"Candoco" rəqs qrupunun iki hissəli şousu

Çərşənbə axşamı 07 Mart 2017 - 19:00 - Çərşənbə 08 Mart 2017 - 19:00

Sizi əlilliyi olan və olmayan rəqqaslardan ibarət "Candoco" müasir rəqs qrupunun möhtəşəm xoreoqrafiya və virtuoz çıxışlardan təşkil olunmuş iki hissəli valehedici tamaşasını 2017-ci ilin 7-8 mart tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında izləməyə dəvət edirik. Layihə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Yarat Müasir İncəsənət Məkanı və Azərbaycan Dövlət Akademik Dram Teatrının dəstəyi ilə təşkil edilir.

"Candoco" incəsənət, estetika və bacarıq anlayışları ilə əlaqədar sərhədləri aşan və bu anlayışları genişləndirən mükəmməl və hərtərəfli təcrübələr formalaşdıran, əlilliyi olan və olmayan rəqqaslardan ibarət olan rəqs ansamblıdır. Hamı tərəfindən bəyənilən, olduqca müasir istiqamətə malik fəaliyyətinin 25 illiyini qeyd edən "Candoco" fiziki baxımdan bu günə qədərki ən fəal iki hissəli tamaşasını təqdim edir: “Beheld” (Bax) və “Set and Reset/Reset” (Qur və Yenidən qur).

Aleksandr Uitli cəsarətli və virtuoz xoreoqrafiyası sayəsində qısa müddət ərzində şöhrət qazanmış bir xoreoqrafdır. Onun "Candoco" rəqs ansamblı üçün hazırladığı Beheld tamaşası alman bəstəkar Nils Framın Rutger Zuydervelt tərəfindən yenidən hazırlanmış valehedici partiturası əsasında nəhəng parça zolaqları ilə rəqs edən heyranedici ansambl və güclü duetlərdən təşkil olunub. Bu parçada ansamblın yeddi rəqqası ətraflarındakı sahənin imkan və məhdudiyyətlərini araşdıraraq necə baxmağımız və nə görməyimizlə əlaqədar təsəvvürləri formalaşdırır və yeniləyir.

Set and Reset/Reset imkanların meydana çıxmasını ifadə edir, belə ki, ansamblın rəqqasları Trişa Braunun məşhur Set and Reset rəqsinin yeni versiyasını yaradır. Rəqsin orijinal versiyası ilk dəfə 1983-cü ildə Nyu-Yorkda Bruklin Musiqi Akademiyasında nümayiş etdirilib və 2011-ci ildə Trişa Braun ansamblı ilə birlikdə "Candoco" tərəfindən yenidən səhnələşdirilib - bu cür əfsanəvi müasir rəqs parçasının inklüziv ansambl tərəfindən yenidən səhnələşdirilməsi halı birinci dəfə idi ki, baş verirdi.

Tamaşadan bir gün əvvəl, martın 6-da saat 10:00-dan 13:00-dək British Council YARAT ilə birlikdə əlilliyi olan insanların çalışdığı təşkilatlar və əlilliyi olan şəxslər üçün Birləşmiş Krallıq və Azərbaycan təcrübələrini bölüşmək və inklusiv mədəniyyət mövzusunda gələcək addımları müzakirə etmək məqsədilə seminar və dəyirmi masa təşkil edəcək, eləcə də "Candoco"  xoreoqrafları tərəfindən yerli aktyor və rəqqaslar üçün ustad dərsləri keçiləcəkdir. Tədbir incəsənət və vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən təşkilatlar üçün şəbəkələşmə imkanı təqdim edəcək. Tədbirdə dövlət qurumlarının nümayəndələri, əlillik və sosial inkluzivlik sahəsində çalışan yerli və milli təşkilatlar, rəqs və teatr nümayəndələri, təhsil müəssisələri, nüfuzlu şəxlər və potensial sponsorlar iştirak edəcəklər.

Candoco tamaşaları üçün biletlərin qiyməti 6 AZN-dir. Biletləri Bakı şəhərinin kassalarından əldə edə bilərsiniz. 

7 mart 2017-ci tarixində, saat 11:00-da Azərbaycan Dövlət Akademik Dram Teatrında Azərbaycan media nümayəndələri üçün Candoco rəqs ansamblı üzvlərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.