Tələbələr üçün dəstək komandası

Makedoniyada öyrənmə əngəlli tələbələr üçün dəstək komandası yaradılıb

Həvəsləndirici olsa da, bəzən belə qəbul edilir ki, yüksək səviyyəli tədbirlər, məsələn, konfranslar heç də həmişə davamlı əməkdaşlıq və ya fəaliyyətə gətirib çıxarmır. Ancaq Makedoniyada keçirilən konfrans Skopyedə yerləşən bir məktəbdə əlavə təhsil ehtiyacı olan tələbələrlə işləyən xüsusi komandanın yaradılması da daxil olmaqla regionda yerləşən çox sayda məktəbdə inklüziv təhsili təkmilləşdirmək üçün əməkdaşlıq layihəsi ilə nəticələnib.

2014-cü ildə British Council inklüziv təhsil məsələsini araşdırmaq üçün konfrans təşkil edib.

Konfrans Peşə Təhsili və Təlimi Mərkəzi, Makedoniya Təhsil və Elm Nazirliyinin tərəfdaşlığı ilə, eləcə də "Open the Windows" və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı tərəfdaşlarla birlikdə təşkil edilib. Siyasətçilər, eləcə də peşə təhsili və akademik təhsil üzrə mütəxəssislər konfransda yaxından iştirak ediblər.  

Növbəti il Skopyedə yerləşən və birinci konfransda iştirak etmiş peşə-ixtisas məktəbi "ASUC Boro Petrusevski" "British Council"a təkliflə müraciət etdi. Məktəb Makedoniyanın ən inklüziv məktəblərindən biri kimi tanınsa da, çətinliklərlə üzləşirdi və inklüziv təhsil təmin etmək imkanını təkmilləşdirmək istəyirdi. Məktəb Makedoniyada Avropa İttifaqının regional dəstək qrantı ilə maliyyələşdirilmiş altı məktəbdən biri idi və British Council-a üzləşdiyi çətinliklərin öhdəsindən gəlməkdə ona kömək etmək üçün əməkdaşlıq şəraitində işləmək təklifi ilə yaxınlaşmışdı. 

"Boro Petrusevski" gəldikləri mühitdən asılı olmayaraq bütün tələbələri təhsilə cəlb etmək istiqamətində fəaliyyət göstərən məktəbdir: məktəbə daxil olan tələbələrin əksəriyyəti - həm şəhər, həm də kənd yerlərinin əlverişsiz mühitlərindən gəlir; müxtəlif etnik qruplara mənsub olur və sosial baxımdan təcrid olunma riski ilə üzləşir; bəziləri isə məişət zorakılığına məruz qalır. İnklüziv təhsil sahəsində lider olmasına baxmayaraq "Boro Petrusevski" məktəbinin müəllimlərinin təhsil vermək üçün mübarizə apardığı tələbələr var idi. 

British Council məktəbə tərəfdaşlıq şəraitində kömək etmək məqsədilə tədris prosesini praktiki nəticələrə çevirmək üçün əvvəl müzakirə edilmiş ideyaların istifadə edilməsi məqsədilə ikinci iki günlük konfransı təşkil edib.

British Council 14 peşə-ixtisas məktəbinin, üç ibtidai məktəbin, bir xüsusi təhsil ehtiyacları məktəbinin və bir neçə universitetin nümayəndələrini bir yerə toplayıb.

Eyni zamanda Təhsil Nazirliyi və Əmək və Sosial Siyasət Nazirliyindən olan siyasətçilərin, eləcə də 12 qeyri-hökumət təşkilatının nümayəndələrinin iştirakı da təmin edilib. Birinci gün Birləşmiş Krallığın inklüziv təhsillə əlaqədar siyasət və təcrübələrini öyrənmək üçün konfransda 100-dən artıq şəxs iştirak edib. Digər məsələlərlə yanaşı konfransda diqqət əskikliyi problemi, hiperaktivliyi (ADHD) və disleksiya xəstəliyi olan, eləcə də sosial baxımdan təcrid olunma riski ilə üzləşən tələbələrə kömək etmək yolları da araşdırılıb.  

Konfransın ikinci günü daha məqsədyönlü idi. Daha az şəxsin iştirak etdiyi konfransda "British Council"ın iki konsultantı əlavə təhsil ehtiyacları olan tələbələri müəyyənləşdirmək və onlara kömək etməklə əlaqədar praktiki tövsiyələr verib. 

Konfrans nəticəsində "Boro Petrushevski" məktəbin üzləşdiyi çətinliklərlə məşğul olmaq üçün mütəxəssislərdən ibarət komanda yaratmaq qərarına gəlib. Komanda əlavə təhsil ehtiyacları olan tələbələrlə işləyəcək və konfransda müzakirə edilmiş ideyaları tətbiq etməyə çalışacaq. 

British Council ən yaxşı təcrübələri paylaşmaq və təhsildə dəyişiklik yaratmaq imkanlarını araşdırmaq məqsədilə "Boro Petrushevski" və Makedoniyanın digər məktəbləri ilə işləməyə davam edəcək. 

Konfransda müzakirə edilmiş ideyaların bəzilərini daha geniş auditoriya ilə paylaşmaq ümidi ilə konsultantlarımız tərəfindən istifadə edilmiş resursu daxil edirik: on əsas məsləhət - inklüziv təhsil və təlim üçün struktur. Ümid edirik ki, bu resurs bütün tələbələrinizin ehtiyaclarını ödəmək yolları haqqında düşünmənizə kömək edəcək. 

Bu məqalə haqqında rəy bildirmək istəyirsinizsə, zəhmət olmasa VEE@britishcouncil.org ünvanına məktub göndərin və müzakirəyə qoşulun. Öz məqalənizi göndərmək istəyirsinizsə, necə edəcəyinizi buradan öyrənin.