• Pres Reliz Resurs və Təlim Mərkəzləri proqramının bağlanış mərasimi (Adobe PDF 266KB)
  • Cümə axşamı 03 Mart 2022

     

    Resurs və Təlim Mərkəzləri: Qabaqcıl Cəmiyyət Naminə Mükəmməl Bacarıqlar gənclərin özlərindən əminliyini artırması və gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqram idi. Proqram "British Council"ın 2016-2019-cu illərdə həyata keçirilmiş ingilis dili klubları təşəbbüsünün qazandığı uğura əsaslanmışdı.

    Üç illik layihə 2022-ci ilin mart ayında yekunlaşdırılacaq. Bu layihə Azərbaycanda mütəşəkkil, stabil və çiçəklənən icmaların formalaşmasını dəstəkləyib. Bakı şəhərində və Azərbaycanın yeddi rayonunda (Abşeron, Lənkəran, Gəncə, Zaqatala, Beyləqan, Tərtər, Bərdə) 18 resurs və təlim mərkəzi fəaliyyət göstərir. Biz ümumilikdə 8,000 şagird, 2,000 məktəb müəllimi, 400 icma üzvü ilə işləmişik. Bu şəxslərin çoxu Qarabağ münaqişəsindən əziyyət çəkmiş məcburi köçkün icmalarının nümayəndələri olub. 

    Resurs və Təlim Mərkəzləri müəllimlərin peşəkar inkişaf, təlim və öyrənmə təcrübələri, habelə şagirdlər üçün dil bilikləri və əsas bacarıqların inkişaf etdirilməsi metodları ilə bağlı platforma yaratmaqla həssas icmalarda daha yaxşı nəticələr göstərib.

    British Council proqramı Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlayıb və həyata keçirib. Biz Azərbaycan Respublikası Təhsil Nazirliyi, habelə yerli liderlər, icmalar və məktəb direktorları ilə yaxın əməkdaşlıq etmişik.

    Resurs və Təlim Mərkəzləri: Qabaqcıl Cəmiyyət Naminə Mükəmməl Bacarıqlar proqramımız haqqında daha ətraflı məlumat almaq üçün nəzər salın: https://www.britishcouncil.az/english/project/learning-hubs

    Biz 5 mart 2022-ci il, saat 10:00-da Hilton Bakı otelinin Sevda zalında Resurs və Təlim Mərkəzləri layihəsinin bağlanış mərasimini keçirəcəyik. Tədbir layihənin tərəfdaşları, icma nümayəndələri və benefisiarları bir araya gətirəcək və onlar üç illik təşəbbüs çərçivəsində əldə etdikləri nailiyyətləri və bilikləri paylaşmaq imkanı əldə edəcək. Biz həmçinin layihənin benefisiarlarına istiqamətlənmiş xüsusi film təqdim edəcəyik.

    KİV nümayəndələrini 5 mart 2022-ci il tarixində, saat 09:30-da bu tədbirdə iştirak etməyə dəvət edirik.

    Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri, cənab Ceyms Şarp:

    "Mən Azərbaycanın Zaqatala, Lənkəran, Bərdə, Masazır kimi rayonlarında Resurs və Təlim Mərkəzlərini ziyarət etmək şərəfinə nail olmuşam və bu mərkəzlərdə gördüyüm mükəmməl tədris standartları və uşaqların öyrənmək həvəsi məni həmişə heyran edib. Mən bu təşəbbüsü dəstəklədikləri üçün Təhsil Nazirliyi və yerli icmalara dərin minnətdarlığımı bildirir və onların bu mərkəzlərin yaratdığı möhkəm bünövrədən istifadə etmələrini səbirsizliklə gözləyirəm. Mən bu mərkəzlərin Azərbaycan şagirdlərinə iqlim dəyişikliyi, qız və qadınların hüquqları kimi yeni və vacib fənlərin təqdim edilməsi ilə bağlı ön sıralarda yer almasına görə çox şadam.”

    “Mərkəzlərdə işləyən müəllimləri və onların səyini xüsusi olaraq qeyd etməliyəm. Bu layihə həm uşaqlar, həm də müəllimlər üçün çətin dövrlərdə – COVID-19 pandemiyası, daha sonra isə 2020-ci ildə mərkəzlərimizdən bir çoxuna bilavasitə təsir etmiş münaqişə dövründə reallaşdırılıb. Bu inanılmaz problemlərə baxmayaraq, müəllimlərimizin qətiyyəti, işinə sadiqliyi və sarsılmaz inamı dəyişməyib. Onlar peşələrinin fəxridirlər."

    British Council-ın Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo:

    "Resurs və Təlim Mərkəzləri proqramı təhsil sahəsində çalışan tərəfdaş və mütəxəssislərin son üç ildə əməkdaşlığı sayəsində uğur qazanıb. Biz ümumilikdə 8,000 şagirdin ingilis dili, debat və tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsi üzərində işləmişik. Proqram inklüzivlik prinsiplərinə əsaslanıb və Azərbaycanın müxtəlif yerlərində məcburi köçkün icmalarında gender, bərabərlik və açıqlıq kimi mövzulara diqqət yetirən Mərkəzlərin formalaşmasına səbəb olub."

    "Son bir neçə il bizdən böyük çeviklik tələb edib. Böyük qürur hissi ilə bildirməliyik ki, proqramımız bu tapşırığın öhdəsindən gəlib, onlayn təlim və innovativ rəqəmsal resursların rolu artırılıb. Əminliklə deyə bilərik ki, bu təcrübə təhsil sektorunda gələcək innovasiyalara vüsət verəcək. Biz proqramın nəticələrindən gələcəkdə də bəhrələnmək üçün Təhsil Nazirliyi ilə əməkdaşlığımızı səbirsizliklə gözləyirik."

    Notes to Editor

    Əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın:
    Xanım Teilova│Layihə Koordinatoru | British Council-ın Azərbaycandakı nümayəndiliyi
    khanim.teilova@britishcouncil.org | T +994 (0) 12 497 1593

    About the British Council

    British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz incəsənət və mədəniyyət, təhsil və ingilis dilindən istifadə edərək Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında əlaqələr, qarşılıqlı anlaşma və inam yaradırıq. Biz 2019-2020-ci illərdə 75 milyondan çox insana üz-üzə və ümumilikdə 758 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsimizi çatdırmışıq. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası əsasında fəaliyyət göstərən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq. Biz Birləşmiş Krallıq hökumətindən 14.5% əsas maliyyələşdirmə qrantı alırıq.

    www.britishcouncil.az

     

    See also