Azərbaycan Respublikasında texniki peşə təhsili

Azərbaycanda texniki peşə təhsili sisteminə maraq aşağı səviyyədədir. İnkişaf etmiş ölkələrdə məzunların 40-60 faizi ümumi orta təhsildən sonra ilkin texniki peşə təhsili müəssisələrinə daxil olduğu halda, Azərbaycan üçün bu göstərici 11 faizdir. Ölkədə 5500 nəfərdən artıq işçi heyətinə malik olan 116 dövlət və iki özəl texniki peşə məktəbi və kolleci fəaliyyət göstərir. Bu məktəb və kolleclərin qeydiyyatdan keçmiş və 150-dən artıq müxtəlif fənn və ixtisas üzrə təhsil alan 23,800-dən artıq tələbəsi var.

Azərbaycanda ilkin texniki peşə təhsili sistemində bir çox problemlər mövcuddur. Texniki peşə məktəbləri və kolleclərində tədris olunan proqramlar əksər hallarda eyni olur və proqramlar təkrarlanır. Digər mövcüd problemlərdən biri də  bir çox təhsil müəssisələrinin əsasən qaçqın və məcburi köçkün ailələrinin yaşadığı yerə çevrilməsidir. İlkin peşə təhsili müəssisələrinin binaları olduqca köhnəlmiş vəziyyətdədir və dövlət büdcəsindən maliyyələşmə mexanizmləri qeyri-müəyyəndir. Məktəb və kolleclərdə istifadə edilən dərslik və tədris planları çox vaxt müasir tələblərə cavab vermir.

Münasib maliyyələşmə mexanizmlərinin və əlaqədar hüquq normalarının, eləcə də təhsil müəssisələrinin fəaliyyətləri üçün qabaqcıl monitorinq və qiymətləndirmə mexanizmlərinin olmaması və işçi heyətinin təlim səviyyəsinin qeyri-müəyyən olması da problemlər arasındadır. Bir çox hallarda müxtəlif sahibkarlıq tiplərinə aid olan müəssisələrlə texniki peşə təhsili müəssisələri arasında əlaqələrin zəif olması, ümumi təhsil müəssisələrində peşə təmayüllərinin olmaması və təhsil müəssisələrinin əmək bazarının ehtiyaclarına cavab verə bilməməsi kimi problemlərlə də qarşılaşılır.

Problemlər Təhsil Nazirliyinin səlahiyyət dairəsini aşır.  Başqa hökumət və qeyri-hökumət təşkilatlarının da texniki peşə təhsili sisteminin yenidən təşkil edilməsi işinə kömək etməsinə ehtiyac duyulur. 

Azərbaycandakı dövlət və özəl ilkin texniki peşə təhsili müəssisələrinin qarşılaşdığı problemlərin hərtərəfli analizi sistemdə böyük dəyişikliklərə ehtiyac olduğunu göstərir. Azərbaycan sürətlə dəyişən əmək bazarı ehtiyaclarına cavab verə bilmək üçün uğurlu, iqtisadi baxımdan dayanıqlı və stabil texniki peşə təhsili sistemlərinə sahib olan aparıcı ölkələrin təcrübələrindən istifadə etməlidir.

Bizim rəyimizcə, Azərbaycan tez bir zamanda əmək bazarının tələblərinə cavab verə bilmək üçün yeni və daha cəlbedici ilkin texniki peşə təhsili sistemi imici formalaşdırmalıdır. Hazırda məzunlarla əmək bazarının tələbləri arasında kəmiyyət və keyfiyyət baxımından böyük uçurum var. Bu addım ölkənin müasirləşdirilməsinə və beynəlxalq müstəvidə rəqabətə davamlılığının təkmilləşdirilməsinə kömək edəcək. Yeni texnologiyaların yaradılması və enerjiyə qənaət, alternativ enerji və yaşıl texnologiya daxil olmaqla texnoloji və ekoloji istehsal tələbləri baxımından tələb olunan iqtisadi və sosial dəyişiklikləri sürətləndirən innovasiyaların təqdim edilməsi də bu addımın tərkib hissələri olmalıdır.

Tədris prosesini müasirləşdirmək üçün texniki sahə üzrə lazımi bacarıq və biliklərə malik olan daha çox müəllim yetişdirilməlidir. Səmərəsizliyin və ancaq özəl sektorun inkişafının dəstəklənməsinin qarşısını almaq üçün dövlət texniki peşə təhsili sistemi səmərələşdirilməlidir. 

Müasirləşdirmə təkmilləşdirilmiş hüquq normaları vasitəsilə müasir tələblərə, texniki peşə təhsili işçilərinin təkmilləşdirilmiş tədris prosesinə, maliyyə dəstəyi və maddi-texniki təminatın təkmilləşdirilməsi, eləcə də təkmilləşdirilmiş idarəetmə strukturlarına əsasən həyata keçirilməlidir.

