Futbol üzrə premyer liqa məhdud imkanlı tələbələri cəlb edir

Birləşmiş Krallıqda təhsil üzrə xeyriyyə təşkilatı sosial baxımdan əlverişsiz mühitlərdən gəlmiş tələbələri peşə təhsilinə cəlb etmək məqsədilə premyer liqanın futbol klubları ilə birləşib.

İdman və Biznes vasitəsilə Liderlik (Leadership Through Sport & Business (LTSB)) təşkilatı Birləşmiş Krallığın aztəminatlı ailələrinin məskunlaşdığı ərazilərindən olan 16-24 yaşlı məktəb məzunlarına mühasibat, biznes və maliyyə kimi karyera istiqamətləri üzrə təhsil almaq imkanı verir. 

Xeyriyyə təşkilatı tələbələri Chelsea, West Ham və ya Aston Villa kimi futbol klublarına cəlb etməklə onlar üçün nüfuzlu şirkətlərdə iş üzrə təcrübə keçmək imkanını yaradır.   

Proqramın direktoru Kerolayn Adeyr,  - "Futbol bir növ qarmaq rolunu oynayır", - deyə bildirir.

"Tələbələrimizin çoxu üçün yoldaşlarından uzaqlaşıb təhsillərini davam etdirmək çətindir". Premyer liqanın klubları ilə işləmək şansı gəncləri yalnız həvəsləndirmir, eyni zamanda onlara qərarlarını başqalarına izah etməkdə köməklik edir.

Seçilmiş tələbələr dörd aylıq işə hazırlıq mərhələsi ilə başlayan 16 aylıq proqrama qəbul edilir. Bu müddət ərzində tələbələr həftədə üç gün kollecdə Mühasib Texnikləri Assosiasiyasının (AAT) 2-ci səviyyə kvalifikasiyasını almaq üçün təhsil alır, digər günlərdə isə LTSB və futbol klublarının fondları onlar üçün təkmilləşdirmə məşğələləri, eləcə də işə düzəlmə bacarıqlarının və həyati bacarıqların öyrədildiyi təlimlər keçir, tələbələr eyni zamanda İdman Liderliyinin və Futbol Assosiasiyasının (FA) 1-ci səviyyə məşqçilik kvalifikasiyasını əldə etmək imkanı qazanır. Bunun ardınca tələbələr həftədə bir gün kollecin dərslərində, eləcə də LTSB-nin fərdi və peşəkar inkişaf sessiyalarında iştirak etməyə davam etməklə, eyni zamanda asudə vaxtlarında futbol klublarının fondlarında könüllü kimi fəaliyyət göstərməklə AAT-də bir illik ödənişli 3-cü səviyyə istehsalat təcrübəsinə başlayırlar.

Tələbələr futbol klublarının fondlarındakı işlərinin bir hissəsi kimi uşaqlar və gənclər üçün məşqçilik sessiyaları planlaşdırır və keçirir, bəziləri isə onları Birləşmiş Krallığın şəhərlərinin yoxsul ərazilərində məşğələlər təşkil etməyə göndərən "Premyer liqanın zərbələri" (Premier League’s Kicks) proqramında iştirak edirlər. 

16 yaşında Qanadan Birləşmiş Krallığa köçmüş Adom Akuamoanın danışdıqları: 

"West Ham United" fondunda məşqçilik etməyi sevirəm. Uşaqlarla işləmək çox çətin olsa da, bu iş insanların qabiliyyətlərinə və özlərindən əminliklərinə diqqət yetirməyi tələb edir ki, mən də bu xüsusiyyəti öz işimə də tətbiq etməyə nail olmuşam.  

Proqram aztəminatlı ailələrdən olan şəxsləri işə düzəltmək təşəbbüsünün bir hissəsi olaraq tələbələrə peşəkar mühitlərdə özlərinə əmin olmaqda kömək edir. 

