British Council Yaradıcı Prodüserlər proqramı ilə Geniş Avropa regionunda - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Ukrayna, Özbəkistan, Ermənistan, və Qərbi Balkanlarda prodüserlərin bacarıqlarını inkişaf etdirməsi və peşəkar tanışlıqlar qazanması üçün tanınmış prodüser agentliyi "Curated Place" (Birləşmiş Krallıq) ilə əməkdaşlıq etməsinə şərait yaradır və prodüserlərə maraqlı peşəkar inkişaf imkanları verir.

Bu proqram daha ambisiyalı və cəsur yaradıcı layihələrin həyata keçirilməsi üçün yeni layihələr, komandalar və yaradıcı iqtisadiyyatları dəstəkləməklə yaradıcı prodüserlik peşəsinin beynəlxalq səviyyədə inkişaf etdirilməsinə və təşviq olunmasına istiqamətlənib. 

Biz yaradıcı prodüserləri eksperimentlər aparmağa və fərqli incəsənət formaları ilə işləməyə sövq edirik, ona görə də özünüzü sınamaq üçün bu unikal imkanı əldən verməyin və proqrama müraciət edin! 

Seminarlar beynəlxalq prodüserlər qrupunun layihə və ideyalar yaratması, onları müzakirə etməsi, bu layihələrin harada, nə vaxt və necə reallaşdırılması və ən vacibi, kimin üçün nəzərdə tutulması haqqında praktiki mülahizələri araşdırmasına imkan verir. Proqramın məqsədi yerli səviyyədə yaradılsa da, beynəlxalq əlaqələrə malik olan, yaradıcı prodüserliyin yaradıcı baxış və texniki problemlərdən büdcə, logistika və auditoriyalara kimi bütün məqamlarını başa düşən dayanıqlı və motivasiyalı yaradıcılıq sektorunun qurulmasıdır. 

Proqramın mərhələləri

Proqram bir neçə mərhələdən ibarət olacaq: 

  • Curated Place-dən olan təlimçilərin iştirakı ilə 15-19 yanvar 2024-cü il tarixlərində bir həftəlik onlayn seminar; 
  • Albaniyada 4-8 mart 2024-cü il tarixlərində bir həftəlik oflayn seminar; 
  • Proqramın uğurla tamamlanmasından sonra Birləşmiş Krallıqda seçilmiş iştirakçılara qismən maliyyə dəstəyi və peşəkar əlaqələrin yaradılması imkanları veriləcək.

Kimlər müraciət edə bilər?

  • Yaradıcı prodüserlər incəsənət və mədəniyyət tədbirləri, sərgilər, festivallar və layihələrin praktiki logistika və yaradıcı proseslərini reallaşdırmaqla yaradıcı layihələrin aparıcı qüvvəsi hesab edilir. 
  • Biz proqramda müxtəlif yaradıcı peşələrin nümayəndələrini, o cümlədən müstəqil prodüserlər və yaradıcı insanlar, mədəniyyət obyektlərinin incəsənət menecerləri və administratorları, incəsənət xadimləri, kuratorlar, festival təşkilatçıları, teatr tənqidçiləri və dramaturqlar, direktorlar, rəqqaslar, musiqiçilər və mədəni layihələrin təşkil edilməsi təcrübəsinə malik olan və yaradıcı istehsal sahəsində peşəkar təcrübələrini inkişaf etdirmək və beynəlxalq həmkarlarla əlaqələr qurmaq arzusunda olan başqa şəxsləri görmək istəyirik.

Nəzərə alın ki, Yaradıcı prodüserlər musiqi və film musiqisinin istehsalı sahəsində işləyə bilsə də, bu proqram film istehsalı texnikalarını əhatə etmir və kurs film və musiqi sektorlarında karyera pillələrində irəliləmək üçün nəzərdə tutulmayıb.

Kursa müraciət edən namizədlər aşağıdakı tələblərə cavab verməlidir:  

  • 18 yaşından böyük olmaq; 
  • Yeni layihələrin sıfırdan yaradılması üzrə 3-5 illik təcrübəyə malik olmaq;
  • Sahədə dəyişikliklərə təkan vermək məqsədilə mədəniyyət və yaradıcılıq sahələri ilə əlaqədar layihənin unikal ideya və ya konsepsiyasını hazırlamaq;
  • Layihə təklifini planlaşdırarkən dayanıqlılıq və bilik və təcrübələrin yayılması strategiyasını nəzərdə tutmaq; 
  • Birləşmiş Krallığın mədəniyyət sektoru ilə əməkdaşlıq etməyi nəzərdə tutmaq.

