Boston kollecinin rektoru və baş icraçı direktoru Co Maher Birləşmiş Krallıqda peşəkar yarışların tələbələr və işçilər üçün niyə bu qədər vacib olmasını izah edir.

Bütün müəssisələr və təşkilatlar fəaliyyət sahələrindən asılı olmayaraq rəqabətə meyllidir. Güclü müəssisələr rəqabətədavamlı düşüncə tərzinə malik insanları işə götürərək mənfəət əldə etmək, məhsulu bazara hamıdan öncə təqdim etmək, ən yüksək keyfiyyətli və ya ən yaxşı xidmətləri təmin etmək uğrunda mübarizə aparır. Bu səbəbdən də, Ofsted in məlumatlarının WorldSkills Birləşmiş Krallıq təşkilatı tərəfindən təhlili zamanı, peşəkar yarışları keçirən və belə yarışlarda iştirak edən kolleclərin bunu etməyən kolleclərlə müqayisədə təhsil üzrə daha yaxşı nəticələr əldə etməsinin meydana çıxması heç də təəccüblü deyil.

Peşəkar yarışlar tələbələrin məşğulluq üçün vacib olan bacarıqları inkişaf etdirməsinə kömək edir: 

  • effektiv komanda işi
  • ünsiyyət bacarıqları
  • problemləri həll etmək qabiliyyəti və 
  • iş vaxtının planlaşdırılması. 

Peşəkar yarışlar tələbələrin gələcək karyerası üçün faydalı olan özündənəminlik və əlaqə qurmaq bacarığını da inkişaf etdirir. Qeyd etmək lazımdır ki, yarışların bilik və bacarıqların inkişafı üçün təmin etdiyi imkanlar tələbələrin səy tələb edən əlavə fəaliyyətlərdə iştirak edərək yüksək keyfiyyətli texniki bacarıqlarını təkmilləşdirməsinə yardım edir. Yarış mühiti mahiyyət etibarilə tələbələri səriştələrinin fövqündə duran keyfiyyətdə iş ortaya çıxarmağa təşviq edir. Tələbələrin təcrübə və bacarıqlarının inkişafına bu şəkildə şərait yaradılması onların sənaye standartlarına cavab verməyə qadir olduqlarını nümayiş etdirərək özündənəminlik qazanmasına imkan verir.

Boston kollecində tələbələrimiz peşəkar yarışlardan böyük fayda əldə edib, ən vacibi isə işçilərimiz bu yanaşmanın səmərəsini görüb. Multi-plumb şirkətinin direktoru Stiv Qarrardın sözlərinə görə: "Stajçımız yarışda iştirak edəndən sonra yeni bilik və bacarıqları daha həvəslə öyrənir. İndi, o, bacarıqlarından daha əmindir və məlum olub ki, onun bacarıqları düşündüyündən daha yüksək səviyyədədir. Artıq ona daha fərqli işlər həvalə etmək və daha yüksək standartlı işləri görməyi etibar etmək mümkün olduğundan, bu, şirkətimiz üçün də faydalı olub." İşəgötürənlər üçün ən vacib amil tələbələrin motivasiyasının artması və müvəffəqiyyətsizliklərdən sonra bərpa olaraq daha yüksək əminlik və səbatla yoluna davam etməsidir. Bu keyfiyyətlərə malik olan əməkdaşlar istənilən sahədə arzuediləndir.

Ofsted Təhsil, Uşaq xidmətləri və Bacarıqlar sahəsində Standartlar üzrə Komitədir. Komitə istənilən yaşda olan şagirdlər üçün təhsil və biliklər təmin edən xidmətlərin yoxlanılması və tənzimlənməsi ilə məşğuldur. 

WorldSkills Birləşmiş Krallıq gənclərin karyeralarında daha yüksək mövqelərə nail olmasına, işəgötürənlərin ən çox tələb etdiyi bacarıqları əldə etməsinə kömək edən təşkilatdır. Təşkilatın fəaliyyət dairəsinə peşəkar yarışlar və peşə təhsilinin üstünlüklərini nümayiş etdirən digər irimiqyaslı təşəbbüslər daxildir.

Əlaqəli linklar