Müsahibə: Con Mauntford

Son illərdə Birləşmiş Krallıq kollecləri ciddi dəyişikliklər dövrü yaşayıblar, demək olar ki, ardı-arası kəsilməyən ixtisarlardan keçiblər və əhəmiyyətli maliyyə azaltmalarına məruz qalıblar. Bunların heç biri yalnız Birləşmiş Krallqda yaranmış vəziyyət deyil, hamısı başqa ölkələrdə də yaşanan haldır.

Həmsöhbətimiz – Kolleclər Assosiasiyasının beynəlxalq əlaqələr üzrə direktoru Con Mauntforddur. 20 ildən artıq iş təcrübəsi olan Con mövzuya aid qiymətsiz fikirlər səsləndirir və irəliləmək üçün yol axtarışlarını müzakirə edir.

BK kollecləri bu problemləri necə qarşilayirlar?

Adama elə gəlir ki, müasir dünyada sabit bir şey varsa, o da, sözümdə görünən istehzaya baxmayaraq, dəyişiklikdir. Birləşmiş Krallıq kollecləri sıyıqlaşmış daxili siyasət və maliyyələşmə mühitində fəaliyyət göstərməli olublar. Ancaq, sektorumuz bu problemləri mətinlik və məsuliyyətlə qarşılayır. Biz elə bir sektoruq ki, dəyişkliklər sınağından mətanətlə çıxırıq və sonucda, kolleclər çevik davranıb siyasətin döndərmələrinə tez uyğunlaşırlar. Təsisat səviyyəsində kolleclər muxtariyyət modeli ilə idarə olunur, bu da ki, hər bir dəyişikliyə praqmatik və çevik cavab tapmağa kömək edir. Bu, həm də, elə bir modeldir ki, ictimai sektorun məsuliyyət hissi və vəzifə borcu kimi dəyərlərinə söykənərək, cəmiyyətin sahibkarlıq ruhunu və uyğunlaşma qabiliyyətini artırır. Bu elə bir modeldir ki, dəyişən tələblər ortaya çıxdıqca, onların müasir çözüm yollarını da görməyə xidmət edir.

Kolleclər assosiasiyasinin beynəlxalq əlaqələr üzrə direktoru olaraq, siz peşə-ixtisas təhsilinin təşkil etdiyi mənzərəni tam şəkildə seyr edə bilirsiniz. Fikrinizcə, birləşmiş kralliqda koleclərin önəmini və xüsusi rolunu təmin edən nədir?

Kollec idarəçiliyinin müstəqil, çevik və mühitə uyğunlaşan modeli Birləşmiş KrallIq kolleclərinə iqtisadi meyillər və biznes sektorunun tələbatı ilə ayaqlaşmağa imkan verir. Biz işəgötürənlərin etibar etdiyi keyfiyyətlərə və biznes sektorunun müəyyən etdiyi standartlara əsaslanan proqramlar tətbiq edirik. Tələbələrimizin növbəti addımı istər işə girmək olsun, istərsə də təhsili davam etdirmək – onların həmin addımı atmağa hazır olmasına əmin olmaq üçün kolleclər təhsilin keyfiyyətinə böyük önəm verirlər. Kolleclər biznes və hökumət təsisatları ilə sıx əməkdaşlıq qurur və bu yolla öz tələbə şəhərciklərinin bugünkü iş yerlərinə uyğun müasir avadanlıqla təchiz olunmasını təmin edirlər. Birləşmiş Krallığın kollec sektoru ikili peşəkar qüvvəsinə bel bağlayaraq, təcrübəli texnika mütəxəssislərinə müəllim olub dərs deməyi öyrədirlər. Kolleclər öz tələbələrinə, işləmək üçün onlara tələb olunacaq və işə düzəlmək üçün onlara ömürboyu lazım gələcək müvafiq texniki-peşə bacarıqlarını öyrətmək üçün əllərindən gələni əsirgəmirlər. O cümlədən, hərtərəfli hazırlıq, sahibkar düşüncəsini və qlobal miqyasda tətbiq olunan bacarıqları aşılayan fənlərin tədris planına daxil olunmasını təmin edirlər.

BİLİRSİNİZ Kİ, ƏMƏK BAZARINDA KEÇİRİLƏN MÜŞAHİDƏLƏRƏ GÖRƏ, GƏNCLƏR ARASINDA İŞSİZLİYİN SƏVİYYƏSİ YÜKSƏKDİR. BUNUNLA YANAŞI, İŞƏGÖTÜRƏNLƏR GİLEYLƏNİRLƏR Kİ, TƏLƏB OLUNAN PEŞƏLƏR ÜZRƏ MÜTƏXƏSSİS TAPMAQ ÇƏTİNDİR. BK-da PEŞƏ-İXTİSAS TƏHSİL MÜƏSSİSƏLƏRİ CARİ MÜTƏXƏSSİS TƏLƏBATINI NECƏ NƏZƏRƏ ALMAĞI PLANLAŞDIRIRLAR?

