn təlim layihəsi haqqında məlumat aldım. Mən layihə çərçivəsində IT, sosial elmlər və başqa sahələrdə müxtəlif bacarıqlar öyrəndim. Bir il keçib və indi işim var, pul qazanıram.
Üç ay öncə internetdə axtarış edərkən "British Council"ın təcrübə ilə bağlı elanını gördüm. Başa düşdüm ki, qabaqcıl təcrübəyə malik olan, nüfuzlu qlobal təşkilatda çalışmağım karyeramın ən böyük addımı ola bilər. İşdə insanın malik ola biləcəyi ən yaxşı şey sənin verdiyin töhfəyə hörmətlə yanaşan və onu qiymətləndirən komandadır. Mən fiziki məhdudiyyətim olmasını heç hiss etmirəm də. Burada işləyərkən həmkarlarımla bir uğurumu paylaşa bildim: mən universitetə daxil oldum! Bu uğur yalnız mənim yox, məni dəstəkləmiş və mənimlə birlikdə çalışmış hər kəsin uğurudur.
İnsanların əlillik haqqında düşüncələri dəyişir. Biz artıq əlilliyimizə görə utanmırıq. Dostlarım və ailəm mənimlə fəxr edir.