Məhdud imkanlı şəxslər üçün həyat boyu öyrənmək imkanı

Tədqiqatçı Qazaxıstanda peşə təhsilini inkişaf etdirmək ümidi ilə dünyada mövcud olan inklüziv təhsil təcrübələrini araşdırır. 

Nazarbayev Universitetinin aspirantura şöbəsinin tələbəsi Arman Assanbayev siyasətçiləri, məktəbləri və kollecləri görmə problemləri olan böyüklər üçün təhsil imkanlarını təkmilləşdirməyə çağırır. Arman öz tədqiqatı ilə əlaqədar bəzi məsələləri bizimlə paylaşmağa razılıq verib.

Tədqiqatınızın əsas məqsədini qısa şəkildə şərh edə bilərsiniz?

Tədqiqatın məqsədi dünyanın hər yerində mövcud olan peşə-ixtisas təhsili strukturları çərçivəsində böyüklər üçün ən yaxşı inklüziv təhsil təcrübələrini araşdırmaqdan və onlardan hansının Qazaxıstanda tətbiq edilə biləcəyini müəyyən etməkdən ibarət idi. Biz aşağıdakı məsələlərə aydınlıq gətirməliyik:

  • Hansı təcrübələr Qazaxıstanda mövcud olan peşə-ixtisas təhsili strukturu çərçivəsində məhdud imkanlı tələbələrin təhsil prosesinə cəlb edilməsini təbliğ edir?
  • Peşə-ixtisas təhsili çərçivəsində inklüziv təhsil necə başa düşülür?
  • Məhdud imkanlı tələbələrin təhsil prosesinə cəlb edilməsi peşə-ixtisas təhsilinə necə tətbiq edilir?
  • Beynəlxalq səviyyədə hansı təcrübələrin məhdud imkanlı tələbələrin peşə-ixtisas təhsilinə cəlb edilməsini təbliğ etməsi məlumdur?
  • Bu təcrübələrdən hansıları Qazaxıstanın peşə-ixtisas təhsili sisteminə tətbiq edilə bilər?

Tədqiqatı necə aparırsınız?

Tədqiqat üçün beynəlxalq elmi ədəbiyyatdan və inklüziv peşə-ixtisas təhsilini təbliğ etməyin ən yaxşı yollarının şərh edildiyi məqalələrdən istifadə edilib. Daha sonra Qazaxıstanda masaj terapiyası üzrə təhsil alan görmə problemli üç tələbənin təcrübələrini şərh edən misala müraciət edilib.   

Tədqiqat nəticəsində nə əldə edilib?

Elmi ədəbiyyatı və məqalələri araşdırmaq nəticəsində inklüziv peşə-ixtisas təhsilini təbliğ etməklə əlaqədar çox sayda müxtəlif təcrübələrlə tanış oldum. 

Görmə problemi olan tələbələrlə müsahibələr nəticəsində məlum oldu ki, onların kollecdə təhsil almaları ilə əlaqədar çox sayda maneə mövcuddur. Müəllimlər görmə problemi olan tələbələrin ehtiyaclarının qarşılanması ilə bağlı heç bir təlim keçməyiblər. Bu, o deməkdir ki, görmə problemi olan tələbələrin oxuya bilmədiyi resurslardan istifadə edilib və nəticədə bu təhsil prosesi həddindən artıq nəzəri xarakter daşıyıb, kifayət qədər praktiki xarakterə malik ola bilməyib. Görmə problemi olan tələbələr hesab edir ki, toxunmaqla öyrənmək üçün onlara kifayət qədər vaxt verilməyib.  Tələbələrə öz modullarını seçmək imkanı verilməyib və görmə problemi olan tələbələr bəzi fənlərin onlar üçün əlçatmaz olduğunu və karyeralarının inkişafına kömək etməyəcəyini hiss ediblər. Bina görmə problemi olan tələbələrin ehtiyaclarına uyğun olmayıb və çox zaman diktofon kimi bir sıra köməkçi vəsaitlər kifayət qədər yaddaşlarının olmaması səbəbindən istifadə edilməyib. Tələbələr eyni zamanda qeyd ediblər ki, kurs keçdikləri müddətdə potensial işəgötürənlərlə aralarında heç bir qarşılıqlı əlaqə təşkil edilməyib. 

Bu tapıntılar məktəb, kollec və siyasətçilərə necə kömək edir?

Analiz nəticəsində məhdud imkanlı tələbələr üçün peşə-ixtisas təhsilinin təkmilləşdirilməsi ilə bağlı çox sayda tövsiyə hazırlamağa nail oldum. Əsas tövsiyələr aşağıdakılardır: 

Müəllimlərin münasib resurslar təklif etmək və nəzəriyyəni praktiki işlə tarazlaşdırmaqla tələbələrin ehtiyaclarını qarşılaya bilməsi üçün onların təlimatlandırılmasına sərmayə qoyun.

Bütün resursların münasib formatlarda çatdırılmasını və bütün tələbələr tərəfindən başa düşülməsini təmin edin.

Binaları görmə problemi olan tələbələrin ehtiyaclarına uyğunlaşdırın. Bura vanna otaqlarına dəyişiklik etmək, eləcə də xüsusi səki və keçidlər düzəltmək daxil ola bilər.

Kollecdə və kollecdən kənarda tələbələri dəstəkləyin. Onların potensial işəgötürənlərlə qarşılıqlı ünsiyyətdə olmasına şərait yaradın. 

