Əsas məsləhətlər: tələbələrin ehtiyaclarının qarşılanması

Hackney Kollecinin nümunəsi

Hackney Kolleci öyrənmə çətinliyi çəkən və imkanları məhdud olan bir qrup gənc üçün inklüziv təhsil proqramı yaradıb. 

Kollecin qazandığı uğuru paylaşmaq ümidi ilə nümunə kimi bu layihəni və onların təcrübələri əsasında öyrənmənizə kömək etmək məqsədilə əsas məsləhətlər siyahısını təqdim edirik. 

Hackney Kolleci Londonun Şrodiç (Shoreditch) qəsəbəsində yerləşən orta ölçülü təhsil müəssisəsidir. Kollecin fəaliyyəti olduqca rəngarəng xarakterə sahib olan və mühüm sosial və iqtisadi ehtiyaclara malik çox sayda ailəni əhatə edən cəmiyyətin ehtiyaclarını qarşılamağa həsr olunub. 

Kollec hər zaman yüngül öyrənmə problemlərinə və məhdud imkanlara sahib olan tələbələr üçün kurslar təşkil edib, ancaq 2009-cu ildə ondan ehtiyacları daha böyük olan altı gəncdən ibarət qrup üçün şərait yaratmaq xahiş edilib. 

Bunun üçün dəstək vasitələrinin sürətlə dəyişməsi və yeni tələbələrin ehtiyaclarını qarşılamaq məqsədilə yeni təhsil planının yaradılması tələb olunurdu. 

Layihə üçün məsuliyyət daşıyan müəllim qərara gəlib ki, təhsil planı tələbələrin özləri adından danışmaq bacarıqlarını təkmilləşdirməklə onlara yetkinlik dövrlərində öyrənməkdə, yaşamaqda və işləməkdə kömək etməlidir. Təhsil planı Oreqon Təhsil Nazirliyi (Oregon Department of Education) tərəfindən yaradılmış "Özün və gələcəyin adından danış!" adlanan proqrama əsaslanırdı - proqramın linki səhifənin sonunda verilib. 

Daha sonra müəllim tələbələrlə görüşdü, onların ehtiyaclarını qarşılamaq üçün öz məqsədlər çoxluğunu formalaşdırdı və hər bir dərsə diqqət yetirməklə təhsil planı yaratdı. 

Hər bir sessiya üçün struktur hazırlandı. Sessiyalar qrup halında keçirilməli idi və tələbələrlə heyət üzvləri hər bir sessiyaya necə və nə üçün hiss etdiklərini danışmaqla başlamalı idilər. Sessiyanın əsas hissəsinə keçməzdən əvvəl oyun oynanılmalı idi. Əsas hissəyə qrup halında söhbət və ya Cazza adlı marionet kukla ilə söhbətlər daxil idi. Kukla tələbələrə ünsiyyətə daxil olmaqda və bir-birini anlamaqda kömək edirdi. Sessiyalara eyni zamanda əlaqələr diaqramının çəkilməsi və nisbətən kiçik qrup işi də daxil idi. Bütün sessiyalar qeydə alınırdı və tələbələr sonradan özlərinə baxmaq imkanı əldə edirdilər. Bu, tələbələrin yaddaşını möhkəmləndirməyə və özlərinə qarşı inamlarının formalaşmasına kömək edirdi.

Tələbələrdən biri kursun onun üçün nə demək olduğunu belə izah etmişdi: "İnsanlara kolleci bitirdikdən sonra həyatımın necə olmasını istədiyimi danışa bilirəm". Başqa bir tələbə bildirmişdi ki, hər bir dərs onda daha çox özünə inam formalaşdırır.

Proqram çox böyük bir uğurla həyata keçirilmişdi. Bu il kollecə mürəkkəb ehtiyaclara malik 48 tələbə daxil olacaq.

Təcrübəsini başqa məktəb və kolleclərlə paylaşmaq istəyən Hackney Kolleci başqalarına öyrənmə çətinliyi çəkən və imkanları məhdud olan tələbələrin ehtiyaclarını qarşılayan kurslar yaratmaqda kömək etmək məqsədilə təcrübəsinə əsaslanaraq bir sıra faydalı məsləhətlər təklif edib:

1) Təhsil məqsədlərini tələbələrə uyğunlaşdırın və müntəzəm şəkildə nəzərdən keçirin.

2) Çox kiçik addımlarla irəliləyin.

3) Müntəzəm şəkildə nəzərdən keçirin və möhkəmləndirin.

4) Yaddaşı möhkəmləndirmək və özünə inam hissini formalaşdırmaq üçün video və audio yazılardan istifadə edin.

5) Hər bir məşğələnin qısa olmasına diqqət yetirin və müxtəlif təhsil və tədris üsullarından istifadə edin.

6) Məşğələlərin əyləncəli, maraqlı və interaktiv olmasını təmin edin - marionet kuklalardan, rol oyunlarından və oyunlardan istifadə edin.

7) Komanda şəklində işləyin, heyət üzvlərinin güclü tərəflərindən və bacarıqlarından istifadə edərək görmək istədiyiniz davranışı formalaşdırın.

8) Əlinizdə çox sayda vizual resursun olmasını təmin edin.

9) Sessiyalar müəllim tərəfindən idarə edilsə də, məşğələlərlə əlaqədar istənilən qərarı qrup şəklində müzakirə edin, seçim etmək üçün bütün mümkün imkanlardan istifadə edin, bir-birinizi dinləyin və nöqteyi-nəzərləri birlikdə bəyan edin.

Bu layihə haqqında daha ətraflı məlumat almaq üçün məruzəni buradan yükləyin. 

Oreqon Təhsil Nazirliyi tərəfindən yaradılmış təhsil planını buradan yükləyin.