Peşə təhsilində tələbələrin fikirləri

Təhsil təşkilatının dəstəklənməsi təhsil planını təkmilləşdirə və tələbələri həvəsləndirə bilər. Bəs tələbələrin fikir və rəylərini necə təyin edə bilərik və müəllimlər onlara səmərəli yollarla necə istiqamət verə bilər? Tələbələrin öz kurslarının formalaşdırılmasında iştirak etmələrinə imkan verməyin ən yaxşı yolları hansılardır? Müəllimlərin bu prosesdə tələbələrlə əməkdaşlıq etməsi üçün əlavə bacarıqlar tələb olunurmu? 

2004-cü ildə tələbələrin məhsuldar iştirakını təkmilləşdirmək üçün fəaliyyət göstərən SoundOut təşkilatı tələbələrin fikirlərini "tədris və təhsil kontekstində gənclərin fərdi və kollektiv baxış və fəaliyyətləri" kimi təyin etməyə başlayıb.

Həmin vaxtdan sonra tələbələrin fikirlərinin təhsil prosesində nəzərə alınmasının əhəmiyyəti artıb və hazırda təhsilin bütün mərhələlərindəki şagird və tələbələri əhatə edir. Tədris prosesində iştirak edən hər kəsin diqqət yetirilməli və eşidilməli olan fikirlər i var. Tələbələrin öz tədris proseslərinin inkişaf etdirilməsində və təşkil edilməsində iştirak etmək hüquqları var.

Bu yanaşma ilə təhsilə tələbələrin töhfə verə biləcəyi və sahib olduğu demokratik proses kimi baxılmağa başlanılır.  Faktiki olaraq, bu, kiçik yaşlı uşaqlar, eləcə də kollec və ya universitetlərdə təhsil alan gənclər üçün münasibdir.

Aydındır ki, tələbələrin tədris və təhsil prosesinə cəlb edilməsinin, eyni zamanda təhsil müəssisələri çərçivəsində öz vəzifələrini icra etmələrinin təmin edilməsi olduqca vacib məsələdir.  Təhsil gəncləri daha geniş dünyada yaşamağa hazırlayır.  Beynəlmiləlləşmənin əhəmiyyətinin artmasını və "Brexit" kimi yaxın keçmişdə reallaşdırılmış qlobal tədbirlərin, eləcə də dövlət siyasətində baş verəcək potensial dəyişikliklərin təsirini nəzərə alsaq, tələbələrin səsi ilə əlaqədar fəaliyyətlərin beynəlxalq baxımdan mənfəət potensialına malik olub-olmaması mühüm əhəmiyyət kəsb edir.

Birləşmiş Krallıqda tələbələrin fikirləri

Birləşmiş Krallıqdakı peşə təhsili müəssisələrində tələbələrin fikir və rəyləri ilə əlaqədar fəaliyyətlərə ciddi şəkildə diqqət yetirilir. Ancaq bu fəaliyyətlərin diapazonu və çeşidi müxtəlifdir.

Tələbələrin cəlb edilməsi və dinlənilməsi üsulları aşağıdakıları əhatə edir:

  • kollecin strateji planlarının bir hissəsi kimi tələbələrin fikirlərinin bildirilməsi ilə əlaqədar öhdəliklərin yaradılması
  • tələbələri səlahiyyət verilmiş tərəfdaşlar kimi görmək
  • tələbələrin tələbə birlikləri vasitəsilə dəyişiklikləri təşkil və idarə etməsi üçün imkanların yaradılması
  • tədris və təlimin təşkil edilməsi zamanı tələbələrin cəlb edilməsi
  • kollecin xidmətlərinin təşkil edilməsi zamanı tələbələrin cəlb edilməsi
  • tələbə nümayəndəliyi komitələrinin yaradılması.

Növbə ilə nəzər salsaq, bu üsulların tələbələri təlim və tədris prosesinin təşkil edilməsinə necə cəlb edə bildiyini görə bilərik.

Tələbələrin fikir və rəyləri kollecin strategiyasının bir hissəsi kimi 

Tələbələrin əhəmiyyətinin birbaşa kollecin missiya bəyannaməsində və ya hədəflərində qeyd edilməsindən, yaxud da strateji planlara daxil edilməsindən asılı olmayaraq tələbələrin fikirləri kollecin siyasətində çox nadir hallarda nəzərə alınmır.