Tədqiqatınızın siyasi konteksti nədən ibarət idi?

Qazaxıstanda cəmiyyətdə kifayət qədər təmsil olunmamış vətəndaşlar, yəni məhdud imkanlı şəxslərlə əlaqədar inklüziv təhsil sahəsində çox sayda siyasi islahat həyata keçirilib. Bu, çox mühüm dəyişiklikdir. Əvvəl siyasətçilər hətta məhdud imkanlı olmayan böyüklərə də diqqət yetirmirdi. İnklüziv təhsil sadəcə məktəblərdəki uşaqları əhatə edirdi. Universitet və ya peşə-ixtisas təhsili kimi məcburi təhsildən sonrakı təhsil 18-25 yaş qrupuna aid gəncləri əhatə edirdi.

Məhdud imkanlı şəxslərlə əlaqədar həyat boyu öyrənmək və inklüziv təhsil islahatları həyata keçirilir. Eyni vaxtda həyata keçiriləcək bu islahatlar eyni məqsədə malikdir: məhdud imkanlı şəxsləri gələcəkdə işə düzələ bilmələri üçün ixtisas və bacarıqlarla təmin edərək onların həyat keyfiyyətlərini yüksəltmək məqsədilə bu insanları faydalı təhsil imkanları ilə təmin etmək.

Bu məqamda sizin tədqiqatınız nə üçün əhəmiyyətlidir?

Təlimlərdə iştirak etməyə hazır olan və iqtisadi tələblərin ödənilməsinə kömək edə biləcək 534,000 məhdud imkanlı şəxs mövcuddur. Peşə-ixtisas təhsilinin təmin edilməsi ilə məşğul olanların kurslarının daha inklüziv olmasına nail olmaq üçün nəzəri və praktiki direktivlərə ehtiyacı var və inklüziv həyat boyu öyrənmək imkanının təmin edilməsinə kömək edəcək konseptual struktur işlənib hazırlanmalıdır. Bu cür direktivləri təmin etmək üçün xaricdə tətbiq edilən ən yaxşı təcrübələri təhlil etmək və Qazaxıstanda peşə-ixtisas təhsili baxımından inklüziv təhsilin mahiyyəti ilə əlaqədar araşdırma aparmaq, eləcə də məhdud imkanlı şəxslərin təhsil prosesinə cəlb edilməsi ilə əlaqədar konseptual struktur hazırlamaq lazımdır.

Tədqiqatınızı aparmaqla əlaqədar çətinlikləriniz hansılardır?

Məhdud imkanlı şəxslər üçün həyat boyu öyrənmək imkanının təmin edilməsi Qazaxıstanda çox mürəkkəb məsələdir. Bu konsepsiya Qazaxıstan üçün yeni anlayış olan həyat boyu öyrənmək imkanını dəstəkləyən mədəniyyətin yaradılmasını tələb edir. Son zamanlara qədər insanlar bir qayda olaraq təhsil dedikdə yalnız insanın peşəkar fəaliyyəti üçün müvafiq təhsili təmin edən universitetlərin verdiyi təhsili başa düşürdülər.

Sovet İttifaqının tərkibindən ayrıldıqdan sonra Qazaxıstanda insanların və siyasətçilərin yeni çətinliklərlə qarşılaşmasına səbəb olan qloballaşma prosesinə start verildi. Demokratik prinsiplər cəmiyyətdə kifayət qədər təmsil olunmamış vətəndaşları, məhdud imkanlı şəxsləri də nəzərə alırdı. İnsanlarla hökumət arasında qarşılıqlı əlaqələr əvvəl səsləndirilməmiş məsələləri gündəmə gətirdi. Bu cür məsələlərə təlim və yenidən tədris tələb olunan aşağı kvalifikasiyalı vətəndaşların gələcəkdə iş tapması və işə düzəlmə imkanları daxil idi.

Qazaxıstanın peşə-ixtisas təhsili sistemi hazırda böyüklər üçün təhsil imkanlarını inkişaf etdirmək istəyir, ancaq buna nail olmaq üçün struktur və tədqiqata ehtiyac var. İndiyə qədər Qazaxıstanda peşə-ixtisas təhsili ilə əlaqədar, xüsusən də, böyüklərin inklüziv təhsili nöqteyi-nəzərindən çox az tədqiqat aparılıb. Təhsilini tamamlamış tələbələrin əmək bazarında iş tapmasına və rəqabət qabiliyyətinə təkan vermək üçün peşə-ixtisas təhsilinin dəyişiklik vasitəsi kimi məhdud imkanlı şəxslər üçün həyat boyu öyrənmək imkanını inkişaf etdirməyə ehtiyacı var.

Oxucularımız nə üçün sizin tədqiqatınızla maraqlanmalıdır?

Elmi ədəbiyyatda bu məsələ ilə əlaqədar boşluq var idi. Mənim tədqiqatım dünyanın müxtəlif yerlərində mövcud olan və Qazaxıstanda Dünya Bacarıqları çərçivəsində tətbiq edilə biləcək inklüziv təhsil təcrübələri ilə əlaqədar praktiki və nəzəri bilikləri aşkara çıxarır.

Ümid edirəm ki, bu tədqiqat Qazaxıstanda islahatlara start verilən məhdud imkanlı şəxslərin faydalı həyat boyu öyrənmək imkanından istifadə etməsi və onların işə düzəlmə imkanlarının inkişaf etdirilməsi baxımından faydalı olacaq.