"Belfast Metropolitan" kolleci tələbələrin fikirlərinin nəzərə alınması istiqamətinfə əhəmiyyətli uğurlar əldə edib. Kollec Birləşmiş Krallığın "Tələbələrin fikirlərini dinləyənlər şəbəkəsinin mükafatları" ("Learner Voice Practitioners Network Awards") çərçivəsində birinci yerə layiq görülüb, kollecin Tələbə Birliyi isə "İlin Tələbə Birliyi Mükafatı"nın ("Student Union of the Year Award") finalçısı olub.

"Peşə təhsili üzrə mübadilə" jurnalı kollecin yanaşmasını öyrənmək üçün "Belfast Metropolitan" kollecinin Tələbələrin Müvəffəqiyyətləri üzrə direktoru Cim Vudsla söhbət edib.

"Tələbələrin fikirlərinin dinlənilməsi" anlayışını necə izah edirsiniz?

Tələbələrin fikirlərinin nəzərə alınması dedikdə tələbələrin kollec həyatının bütün aspektlərində iştirakını təmin etmək nəzərdə tutulur. Kifayət qədər sadədir: "Onlarla əlaqədar heç bir qərar onlarsız qəbul edilməməlidir". Tələbələrin fikirləri hər bir tələbə üçün mükəmməl təhsil təcrübəsi təmin etmək məqsədilə onların şikayətləri, maraqları və ehtiyaclarına qulaq verilməsi üsullarının təmin edilməsi ilə təhsil alanların imkanlarını genişləndirir. Bu, həm də tələbələrlə elmi və texniki işçilər, eləcə də rəhbərlik arasında birlik hissinin yaradılmasına zəmin yaradır. 

"Belfast Metropolitan" kolleci tələbələrin fikirlərinin bildirilməsi məsələsinə necə yanaşır? 

"Belfast Metropolitan" kolleci tələbələrin fikirlərinin kollec həyatının bütün aspektlərində nəzərə alınmasını təmin etmək məqsədilə çox sayda layihə təqdim edib:

  • Tələbələrin rəhbərlik komandası və qəyyumlar şurası ilə əlaqə saxlamasına imkan verən Tələbə Şuramız var. Tələbə Şurasının üzvləri eyni zamanda kollecin Keyfiyyətə Nəzarət Komitələrinin fəaliyyətlərini də dəstəkləyir.
  • Sinif nümayəndəsi sistemimizə görə hər bir sinif üzrə sinif nümayəndəsi seçilməlidir. Bu nümayəndələr rəylərini bildirmək və "Siz dediniz, biz elədik" tapşırığını yerinə yetirmək üçün müntəzəm şəkildə Təhsil Planı üzrə Direktor və Tələbələrin Müvəffəqiyyətləri üzrə Direktorla görüşür. Bu mühüm tapşırıq rəhbərliyin tələbələrə aidiyyatlı məsələ üzrə rəy verməsi və qaldırdıqları məsələlər üzərində işləndiyini bildirməsi baxımından əlverişli imkan verir. 
  • Kollecin tələbələr birliyi təlim layihələri və tələbələr tərəfindən idarə edilən tədris mükafatları daxil olmaqla tələbələrin özlərini ifadə etməsi üçün platformalar təqdim edib.
  • Biz eyni zamanda ildə iki dəfə tələbə məmnuniyyəti sorğuları keçirir, kollecin tələbələrin rəylərini tam şəkildə qeydə alması və təhlil etməsi üçün şərait yaradırıq.
  • "Belfast Metropolitan" kollecinin tələbə jurnalı tələbələrin fikirləri ilə əlaqədar yenilikləri də əhatə edir.

Bu cür fəaliyyətlərdə iştirak etmək tələbələrə nə verir?