Məsələn, Edinburq Kollecinin strateji planının "Tələbələrin fikirləri" adlı bölməsində "tələbələrin kollecin inkişafında iştirakının artırılması" məsələsi qeyd edilib.

Eyni qaydada Erşir Kollecinin strateji planında "tələbələrin tədris təcrübələrinin müntəzəm şəkildə təkmilləşdirilməsi məqsədilə tələbələrin fikilərinin kollec həyatının bütün aspektlərində eşidilməsi" ehtiyacı təsvir edilib.  

Tələbələrin fikirlərinə diqqət yetirilməsi öhdəliyini strateji plana daxil etməklə kolleclər tələbələrin ümumi inkişaf prosesinə cəlb edilməsini və bunun yalnız müəllim və tələbələr üçün deyil, eyni zamanda rəhbərlik üçün də prioritet məsələ olmasını təmin edir.

Tələbələr səlahiyyət verilmiş tərəfdaşlar kimi

Çox zaman tələbə yönümlü tədrisin yeni konsepsiya olduğunu düşünsək də, bu ideya böyük tarixçəyə malikdir. Universitetlər tələbələrin təhsil planını əhəmiyyətli dərəcədə idarə etməsi imkanı ilə yaradılırdı. On ikinci əsrdə Bolonya Universitetinin tələbələrinə tam şəkildə özünü idarəetmə səlahiyyəti verilmişdi. Bu səlahiyyətə təhsil planına və işçilərin təyin edilməsinə nəzarət də daxil idi.  

Bir çox kollec tələbələrə öz tədris təcrübələrini və mühitlərini formalaşdırmaq səlahiyyətinin verilməsi istiqamətində müsbət addımlar atmaqdadır.  Passiv və fəal iştirak olmasından asılı olmayaraq, bütün tələbələrin əhəmiyyətli töhfələr vermək imkanına sahib olmasının təmin edilməsi ilə əlaqədar öhdəlik getdikcə daha geniş yayılır.

Tələbə birlikləri

Tələbə birlikləri kolleclərdə tələbələrin fikirlərinin nəzərə alınması ilə əlaqədar çox sayda fəaliyyətin həyata keçirilməsi prosesində iştirak edir. Kolleclərdə bir çox tələbə birliyi nümayəndəsi kollecin komissiyalarında iştirak edir və tələbələrin fikirlərinin dinlənilməsini təmin etmək məqsədilə kollec rəhbərliyi ilə yaxından əməkdaşlıq edir. Buna baxmayaraq, bütün kolleclərdə eyni dərəcədə fəal tələbə birlikləri mövcud deyil və bu, birliyin tələbələrin fikirlərinin çatdırmaq bacarığının effektivliyinə təsir edə bilər.

Tələbələrin tədris və təlim prosesində iştirakı

Lids Şəhər Kollecində tələbələrin tədris və təlim prosesində iştirakı kollecin təhsil hazırlığını təşkil edən 300-dən artıq kursda təmsil olunma vasitəsilə baş tutur. Tələbələrin nümayəndələri şöbə rəhbərləri ilə görüşür. İldə iki dəfə baş tutan bu görüşlərdə əsasən hər bir konkret şöbə üzrə kurslardan 20-30 tələbə nümayəndəsi iştirak edir.  Bu görüşlər həm tələbələrin, həm də işçi heyətinin təhsil prosesindəki fəaliyyətlərlə əlaqədar rəy bildirməsi və onları planlaşdırması üçün müzakirə forumu rolunu oynayır.  İşçi heyətinə və ya tələbələrə tapşırıqlar verilə bilər.  Müzakirə, rəy bildirmə və tapşırıqlar şöbənin fəaliyyətinin yoxlanılması prosesinə daxildir. Tələbələr eyni problemlər haqqında danışdığı halda bu məsələlər rəhbərlik komandasının prioritet məsələ kimi yanaşması üçün gündəliyin əsas məsələləri kimi təyin edilir.