Kolleclər işəgötürənlərlə sıx əməkdaşlıq edərək, əmək bazarında tələb olunan peşələr üzrə tələbələrə təlim keçdiklərinə əmin olmağa çalışırlar. Tədris planı səviyyəsində beynəlxalq dərs proqramlarını elə tərtib etmək olar ki, tələbələr həm oxusun, həm də işləsinlər. Hazırda tələbələrin təcrübə keçməsinə yetirilən diqqət bu cür yanaşmanın bariz nümunəsidir. Əməkdaşlıq sistem səviyyəsində qurula bilər, biznes sektoru tərəfindən müəyyən olunmuş standartları təmin edən xüsusiyyətlər də, tədris planı da nəzərə alınmaqla; eləcə də yerli və regional səviyyədə – YSB-lərlə (Yerli Sahibkar Birlikləri / Local Enterprise Partnerships – LEP) əlaqə yaratmaqla. Kolleclərin təsisatlarla qurduğu əməkdaşlıq qədər də sıx əlaqələri bilavasitə işəgötürənlərlə qurulmuşdur. İşəgötürənlərin iştirakı kolleclərin idarə olunmasında da, tələb olunan proqramların hazırlanmasında da, hansı peşələrə tələbatın olduğunu müzakirə etmək məqsədilə toplantıların müntəzəm keçirilməsində də müstəsna rol oynayır. Kolleclər sadəcə biznes sektorunun tələbatını cavablandırmaqla kifayətlənməyib, əmək bazarının meyillərini anlayıb onlarla ayaqlaşmaq işində fəal olmaqda qərarlıdırlar.

Siz bir çox xarici tərəfmüqabil ilə əməkdaşliq edirsiniz. BK-nin özündə, eləcə də qlobal miqyasda götürdükdə, hal-hazirda tptt-də nə kimi meyillər müşahidə olunur?

İşəgötürənlərin ehtiyaclarını əks etdirən və tələbələrin işə düzələ bilməsi üçün onlara gerçəkdən lazım olan bacarıqları aşılayan proqramların tətbiq edilməsi yolu ilə TPTT ilə biznesi bir-birinə yaxınlaşdırmaq kimi get-gedə artan bir meyil mövcuddur. Yəni, TPTT qurumları hökumətin birbaşa nəzarətindən uzaqlaşaraq, daha çox müstəqil idarəçilik modelinə yaxınlaşırlar, bu da TPTT fəaliyyəti ilə məşğul olanlara işə daha çevik və həssas yanaşmağa imkan verir. Qloballaşmanın nəticəsi olaraq, TPTT-nin təlim və peşə kurslarını təbliğ edib ölkədən-ölkəyə köçürməyə imkan yaradan beynəlxalq modellərə tələbat artır. Həmçinin, bilikli iqtisadiyyata nəfəs verməyə qadir olan, ali təhsil səviyyəsində keçirilən texniki-peşə təhsilinə qlobal tələbat artır, bu da peşə təhsili ilə akademik təhsil arasında duran bəzi ənənəvi sədləri əritməyə başlayır.

Ruh yüksəkliyi yaradan bir məqam, şahidi olduğunuz bir fakt – kollecdə gənclərin qazandiği biliklərin onlara necə gerçək fayda gətirməsi ilə bağli bir əhvalat danişa bilərsinizmi?

Məni daim ruhlandıran – kolleclərin öz tələbələrinin həyatını dəyişməyə qadir təsirə malik olmasıdır. Müəyyən bir hadisəni ayırıb misal kimi təqdim etmək çətindir. Ancaq bu yaxınlarda biz təhsildən, işdən və təlimdən hazırda kənarda duran tələbələrə müştərək diqqət göstərməyi hədəfə alan Avropa Şurasının bir layihəsini həyata keçirmişik. Kolleclərin heç bir çətinlikdən çəkinmədən cəmiyyətimizin bütün digər üzvləri ilə iş birliyi qurmaq naminə necə fədakarcasına səy göstərməyi məni, həqiqətən, heyrətə gətirib. Fərdi səviyyədə götürdükdə isə, mən kollecdə işləməyə başlayanda, BK-ya təzəcə köçüb-gəlmiş Kosova tələbələrinə dərs deyirdim və peşə məktəbləri olan kolleclər bu yeni gəlmələrin cəmiyyətimizə uyğunlaşmasına necə kömək etməsi məni xeyli ruhlandırırdı.

Fikrinizcə, bizim "peşə-ixtisas təhsili üzrə mübadilə" adli platformamizin peşə-ixtisas təhsili və təlimi sistemində çalişan müəllimlər üçün faydasi nədən ibarətdir?

Hər bir peşəkar üçün yoldaşlarından öyrənmək və öz biliklərini paylaşmaq imkanı onun inkişaf etməsinin olduqca önəmli tərkib hissəsidir. Britaniya Şurası vasitəsilə bunları qlobal səviyyədə etmək imkanı isə lap qiymətsizdir, ələlxüsus da ki, müasir dünyada. TPTT getdikcə qloballaşır. Biz öz tələbələrimizi getdikcə daha çox qlobal işəgötürənlərin iş yerləri üçün hazırlayırıq. Odur ki, TPTT peşəkarlarının sözügedən bu mübadilə kimi şəbəkələrə qoşularaq qlobal düşünməsi də çox vacibdir.