Otel təlimləri məhdud imkanlı tələbələri əhatə edir.

Otel təlimləri məhdud imkanlı tələbələri əhatə edir.

Derwen Kollecindəki qüsursuz yataq otağına daxil olduğunuz zaman tanış bənövşəyi dekorasiyadan tutmuş qonaqları dəsmallarından təkrar istifadə etməyə çağıran işarəyə qədər bir çox şey sizi Birləşmiş Krallığın dörd bir tərəfində yerləşən minlərlə "Premier Inn" otelindən birində olduğunuzu düşünməyə vadar edir. Faktiki olaraq, bu otaq əslinə dəqiqliklə oxşayan tam funksionallığa malik yataq otağıdır və hər gün öyrənmə imkanları məhdud olan tələbələr tərəfindən təmizlənib istifadə üçün hazırlanır.

Qonaqlar tərəfindən istifadə edilməsə də, otaqlar tələbələrin ərazidə yerləşən altı oteldən birində real istehsalat təcrübəsi üçün hazırlaşmalarına imkan verir. Osvestri Şropşirdə yerləşən ixtisaslaşmış yaşayış kolleci hər il Birləşmiş Krallığın müxtəlif nöqtələrindən olan müxtəlif ehtiyaclara malik 273 öyrənmə imkanları məhdud tələbəni qəbul edir. Kollec tələbələrin kolleci bitirib öz şəhərlərinə qayıtdıqdan sonra tez bir zamanda beynəlxalq otel zəncirlərindən biri tərəfindən işə götürüləcəklərinə ümid edir. 

Kollecin ilk "Premier Inn" müvəffəqiyyəti Vusterdən olan və kampusda otağı dəqiq və mükəmməl şəkildə hazırlaya bilməsi ilə tanınan 24 yaşlı Kler Brantın adı ilə bağlı ola bilər. Brant Daun Sindromuna malikdir və son iki il ərzində həftədə bir dəfə olmaqla yaxınlıqda yerləşən "Premier Inn" otelində təlim keçib.

İndi Vusterə qayıtdıqdan sonra valideynlərinin evindən öz mənzilinə köçmək istəyir. O, yerli "Premier Inn" otelində yay istehsalat təcrübəsinə başlayıb və təcrübə bitdikdən sonra oteldə işə düzələcəyinə ümid edir. Valideynləri onun əminliyi qarşısında heç nə deyə bilmirlər. Qızlarının böyüdüyü zaman daha müstəqil olmasına kömək etmək onlar üçün vacib məsələ idi. O, 19 yaşında Derwen Kollecində təhsil almaq üçün yer və yerli hökumətin maliyyə dəstəyini əldə etməyə nail oldu və üç il sonra ilkin tədris proqramını tamamladı. Daha sonra o, növbəti iki il ərzində kollecin peşə-ixtisas bacarıqlarını formalaşdırmaq üçün nəzərdə tutulmuş "yaşa və işlə" proqramında iştirak etdi.

Mükəmməl çarpayı hazırlama bacarığı haqqında sual veriləndə Brant gülür. "Hamısını özüm edirəm. Bunun üçün çox çalışmalıyam", deyir. "Birinci gün [əvvəlki istehsalat təcrübəsindəki] çox maraqlı idi və həyəcanlı deyildim". O qeyd edir ki, çox məmnunluq duyduğu üçün şirkət üçün işləməyə davam etmək istəyir.

Çətinliklər, əlbəttə ki, var. Otelin otaqları çox qısa zaman çərçivəsində - cəmi 27 dəqiqəyə dəqiq standarta uyğun hazırlanmalıdır. Kollecin müəllimləri otaq xidmətçisi ilə birlikdə tələbələrin standartlara nail olmasına kömək etmək məqsədilə "Premier Inn" otelinin işçi heyəti tərəfindən təlimatlandırıldığı üçün müvafiq bacarıqları öyrədə bilmişdi. Otel zənciri hazırda altı oteldə yalnız otaq xidmətçisi kimi deyil, eyni zamanda resepşnda və otelin restoranında işləyən 11 tələbə üçün istehsalat təcrübəsi təşkil edir.  Müəllimlərlə otelin işçi heyəti tələbələrin inkişafına nəzarət etmək üçün bir-biri ilə sıx əlaqə saxlayırlar.

Derwen Kollecinin istehsalat təcrübəsi və yerdəyişmələr üzrə meneceri Saymon Birç bildirir: "Bütün bunların sonunda tələbələrin qazanc əldə etmələrini təmin etmək məqsədilə müstəqil bacarıqlar formalaşdırmaq və onların işədüzəlmə imkanlarını təkmilləşdirmək istəyirik. İdeal halda, bu qazanc ödənişli iş olacaqdır - bu, hər zaman can atdığımız qazancdır - ancaq bəzi tələbələr üçün ən yaxşı nəticə könüllü iş [xeyriyyə məqsədli] ola bilər".

