Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə start vermişdir.
Layihə çərçivəsində seçiləcək ingilis dili müəllimlərinin pedaqoji bilikləri və təhsildə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq və beynəlxalq sertifikasiya həyata keçiriləcək. Layihənin nəticəsində müəllimlərin motivasiya strategiyasında layihənin fəaliyyət və mexanizmlərinin inteqrasiyası müzakirə ediləcək. Layihənin bu mərhələsində iştirak üçün 100 nəfər ingilis dili müəllimi seçiləcək.
Layihə tərəfdaşları haqqında məlumat
Təhsil Nazirliyi layihənin pilot tətbiqi mərhələsində strateji dəstək göstərəcək. Microsoft korporasiyası layihə iştirakçılarını Microsoft “Texnologiyalarla Tədris” (“Teaching with Technology”) məzmununu və qiymətləndirmə alətlərini, müəllim sertifikatlaşmasına dair müvafiq məlumatla təmin edəcək və müəllimlərin onlayn əməkdaşlığı üçün onlayn mühitinin yaradılmasına dəstək göstərəcək. British Council Cambridge ESOL “Tədris Bilik və Bacarıqları üzrə İmtahan”ına (“Teaching Essentials Test”) hazırlıq və müvafiq sertifikasiya alətlərindən istifadəni təmin edəcək. Mədəd Azərbaycan bu layihədə əsas icraçı təşkilat kimi çıxış edəcək. Layihə çərçivəsində nəzərdə tutulan təlimlər Mədəd Azərbaycan təşkilatı tərəfindən keçiriləcək. Təşkilat həmçinin layihə iştirakçılarını onlayn ünsiyyət və əməkdaşlıq alətlərinə çıxışla təmin edəcək, sertifikasiyanın koordinasiya və idarə olunmasını dəstəkləyəcək.
Layihədə kim iştirak edə bilər?
- Ümumtəhsil məktəblərin ingilis dili müəllimləri
Layihəyə necə qoşulmaq olar?
Layihədə iştirak etmək istəyənlər www.madad.net veb səhifəsinə daxil olub, “Sürətli keçid” başlığı altında “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” bölməsindəki ərizə formasını doldurmalıdırlar. Ərizə forması ya onlayn, ya da MS Word formatında doldurulub, 24 May 2015-cü il tarixindən gec olmayaraq enquiries@britishcouncil.az ünvanına göndərilməlidir. Qəbul olunan bütün ərizə formalarına baxılacaq və seçim kriteriyalarına cavab verən müəllimlər növbəti seçim mərhələsinə dəvət olunacaqlar. Bütün seçim mərhələlərindən uğurla keçən namizədlər layihənin iştirakçısı seçiləcək.
İştirakçıların seçim meyarları
Namizədlər aşağıdakı ümumi seçim meyarları üzrə qiymətləndiriləcəkdir:
- Pedaqoji təcrübə və müxtəlif metodologiyalardan təcrübi istifadə bacarıqları
- İngilis dili fənni üzrə kurikulum biliyi
- Müxtəlif qiymətləndirmə metodları ilə tanışlıq və təcrübə
- İKT savadlılığı
- İKT-nin təhsildə tətbiqi üzrə bilik və bacarıqlar
- Tədris prosesinin idarəedilməsi üzrə bilik və bacarıqlar
- Layihə-əsaslı tədris yanaşması ilə tanışlıq və istifadə təcrübəsi
- Müxtəlif təhsil şəbəkələrində və beynəlxalq layihələrdə iştirak
Layihənin komponentləri
Seçim turlarından uğurla keçən namizədlər layihə iştirakçıları kimi aşağıdakı təlimlərə cəlb olunacaqlar:
- Mədəd – Intel ® ”Gələcək üçün təhsil” təlimi
- British Council Cambridge ESOL “Tədris Bilik və Bacarıqları” təlimi
- Microsoft “Texnologiyalarla Tədris” təlimi
Təlimlər qarışıq (onlayn və üz-üzə) formatda 2015-cü ilin İyun-Dekabr ayları ərzində keçiriləcək. Hər təlimin əvvəlində iştirakçıların hazırlıq səviyyəsi təyin olunacaq və fərdi inkişaf proqramı hazırlanacaq. Təlimlərin sonunda iştirakçılar 3 sertifikasiya imtahanında iştirak edərək, müvafiq sertifikasiya ilə təmin olunacaq. Sertifikasiya imtahanları müstəqil qurumlar tərəfindən həyata keçiriləcək və nəticədə uğurlu iştirakçılar beynəlxalq səviyyəli sertifikasiya ilə təmin olunacaqlar.
Əlavə məlumat üçün British Council Azərbaycan təşkilatına aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərsiniz: Telefon: +994 (12) 4971593; Veb səhifə: www.britishcouncil.az
E-poçt: enquiries@britishcouncil.az
Əlaqələndirici şəxs: Natavan Nagiyeva