"Tələbələrimizin çoxu nəinki beynəlxalq bankların və ya mühasibat firmalarının ofislərində olmaq, heç qatarla yol getməyə belə alışmayıblar", - Kerolayn deyir, "Proqrama qoşulanların, demək olar ki, heç biri işə düzəlməyə hazır deyil". 

Proqram bu vəziyyəti dəyişməyə müvəffəqiyyətlə nail olub. 2012-ci ildən bu günə qədər 200-dən artıq tələbə proqrama qoşulub və kursu bitirənlərin 87 faizi hazırda işləməkdə və ya əyani təhsil almaqdadırlar. 

Proqramın məqsədi əsasən sosial yüksəliş imkanlarından məhrum olan insanlara kömək etməkdən ibarətdir. İştirakçıların üçdə iki hissəsi qaradərili və ya digər etnik azlıqlara mənsub olan şəxslərdir, eyni zamanda futbol və mühasibat kişilərin dominantlıq etdiyi sahələr olsa da, proqram gənc qadınları da cəlb etməyə çalışır. LTSB qadınların futbol və mühasibat sahələrində əldə etdiyi nailiyyətləri nümayiş etdirən və vurğulayan məruzəçilərlə məxsusi olaraq qadın tələbələr üçün tədbirlər təşkil edir. 

Qadın tələbə Atera Rəhmanın dedikləri: "Kursda ən bəyəndiyim elementlərdən biri qonaq məruzəçilər idi... Onların hər birinin ruhlandırıcı söhbətlərindən bir az nəticə çıxararaq öz həyatlarımıza tətbiq edə bilirdik". 

Proqramın direktoru ilə söhbət etdikdə aydın olur ki, LTSB öz işini komanda işi kimi qiymətləndirir və təsdiq edir ki, bütün tələbələr, xüsusən də, sosial baxımdan əlverişsiz mühitlərdən olanlar üçün bəzən əlavə təlimçi dəstəyinə ehtiyac ola bilər. Zərurət yarandıqda LTSB komandasının üzvləri çətin vəziyyətlərdə tələbələrə kömək etmək üçün kolleclərin və futbol klublarının fondlarının heyət üzvləri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. 

Alisa (adı dəyişdirilmiş şəkildə qeyd edilmişdir) proqram çərçivəsində təhsil almazdan əvvəl məişət zorakılığı yaşayıb. Onun söylədikləri: 

LTSB və "West Ham United" fonduna olduqca minnətdaram! Bu proqram mənim həyatımı dəyişdi, heç vaxt hazırda çalışdığım və eyni zamanda təhsil aldığım yerdə ola biləcəyimi ağlıma belə gətirə bilməzdim. Onlar yaxşı və pis zamanlarımda daim məni dəstəkləyib, əlimdən gələnin ən yaxşısını etməyə həvəsləndiriblər.

Proqram artıq London və Birminghemdən Mançesterə doğru genişlənib və artıq tələbələrə Manchester City futbol klubunun fondu ilə işləmək şansı təklif edir. Eyni zamanda növbəti illərdə başqa futbol klublarını da cəlb etmək və idmanın köməyi ilə daha çox gəncə kömək etmək planlaşdırılır.

Tələbələrin peşə təhsilinə cəlb edilməsi üçün idmandan istifadə etmək ideyası sizi ruhlandıra bildisə, idmanın riyaziyyat məsələləri ilə əlaqələndirildiyi misallara baxmaq üçün bura baxa bilərsiniz.

LTSB və onun proqramı haqqında daha ətraflı məlumat əldə etmək üçün təşkilatın veb-saytına daxil olun.

Bu məqalə haqqında rəy bildirmək istəyirsinizsə, zəhmət olmasa VEE@britishcouncil.org ünvanına məktub göndərin və müzakirəyə qoşulun. Öz məqalənizi göndərmək istəyirsinizsə, bunu necə edəcəyinizi buradan öyrənin.