Tələbələrin kollecin xidmətlərində iştirakı

Tələbələrin təlim və tədris proseslərində iştirakı ilə əlaqədar yuxarıda qeyd edilmiş misallarda olduğu kimi, bir çox kolleclərin tələbə birlikləri kollecin iaşə xidməti, İT avadanlıqları və tələbələrin təhlükəsizliyi kimi xidmətləri üzrə görüş və komissiyalarda da iştirak edir. Təhsil planının yaradılması ilə maraqlanmaları ilə yanaşı bu sahələr də tələbələrin kifayət qədər fikir bildirə biləcəyi sahələrdir. Təlim və tədris kolleclərdə əsas prioritet istiqamətlər olsa da, tədris mühitini təşkil edən ikinci dərəcəli xidmət və vasitələr də tələbələrin müvəffəqiyyət qazanmaları və rifahı baxımından mühüm əhəmiyyət kəsb edir. Kolleclərin dəyişikliklər haqqında birbaşa tələbələrin rəylərini toplaması üsullarından biri də müntəzəm, hədəf və ya mövzu üzrə tələbə məmnuniyyəti sorğularıdır.

Tələbələrin komissiyalarda təmsil olunması

Artıq uzun illərdir, bəzi kolleclərdə tələbələr şura səviyyəsində təmsil olunur. Bu ənənənin davam etdirilməsi tələbələrin kollec həyatının müxtəlif sahələri üçün məsuliyyət daşıyan komissiyalarda iştirakının kiçik bir hissəsidir. Tələbələr kurs səviyyəsində və kollec xidmətləri üzrə təmsil olunmaqla yanaşı bir çox başqa komissiyalara da qiymətli töhfələr verir.

Piterboro Regional Kolleci və bir çox başqa kollec nahar fasiləsində İcraçı Rəhbərlik Komandası üçün Sual Vaxtı təşkil edir. Sinif nümayəndələri və tələbələr rəhbərlik komandasının üzvlərinə sual vermək imkanı əldə etmək üçün qeydiyyatdan keçə bilər. Bu, onlara yalnız problemləri qaldırmaq üçün şərait yaratmır, eyni zamanda heyət üzvlərinin də həll edilməsinə tələbələrin kömək edə biləcəyi məsələləri səsləndirməsinə imkan verir. Beləliklə, iştirak ikitərəfli proses ola bilər.

Tələbələrin rifahı məktəb və kolleclərdə onların fikirlərinin nəzərə alınması ilə bağlı fəaliyyətlərin təbliğ edilməsinin digər bir faydasıdır. Bir çox təhsil müəssisəsi tələbələrin fikirlərinin nəzərə alınması özünəinam formalaşdırmağa və gəncləri cəmiyyətdəki vəzifələri üçün hazırlamağa kömək edən fərdi inkişaf mexanizmi kimi qəbul edir. O, eyni zamanda tədris və təlim təşkilatında təcrid edilmiş qruplardan olan tələbələrin iştirakını və cəlb edilməsini təmin edə bilər.

Kolleclərin xüsusən seçkilər və Aİ referendumu ərəfəsindəki siyasi müzakirələrlə əlaqədar işləri uğurlu müzakirələrin təşkil edilməsi və həyata keçirilməsi üçün təlimat və alət dəstləri təmin edən Kolleclər Assosiasiyası kimi təşkilatlar tərəfindən dəstəklənir.    Onların çoxuna yerli siyasətçilər, kollec tələbələri, yerli məktəblər və Gənclər Parlamentinin yerli üzvləri cəlb edilir.

Avropa Tələbələr Birliyinin Birləşmiş Krallıq üzrə nümayəndəsi təhsil müəssisələri tərəfindən istifadə edilməsini və dəstəklənməsini təklif etdikləri Aİ referendumundan sonra siyasi iştirak və məlumatlılıq səviyyəsinin artdığını qeydə alıb.

Məktəb və kolleclər tədris mühitini təkmilləşdirmək və tələbələrin iş əldə etmələri üçün tələb olunacaq bir sıra bacarıqlarla təmin etmək məqsədilə onların fikirlərinin nəzərə alınmasında diqqət yetirə bilər.