Böyük infrastruktur layihələrinin uğur qazanması üçün səriştəli işçilər lazımdır. SEMTA-nın (Elm, Mühəndislik və İstehsal Texnologiyaları Alyansı) siyasət və ictimai işlər üzrə rəhbəri Stefen Hous bu qeyri-kommersiya təşkilatının Britaniyanın sülh dövründə ən böyük sərmayə qoyuluşlarından birinin uğur qazanması üçün necə işlədiyini təsvir edir.

Birləşmiş Krallığın Pestisidlərlə bağlı Fəaliyyət Şəbəkəsinə daxil olan SEMTA Britaniya millətləri və regionlarının səriştə sistemlərində ardıcıllıq və uyğunluğun saxlanmasına kömək edir. Misal üçün, biz mühəndislik və istehsal sahəsində vəzifə öhdəliklərində hansı səriştələrin lazım olmasını müəyyən edən Milli Məşğulluq Standartları və Yanaşmaları üçün məsuliyyət daşıyırıq. 

Birləşmiş Krallığa daxil olan dörd ölkəni əlaqələndirən amillərdən biri işəgötürənlərin səriştələrin formalaşdırılmasında oynadığı mühüm rol və onların yerli kolleclərlə yaxın əlaqələridir. SEMTA-nın təmsil etdiyi qabaqcıl istehsal və mühəndislik (AME) sektorunda bu əlaqələr çox vaxt uzun tarixə malik olur. Hətta bəzi hallarda işəgötürənlər kollecin təsis edilməsində birbaşa iştirak edir və beləcə müəssisələrini istedadlarla, yerli sakinləri isə yaşadıqları yerdə iş tapmaq kimi gözəl imkanla təmin edir. 

Misal üçün, National College for High Speed Rail (Yüksəksürətli dəmiryolları üzrə milli kollec) HS2 yüksəksürətli dəmiryol xəttinin gələcəkdə istismara buraxılması ilə əlaqədar olaraq yaranmış problemin yerli kadrların hesabına həll edilməsi üçün açılmışdır*. Kollec dəmiryol şəbəkəsində istifadə edilən avadanlıqlara indiyə qədər görülməmiş çıxış imkanı təklif edir. Avadanlıqların çoxu, o cümlədən ultra-müasir 3D lazer skanerləri və robotları olan yeni laboratoriya kollecə dəmiryol sənayesi tərəfindən bağışlanmışdır. Avadanlıqlar dəmiryol sənayesi tərəfindən bağışlandığı üçün, kollecdəki təlim tələbələrin yalnız bu gün üçün deyil, dəmiryolu sənayesinin gələcəyi üçün də müvafiq səriştə və təcrübəyə malik olacağını təmin edir. 

Şotlandiyada hökumət işəgötürənlərin namizədlərin STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) bacarıqlarından məmnunluğunu artırmaq üçün işəgötürənlər və təhsil müəssisələri arasında əməkdaşlığın artırılmasını prioritet məsələ elan etmişdir. SEMTA yaxın keçmişdə şotland kolleclərinin şotlandların enerji sektorunda səriştələrini artırmaq üçün yaradılmış birliyi "Energy Skills Partnership" (Enerji Bacarıqları Tərəfdaşlığı) ilə Anlaşma Memorandumu imzalamışdır. Bu, kolleclərin işçilərinin bu sahəni daha yaxşı başa düşməsi üçün Davamlı Peşəkar İnkişaf (CPD) imkanları təmin edəcək. 

SEMTA-nın STEM Alyansının qiymətləndirilməsi haqqında hesabatına görə, STEM prinsiplərini tətbiq edən mütəxəssislər ildə sadəcə beş gün davamlı peşəkar inkişafa nail olmuşdur və STEM təlimi təmin edən təşkilatların yalnız 10%-nin işəgötürənlərlə istehsalat təcrübəsinin razılaşdırılması üçün əməkdaşları var. Bu səbəbdən də, biz sənaye ilə təhsili bir araya gətirən STEM Exchange proqramını hazırladıq. Biz inanırıq ki, işəgötürənlərlə kolleclər arasında müsbət qarşılıqlı əlaqələr tələbələr üçün daha yaxşı imkanların yaradılmasına və STEM bacarıqlarının təkmilləşməsinə aparacaq, buna görə də, bunun üçün əlimizdən gələni etməyə davam edirik.

* HS2 2026-ci ildə Londonla Birminhem, daha sonra isə 2032-ci ildə Lids və Mançester şəhərləri arasında işləyəcək yüksəksürətli yeni dəmiryol xəttidir.  Bura yeni dəmiryol relsləri və stansiyaları daxil olacaq.

Əlaqəli linklar