Təkmilləşdirilmiş hüquq normaları əsasında Texniki Peşə Təhsili haqqında Azərbaycan Respublikasının Qanunu hazırlanmalı və qəbul edilməli; texniki peşə təhsili ilə əlaqədar uzunmüddətli hökumət proqramı yaradılmalıdır. Buraya həmçinin Azərbaycan Respublikasının ömür boyu öyrənməklə əlaqədar milli kvalifikasiya strukturunun təsdiq edilməsi; əmək bazarının tələbləri əsasında ilkin texniki peşə təhsilinə daxil olan ixtisasların yeni təsnifatının hazırlanması və təsdiq edilməsi daxil olmalıdır. 

Özəl texniki peşə təhsili müəssisələrini həvəsləndirmək üçün hüquqi normalara; modul əsaslı texniki peşə təhsili sisteminə keçidə nail olmaq üçün müvafiq tənzimləmələrin hazırlanmasına ehtiyac var.

Təhsil müəssisələri hökumət və qeyri-hökumət təşkilatları, eləcə də işə götürənlərlə birlikdə yeni texniki peşə təhsili standartlarına uyğun olaraq bacarıqlara əsaslanan nəticə yönümlü tədris planı hazırlamalıdır. Onlar dərslikləri yeni texnologiyalardan istifadə etməklə hazırlamalı; rəsmi təhsillə (təhsil haqqında dövlət sertifikatları və diplom verən) yanaşı könüllü (öz-özünə təhsil alma yolu ilə) və qeyri-rəsmi qaydada (təhsil haqqında dövlət sertifikatları və diplom verilmədən müxtəlif kurslar və fərdi dərslər vasitəsilə) əldə edilən bacarıqların tanınması üçün də metodologiya yaratmalıdırlar. Beynəlxalq təşkilatlar tərəfindən tanınan təhsil sənədlərinin yaradılmasına və ümumi təhsil sahəsində şagirdlər və onların valideynləri üçün peşə təmayüllərinin formalaşdırılmasına ehtiyac var.

İlkin texniki peşə təhsili sistemində çalışan əməkdaşların təkmilləşdirilmiş tədris, təkrar tədris və professional irəliləyiş proseslərindən keçmələrinə, maddi baxımdan daha yaxşı motivasiya olunmalarına, eyni zamanda texniki sahə üzrə müəllimlər üçün fəaliyyətlərinin qiymətləndirilməsi yolu ilə dərəcələr üzrə və rəqabətə əsaslanan əmək haqqı miqdarlarının yaradılmasına ehtiyac var.

Texniki peşə təhsili sisteminin dəyişməsi üçün  digər mühüm sahə maliyyə dəstəyi və maddi-texniki təminatın təkmilləşdirilməsidir. Biz çoxmənbəli maliyyə sxemləri tətbiq etməli və təhsil müəssisələrinin özlərini maliyyələşdirməsi yolu ilə, müvafiq hökumət fondlarından və beynəlxalq dəstək proqramlarından səmərəli şəkildə istifadə edərək ilkin texniki peşə təhsili müəssisələrinin maddi-texniki təminatını qismən təkmilləşdirməklə büdcədənkənar vəsaitlərin əldə edilməsinə nail olmalıyıq.

Qeyd olunanlar nəzərə alınaraq hökumətin bu istiqamətdə siyasətini tətbiq etmək və ilkin texniki peşə təhsili sisteminin idarə edilməsi prosesinin təkmilləşdirilməsi üçün Təhsil Nazirliyində Texniki Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmışdır. Bu yeni təhsil müəssisəsi sayəsində eyni regionlarda eyni ixtisaslar üzrə təhsil verən ilkin texniki peşə təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulmuşdur. Bu addım eyni zamanda regional, sosial və iqtisadi inkişaf perspektivlərini nəzərə alaraq mövcud fondlardan, maddi-texniki təminatdan və texniki sahə üzrə təhsil almaq imkanlarından daha səmərəli şəkildə istifadə etməklə ilkin texniki peşə təhsili müəssisələri şəbəkəsinin səmərələşdirilməsinə kömək edəcək. 

Son məqsəd Azərbaycanda texniki peşə təhsili sahəsinin imicini tam dəyişərək bu sahə üçün təkmilləşdirilmiş hüquqi və iqtisadi əsasların, eləcə də tədris əsaslarının yaradılmasına nail olmaqdan ibarətdir. Buraya dövlət və özəl sektor arasındakı əməkdaşlığa əsaslanan idarəetmə sistemi, ilkin texniki peşə təhsili müəssisələri və kolleclərinin səmərələşdirilmiş şəbəkəsi və ilkin texniki peşə təhsili sisteminin yeni iqtisadi model əsasında maliyyələşdirilməsi daxildir. Texniki sahədə daha yaxşı yetişdirilmiş müəllimlərin olması Azərbaycanda əmək bazarının tələblərinə cavab verən və ölkənin iqtisadi ehtiyaclarını ödəməyə qadir olan təhsilli işçi qüvvəsinin meydana gəlməsi ilə nəticələnəcək.