Şərt və Müddəalar

Proqram onlayn və oflayn formatda keçiriləcək və iştirakçılardan aşağıdakılar tələb ediləcək:

  • Proqramın bütün mərhələlərində iştirak etmək (aşağıdakı Əsas tarixlərə baxın); 
  • İngilis dili biliklərinə malik olmaq (CEFR şkalası ilə B2 səviyyəsi); 
  • Onlayn təlim üçün həftədə 5 günü tam ayırmaq; 
  • Ev tapşırıqları üçün vaxt ayırmaq;
  • Proqramla bağlı təcrübəsini paylaşmaq üçün müsahibə və/yaxud bloqlarda iştirak etmək; 
  • Layihənin ideyasından gələcəkdə istifadə edərkən proqramın və tərəfdaşların adını çəkmək; 
  • Proqramın iştirakçıları ilə əməkdaşlıq və birgə istehsala açıq olmaq; 
  • Uğurlu namizədlər gələcəkdə əlavə təqdimat imkanlarında və British Council-ın məzun proqramlarında iştirak etməyə dəvət edilə bilər. 
  • Uğurlu namizədlərin British Council ilə əlaqəni kəsməməsi, layihənin yeniliklərini bildirməsi, layihənin monitorinqi və qiymətləndirilməsini dəstəkləməsi tələb olunacaq. 

Nəzərə alın ki, proqram ingilis dilində keçiriləcək və tərcümə edilməyəcək. 

Biz yalnız proqramın tələblərinə müvafiq olaraq doldurulmuş müraciətləri nəzərdən keçirəcəyik ("Necə müraciət etməli" bölməsinə baxın).

Necə müraciət etməli

Namizədlərin onlayn müraciət formasını doldurub təqdim etməsi və ya aşağıdakı sualların cavablandırıldığı 3 dəqiqəlik video təqdim etməsi tələb olunur:

  • Proqramda niyə iştirak etmək istədiyiniz, onun yaradıcı fəaliyyətinizə necə fayda verəcəyini düşündüyünüz və onun şəhəriniz və ölkənizin incəsənət sektoru üçün faydası haqqında danışın. 
  • Maliyyə dəstəyi və maliyyələşdirmə olduğu halda hazırlamaq istədiyiniz layihəyə nümunə gətirin. Layihə haqqında ətraflı məlumat verin və onun hazırda reallaşdırılmasının niyə vacib olduğunu izah edin.

Onlayn müraciətlərin və ya videonun təqdim edilməsi üçün son tarix 12 noyabr, yerli vaxtla saat 23:59-dur.

Seçim

Müraciətlər British Council və Curated Place təşkilatının nümayəndələrindən təşkil edilmiş qiymətləndirmə komissiyası tərəfindən qiymətləndiriləcək. 

Komissiya namizədlərin müraciət üçün müvafiqliyini və müraciət formasında təqdim edilmiş məlumatların keyfiyyətini qiymətləndirəcək. Müraciətdə proqrama göstərdiyiniz marağın səbəbini və proqramın ölkənizdə mədəniyyət və yaradıcılıq sahələrinin inkişafına verəcəyiniz töhfəyə necə kömək edə biləcəyini aydın ifadə etməyiniz çox vacibdir. 

Biz iştirakçılar arasında balansın olması üçün fərqli təcrübələri, müxtəlif milliyyətləri və sosial/mədəni kökləri olan namizədlərin müraciətlərini qəbul etməkdə maraqlıyıq. Daha ətraflı məlumat üçün British Council-ın Qlobal bərabərlik bəyanatıİrqçiliklə mübarizə üzrə fəaliyyət planını oxuya bilərsiniz. 

Müraciətlərin qəbul edilməsi üçün son tarixədək (12 noyabr, yerli vaxtla 23:59) doldurulmuş və təqdim edilmiş müraciətlər qiymətləndirmə komissiyası tərəfindən nəzərdən keçiriləcək. 

British Council seçim prosesindən sonra proqramın qısa siyahısına daxil edilmiş namizədlərlə onlayn müsahibə keçirə bilər. 

Seçilmiş namizədlərlə 25 noyabr tarixinədək e-poçt vasitəsilə əlaqə saxlanılacaq. 

Müraciətlərin sayı ilə əlaqədar olaraq qəbul edilməmiş müraciətlərlə bağlı rəy bildirə bilməyəcəyik.

Əsas tarixlər

  • Müraciətlərin edilməsi üçün son tarix: 12 noyabr 2023-cü il 
  • Proqramın qısa siyahısına daxil edilmiş namizədlərlə onlayn müsahibələr: 16-18 noyabr 2023-cü il 
  • Seçilmiş namizədlərə məlumat verilməsi: 25 noyabr 2023-cü il 
  • Onlayn təlim proqramı: 15-19 yanvar 2024-cü il 
  • Albaniyada oflayn təlim proqramı: 4-8 mart 2024-cü il 
  • Seçilmiş iştirakçıların Birləşmiş Krallığa səyahəti: İyul 2024-cü il 

Curated Place haqqında

Yaradıcı Prodüserlər proqramı Curated Place təşkilatı tərəfindən keçiriləcək.

Curated Place beynəlxalq dövlət proqramları, irimiqyaslı ictimai instalyasiyalar, orijinal sifarişlər, sənətkarların inkişafı, musiqi strategiyası, tədbirlər və dayanıqlı istehsalın təmin edilməsi üzrə ixtisaslaşan incəsənət yönümlü yaradıcı istehsal şirkətidir.

Layihə, namizədlərin proqrama uyğunluğu və meyarlar haqqında əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın: milan.lucic@britishcouncil.org.