İstehsalat təcrübələri Birləşmiş Krallıqda iqtisadiyyat üçün həyati əhəmiyyətə malik olan mühəndislik sahəsi üzrə kvalifikasiyaların artırılması üçün mükəmməl üsuldur. Burada Şimal Şərq regionunun ən nüfuzlu biznes rəhbərlərindən biri, "Ford Engineering" şirkətinin sədri Cef Ford MBE istehsalat təcrübələrinin onun uğurlu şirkəti, mühəndislik sahəsi və ümumilikdə Şimal Şərq sənayesi üçün bu qədər vacib olduğunu şərh edir.

İngiltərənin Şimal Şərq hissəsi qabaqcıl istehsalat mərkəzidir. Ford Engineering, Nissan, Siemens, Hitachi kimi şirkətlərin vətəni, sürətlə inkişaf edən kiçik şirkətlərin ev sahibi olan region bütün dünyada tələbat olan dəyərli məhsulların istehsalı sahəsində ön sıradadır. 

İstehsalat təcrübələri bu görkəmli uğur hekayəsinin əsas hərəkətverici qüvvələridir. Onlar çox sayda şirkətin yeni bacarıqları işə cəlb etməsinə - nəticədə daha məhsuldar və rəqabətə davamlı olmasına imkan verib. 

Odur ki, təlim təşəbbüsümüzü həyata keçirmək üçün Geytshed Kolleci ilə əməkdaşlığa başlamışıq. Gənclər frezer və tokar dəzgahlarından istifadə etməkdən kompüter əsaslı dizayn texnologiyası (CAD) vasitəsilə maşınqayırma təsvirlərinin yaradılmasına qədər istehsalat təcrübəsinə başlamaları üçün ehtiyacları olan bacarıqları onlara qazandıracaq intensiv təcrübə keçmək şansı qazanır. Onlar eyni zamanda sexdə sağlamlıq və təhlükəsizlik tədbirlərini, mühəndislik tapşırıqları üçün hazırlaşmağı, eləcə də riyazi hesablamalar aparmağı və qaralama hesabatlar hazırlamağı da öyrənir. Proqramın əsas elementi təlim iştirakçılarının işəgötürənlərin gənc işçilərindən nə gözlədiklərini tam şəkildə anlamalarını təmin etməklə onları "işə hazır" vəziyyətə gətirməkdir. Bütün bunlar onların istehsalat təcrübəsinə başlayan zaman tam hazırlıqlı olduqlarını göstərir.

Təbii olaraq, tədrisimiz bizə hazır kadrlar verdiyi üçün ondan faydalanırıq - ancaq bu, bütün regiondakı mühəndislik firmalarının faydalanması üçün nəzərdə tutulub. Belə ki, proqram Şimali Şərqdə mövcud olan yeganə bu cür təlim proqramıdırvə yeni bacarıqların axınına ehtiyacı olan istehsal sənayemizə müsbət dəyişikliklər gətirə bildiyimiz üçün çox qürurlanıram. 

Ancaq hələ çox iş görülməlidir. Şirkət və kolleclər gənclərdə istehsalat və mühəndislik karyeraları haqqında məlumatlılıq formalaşdırmaq üçün məktəblərlə işləməlidir. Müəllim və mühazirəçilər öz proqramlarını işəgötürənlərin ehtiyaclarına daha çox uyğunlaşdırmalıdır. Region olaraq özümüzü daha yaxşı təqdim etməli və dünyaya istehsal imkanlarımız haqqında məlumat verməliyik. Hökumət ixtiyari istehsalat təcrübəsi hədəfləri təyin edərkən təlimin keçirilmə keyfiyyəti məsələsinə daha çox diqqət yetirməlidir. 

Bütün bunlara baxmayaraq, İngiltərənin Şimal Şərqinin öyünəcək çox şeyi var. Yerli gənclərin bizim təlimimizi tamamlayıb uğurlu mühəndislik karyeralarına başladıqlarını görmək şəxsən məni çox məmnun edir. Keçən sentyabr təlimə başlayan iştirakçılar qrupunun üçdə ikisi yerli gənclərdir. Biz yerli insanlar üçün yerli işlər təmin edirik və bu, məni, həqiqətən, çox qürurlandırır. 

Geytshed Kolleci ilə tərəfdaşlığımız proqramın müvəffəqiyyət qazanmasına təkan verib. Onlar oxşar düşüncəli təşkilat kimi şirkətimizin və mühəndislik sahəsinin ehtiyaclarını həqiqi mənada anlayır və dəyişiklik yaratmaq üçün operativ şəkildə işləməyə hazır idilər. Bu cür proqramlar sahənin gələcəyini qorumağa, iqtisadiyyatı canlandırmağa və daha çox gənci iş dünyası üçün hazırlamağa kömək edəcək.

Yeganə peşmanlığım bu təlimlərə daha tez başlamış olmamağımdır. Bu iş yerli cəmiyyətə borcumuzu müəyyən dərəcədə qaytarmaq və regionun istehsalat sahəsinin qabaqcıl olmasına kömək etmək üçün mükəmməl vasitədir.

Əlaqəli linklar