Tələbələr rəhbərlik vəzifələrinin qəbul edilməsinin dəyərini anlayır və sinifdənxaric məşğələlərdə iştirak etmək ali təhsil almaq istəyən tələbələr üçün xüsusilə faydalı olacaq. Biz tələbələrin fikirlərinin dinlənilməsi ilə əlaqədar proqramlarımızda iştirak edən tələbələrin rəhbərlik və idarəetmə bacarıqlarının inkişaf etməsinə əlavə olaraq, onların dərin təəssürat doğuran təqdimat və auditoriya qarşısında çıxış etmək bacarıqlarını da inkişaf və nümayiş etdirdiklərinə şahid olmuşuq. Nəhayət, tələbələr dərk edib ki, onların rəyləri öz tədris kurslarını dəyişdirə bilər. Bu, kollecin fənlər üzrə ən yaxşı təcrübəni müəyyənləşdirməsinə kömək edərək nəticə etibarilə gələcək tələbələr və hazırda təhsil alanlar üçün faydalı ola bilər. 

Başqa ölkələrdə yerləşən və bu yolla tələbələrin iştirakını təmin etmək haqqında düşünən kolleclərə hansı tövsiyələri vermək istərdiniz?

Praktiki səviyyədə birinci addım tələbə şurası kimi bir orqanın yaradılmasından ibarət olmalıdır. Daha yüksək səviyyədə tələbələrin fikirlərinin dinlənilməsi ilə əlaqədar effektiv yanaşmanın formalaşdırılması üçün əsas məsələ bütövlükdə kollecin - tələbələrin, elmi və texniki işçilərin, eləcə də rəhbərlik və idarəetmə komandasının iştirakına nail olmaqdır. Kollec olaraq, tələbələrin müstəqil rəy vermək qabiliyyətinin yetişdirilməsi və istiqamətləndirilməsinin, tələbələrə mühüm maraqlı tərəflər kimi yanaşmağın və onların "Belfast Metropolitan" kollecinin inkişafına əhəmiyyətli töhfə vermək imkanına sahib olmasının dəyərini dərk etmişik.

Eyni zamanda "Belfast Metropolitan" kollecinin tələbə birliyinin prezidenti Luiza Miklə də fikirləri haqqında söhbət etmişik:

"Belfast Metropolitan" kollecində tələbə birliyi necə fəaliyyət göstərir?

"Belfast Metropolitan" kollecinin tələbə birliyi ilboyu tələbələrlə görüşlər keçirərək onları müsbət rəyləri ilə yanaşı, mənfi rəylərini də bildirməyə həvəsləndirir və bu rəyləri kollecin idarəetmə komandasına və elmi işçilərinə məruzə edir. Tələbələrin sorğularını rəsmi görüşlərdən kənarda da qəbul edirik. Bizim səsimiz güclüdür və tələbə birliyi kimi fəaliyyətlər vasitəsilə onu mümkün qədər tez-tez tətbiq edirik.

Tələbələr və işçilər öz nöqteyi-nəzərlərini bildirməklə əlaqədar nə hiss edir?

Getdikcə fikirlərimizi rahatlıqla bölüşdürə bilirik və tələbələr fikrimizin dəyərli olduğunu anlayır. Bu baxımdan tələbələrin tələbə birliyi vasitəsilə keçdiyi təlim və Milli Tələbə Birliyi çox faydalı olub. İşçi heyətə gəldikdə, onların əksəriyyətinin tələbələrin fikirlərinə qulaq asmağa kifayət qədər meylli olduğunu aşkar etmişəm. 

"Belfast Metropolitan" kollecinin tələbə birliyində iştirak etməsi sizə nə qazandırıb?

Gələcəkdə rəhbər vəzifədə işləmək istəyirəm və tələbə birliyinin prezidenti vəzifəsini icra edərkən əldə etdiyim bacarıqlar, böyük ehtimalla, köməyimə çatacaq.

Bu yaxınlarda müəssisəniz tələbələrin fikirlərinin dinlənilməsi ilə əlaqədar layihə təqdim edibmi? Əgər edibsə, "Peşə təhsili üzrə mübadilə" jurnalı olaraq təcrübələriniz, qarşılaşdığınız çətinliklər və təşkilatınızın əldə etdiyi mənfəət haqqında eşitmək istərdik. Zəhmət olmasa, fikirlərinizi bölüşün və əlaqə saxlayın.