Fiziki məhdudiyyətli tələbələr üçün imkanları artırır

"Peşə təhsili üzrə mübadilə" jurnalının əvvəlki nömrələrində iş yerlərində tədris edilən peşə hazırlığı kurslarının tələbələrə işə düzəlmək üçün hazırlaşmaqda necə kömək edə biləcəyinin araşdırıldığı bir sıra məqalələr dərc etdirmişik - məqalələrin linkləri bu səhifənin aşağısında verilib. Bu ay isə Foxes Akademiyasının xüsusi qayğıya ehtiyacı olan tələbələrin nəticələrinin inkişaf etdirilməsi məqsədilə bu yanaşmadan necə istifadə etdiyini təhlil edəcəyik. 

Foxes Akademiyası Somersetdə qaynar istirahət şəhərinin dənizkənarı hissəsində yerləşir. Akademiyanın coğrafi mövqeyi kommersiya oteli vasitəsilə müxtəlif xüsusi qayğıya ehtiyacı olan şəxslərə peşə təhsili proqramları təklif etmək üçün idealdır. 

Akademiya peşə kvalifikasiyası almağa çalışan tələbələri aşpazlıq, otelin idarə edilməsi və nömrələrə xidmət sahələrində iş təcrübəsi ilə təmin edir. O, tələbələrin işə düzəlmək imkanlarına xüsusi diqqət yetirməklə onları özlərinə inanmağa, müstəqil davranmağa və öz qərarlarına görə fərdi şəkildə məsuliyyət daşımaq bacarığına sahib olmağa həvəsləndirir.

Foxes Akademiyası əlilliyi olan tələbələrin təhsil və ya iş üzrə təcrübə nəticələrini dörd yolla inkişaf etdirir:

İş mühitində tədris

Foxes Akademiyası təhsil proqramlarını kommersiya otelinə əsaslandırmaqla tələbələrini kursa başladıqları andan iş üçün hazırlayır. İlk növbədə tələbələr yemək bişirmək və nömrələrə xidmət işlərini icra etmək kimi real məşğələləri təcrübədən keçirməyə həvəsləndirirlər.

İlkin mərhələdə tələbələr üçün yaxından dəstək tələb oluna bilər, ancaq bu dəstək müntəzəm şəkildə nəzərdən keçiriləcək və tələbələr bacarıqlarını inkişaf etdirdikcə tədricən azaldılacaq. 

İş mühitində tədris tələbələrin dərslərini praktiki vəziyyətlərə tətbiq etməsinə kömək edir. O, eyni zamanda müştəri şikayətləri ilə necə məşğul olmaq və səhvə yol verildiyi halda necə reaksiya vermək kimi daha həssas bacarıqlara yiyələnməkdə də tələbələrə kömək edir.      

"Biz tələbələrimiz üçün mükəmməl peşə təhsilinin ən vacib amilinin təlim prosesinin müştərilərin ictimaiyyətin nümayəndələri olduğu real iş mühitində keçirilməsi olduğuna inanırıq. Dəqiqlik, komanda işi, müştərilərlə maraqlanma və şəxsi görünüş kimi iş ideallarının və onların elementlərinin aşılanması tələbələrin kolleci bitirdikdən sonra işlərini saxlaya bilməsinə kömək edir", - maliyyələşdirmə və marketinq üzrə icraçı direktor Kerri Makkarti qeyd edir.  

Uyğun istehsalat təcrübəsinin təmin edilməsi

Bütün tələbələr akademiya çərçivəsində iş mühitində çalışmaqla yanaşı oteldən kənarda da istehsalat təcrübəsi keçir. Hər bir istehsalat təcrübəsi həm real olaraq əlçatan olmaq, həm də hər bir fərdin hədəfləri ilə əlaqələndirilmək baxımından tələbələrin ehtiyaclarına uyğunlaşdırılır. Məktəb tələbənin ehtiyac və istəklərinin işəgötürənin təklif edə biləcəyi təcrübə ilə uyğun olması məsələsində olduqca diqqətlidir.

Akademiya eyni zamanda istehsalat təcrübələrindən əvvəl və təcrübələr müddətində təlimat və dəstək təklif etməyə çalışır. Akademiya, işəgötürənlər və başqa təhsil verənlər arasındakı tərəfdaşlıq fəaliyyətinin oteldə təmin edilən təlim və təhsilə təsir göstərən işəgötürənlərin rəyləri və müşahidələri vasitəsilə həqiqi mənada əməkdaşlığa əsaslanmasına çalışılır.

Bacarıqlı personal

Bütün peşə təlimçiləri həm qonaqpərvərlik sənayesi, həm də aşpazlıq üzrə təcrübəyə sahib olmaqla yanaşı, eyni zamanda ixtisaslı davamlı təhsil müəllimləridir. Bu, o deməkdir ki, onlar otelin idarə edilməsi üzrə məlumat sahibidirlər: - onlar kollecin tətil günlərində oteldə işləməyə davam edirlər,- eyni zamanda digər bacarıqların öyrədilməsi ilə də məşğul olurlar. 

Təlimçilər bu sahədə lider hesab edilən təşkilatlara baş çəkmək və istehsalat təcrübəsi keçməklə sahə üzrə mövcud olan ən yaxşı təcrübələr haqqında məlumat əldə edirlər. Eyni zamanda təlimçilər müntəzəm surətdə sənətlərini təkmilləşdirmək, eləcə də akademiyaya yeni ideya və perspektivlər gətirmək məqsədilə milli konfrans və təlimlərdə iştirak edirlər.  

Tələbələrin sənaye ilə əlaqələndirilməsi

Akademiya tələbələrə kursa yazıldıqları müddətdə təhsil verməklə işini bitmiş hesab etmir, eyni zamanda onların sonradan işlə təmin olunması prosesini idarə etməyə də çalışır. Akademiya buna müxtəlif yollarla nail olur.   

Kollecin tətil günlərində tələbələr təcrübə keçmək üçün evlərinə yaxın yerlərdə iş tapmağa həvəsləndirilir. İş üçün müraciət etdikləri zaman tələbələrə dəstək göstərilir, hətta müsahibə bacarıqlarını təcrübədən keçirmələri üçün imkanlar da təmin edilir. Tələbələr kolleci bitirmək üzrə olduqda potensial işəgötürənlərlə daha formal əlaqələr yaradılır. 

Akademiya potensial işəgötürənlərlə əlaqələri inkişaf etdirməyə çalışır. Məsələn, konfrans və ya başqa tədbirlər təşkil etmək istəyən işəgötürənlər oteldən obyekt kimi istifadə etməyə həvəsləndirilir. Bu, işəgötürənlərin akademiyanın tələbələri tərəfindən təklif edilən yüksək keyfiyyətli xidmətə şahid olmasına imkan verir. Akademiya eyni zamanda hər il işəgötürənlərin əməkdaşlığını qeyd etmək üçün tədbir təşkil edir. 

Ofsted misalını tam şəkildə oxumaq üçün bura baxın. 

Foxes Akademiyası haqqında daha ətraflı məlumat əldə etmək üçün akademiyanın veb-saytına daxil olun. 

"Peşə təhsili üzrə mübadilə" jurnalının eyni mövzudakı digər məqalələri üçün baxın:

Bu məqalə haqqında rəy bildirmək istəyirsinizsə, VEE@britishcouncil.org ünvanına məktub göndərə və müzakirəyə qoşula bilərsiniz. Öz məqalənizi göndərmək istəyirsinizsə, bu barədə buradan öyrənin.