Bazar ertəsi 29 July 2019

British Council-ın Azərbaycandakı ofisi 2018-2019-cu illər üzrə davam edən turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramının 340 məzununun uğurunu qeyd edir. Proqram Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycanda aparıcı beş ulduzlu otellər ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.

Bu proqram peşə təhsili sektorundan olan məzunların bilik və bacarıqlarını artırmaqla onlar üçün məşğulluq imkanlarının artırılması məqsədilə tərtib edilmişdir. Azərbaycanın inkişaf edən turizm, qonaq qəbulu və xidmət sənayelərindən olan əsas sahibkarlar tələbələrin peşəkar təlimi proqramları vasitəsilə peşə təhsili prosesinə cəlb edilmək üçün dəvət edilmişdir. Proqram 2016-cı ildə British Council təşkilatının tərəfdaşları ilə birlikdə başladılmışdır. Hər il məzunların 60%-nin turizm, qonaq qəbulu və xidmət sektorlarındakı aparıcı müəssisələrdən iş təklifi alması gözlənilir.

British Council 29 iyul, 2019-cu il tarixində, saat 11.00-da J .W. Marriott Hotel-in Xırdalan zalında proqramın 2018-2019-cu illər üzrə məzunları üçün diplomların təqdim edilməsi mərasimi keçirmişdir. Mərasimdə British Council-ın Azərbaycan Respublikasındakı filialının direktoru cənab Samr Şah, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Direktoru cənab Pərviz Yusifov, o cümlədən tərəfdaş müəssisələrin nümayəndələri, məzunlar və hal-hazırda proqrama cəlb edilmiş tələbələr iştirak etmişdir.

Birləşmiş Krallığın sahibkarların təşəbbüsünə əsaslanan bacarıqlara və keyfiyyətə zəmanət üzrə təcrübəli People1st UK təşkilatı 20 təlimçiyə təlim keçmiş və aşağıdakı müəssisələr də daxil olmaqla, müxtəlif peşə təhsili müəssisələrində təhsil alan müvafiq aşpazlar, mehmanxana qapıçıları və təmizlik işçiləri üçün təlim materialları təmin etmişdir:

  • Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi,
  • İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi,
  • Gəncə Dövlət Peşə Təhsil Mərkəzi,
  • Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi,
  • Qusar Dövlət Peşə Təhsil Mərkəzi,
  • İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi.

2018-2019-cu illər üzrə proqrama cəlb edilmiş PTT tələbələri Azərbaycanda aparıcı beş ulduzlu otellərdə təcrübə və peşəkar təlim keçmiş və praktik iş təcrübəsi vasitəsilə turizm və qonaq qəbulu sektorlarında öz karyeralarına qədəm qoymuşdur. Abşeron Otellər Qrupu, JW Marriott Absheron, Four Seasons, Hyatt, Hotel Fairmont Baku, Hilton, Pullman, The Landmark Hotel, Excelsior Hotel and Spa, Holiday Inn, Gilan Otellər Qrupu və Winter Park Hotel proqramın tərəfdaşları siyahısında olmuşdur.

Peşə Təhsili üzrə Dövlət Agentliyi və iştirakçı otellər qrupu British Council ilə 2019-2020-ci illərdə turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramının həyata keçirilməsini davam etdirmək üzrə razılığa gəlmişdir. Proqram Bakıda və Azərbaycanın digər regionlarında peşə təhsili müəssisələrindəki tələbələr üçün təlim və təcrübənin təmin edilməsini əhatə edəcək. Proqrama ərizə qəbulu 2019-cu ilin avqustunda başlanılacaq.

British Council göstərdiyi dəstəyə görə Peşə Təhsili üzrə Dövlət Agentliyinə, People1st UK təşkilatına və turizm və qonaq qəbulu senayesindəki bütün iştirakçı tərəfdaşlara öz minnətdarlığı bildirir.

Notes to Editor

Proqrama qəbul ilə bağlı daha çox məlumat əldə etmək üçün aşağıdakı veb-səhifəyə daxil olun: https://bit.ly/2d7hzP4

Əlavə məlumat üçün əlaqə məlumatları: Sevinc Ağazadə│Proqram üzrə koordinatoru | sevinj.aghazada@britishcouncil.az | T +994 (0) 12 497 1593

About the British Council

British Council Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatıdır. Biz 100-dən çox ölkə ilə incəsənət və mədəniyyət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq edirik. Keçən il səsimizi 75 milyondan çox insana birbaşa yolla, ümumilikdə 758 milyon insana isə onlayn şəkildə, yayımlar və nəşrlər vasitəsilə çatdırmışıq. Biz əməkdaşlıq etdiyimiz ölkələrə töhfəmizi veririk – imkanlar yaradaraq, əlaqələr quraraq və etibarımızı möhkəmlədərək insanların həyatını dəyişirik. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası əsasında fəaliyyət göstərən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq. Biz Birləşmiş Krallıq hökumətindən 15% əsas maliyyələşdirmə qrantı alırıq.

www.britishcouncil.az

British Council bərabərliyi, müxtəlifliyi və inklüzivliyi təmin etməyi öhdəsinə götürmüşdür.

See also