Bəs kollec kifayət qədər istəklidirmi? Birç etiraf edir ki, heç də bütün tələbələr otellərdə və ya supermarketlərdə iş tapmaq istəməyəcəklər və onlar kampusda arıçılıqdan kino istehsalına qədər hər sahəni öyrənə bilərlər. Məsələn, incəsənət və mətbuat sahəsində istehsalat təcrübəsinə qarşı tələb yüksəkdir, ancaq Birç və komandası bu sahələrdə münasib istehsalat təcrübəsi imkanları tapmaqda çətinlik çəkir.

Tərəfdaşlıqdan faydalandıqlarını bildirənlər təkcə tələbələr deyil. Premier Inn Çester və Rekshem otellər qrupunun baş direktoru Treysi Bişop razılaşır ki: "Birinci dəfə Derwen Kollecinə gedəndə çox ruhlanmışdım. Durmadan bu barədə düşünürəm. Komandadan biri bizə yaxınlaşdı və dəvət etdi. Kollecin işçi heyətinin həvəsi və vəzifələrinə sadiqliyi bizi valeh etdi. Hamımız oradan kömək etməyi qərarlaşdırmış şəkildə çıxdıq".

Keçən yay əslinə dəqiqliklə oxşayan otağın yaradılması 11 tələbənin "Premier Inn" standartlarını öyrənməsinə imkan verən dönüş nöqtəsi oldu (növbəti tədris ilində daha 14 nəfər üçün təlim keçiləcək). Bişop bildirir: "Bu, onların özlərinə inam səviyyələrini yüksəltmək işinə çox böyük töhfə verib və rahat olduqları mühitdə sürətlərini artırmalarına kömək edib. Bilirik ki, kollec daha çox tələbənin gəlməsini istəyir. Onlar böyük düşünür".

"Söhbət yalnız tələbələrin iş tapmasından getmir, söhbət onların başqa heyət üzvləri ilə qarşılıqlı əlaqə qurmasından gedir. Onlar gələndə çox utancaq olsalar da, tezliklə komandanın bir hissəsinə çevrilir, heyət üzvlərinin iclaslarında və ad günü tədbirlərində iştirak edirlər. Bu, eyni zamanda heyət üzvlərimizin biznes rəhbərləri kimi inkişaf etməsinə kömək edir".

Bu layihə əsası 1927-ci ildə qoyulmuş Derwen Kolleci tərəfindən başladılmış bir neçə təşəbbüsdən sadəcə biridir və çərşənbə axşamı "Həyat indi başlayır" adlı BBC3 sənədli filmində nümayiş etdirilib. "Premier Inn" təlimi öyrənmə imkanları məhdud olan insanların da məhdud imkanlı olmayan insanlar kimi bacarıqlara yiyələnə və işləyə bildiklərini göstərdiyi üçün müvafiq kampaniyanın fəal iştirakçıları tərəfindən alqışlanıb.

Öyrənmə imkanları məhdud olan insanların müdafiəsi təşkilatı olan "İlk öncə insan" (People First) təşkilatının İngiltərə qolunun əsasını qoyanlardan biri olan Keliya Franklin bunun sadəcə başlanğıc olduğunu düşünür. "Öyrənmə imkanları məhdud olan insanların yalnız 7%-i ödənişli iş sahibidir. Söhbət ödənişli işdən getdikdə öyrənmə imkanları məhdud olan insanlar üçün istəklilik və imkan çatışmazlığı ilə qarşılaşılır və öyrənmə imkanları məhdud olan insanları yoxsullaşdıran hökumət sadəcə onların iş tapması ilə əlaqədar maneələri artıracaq, iş tapmalarına kömək etməyəcək".

Brunel Universitetinin sosial siyasət üzrə professoru və istifadəçi tərəfindən idarə edilən "Həyatlarımızı formalaşdırmaq" (Shaping Our Lives) təşkilat və şəbəkəsinin həmsədri Piter Beresford qeyd edir ki: "İdeal dünyada yaşasaydıq, John Lewis and Waitrose kimi şirkətlərin hamı üçün karyera planına malik olması çox gözəl olardı, ancaq real dünyadakı iş bazarında güclü diskriminasiya mövcuddur. Derwen Kollecinin gördüyü iş öyrənmə imkanları məhdud olan insanlar üçün həqiqi mənada müsbət əsas təşkil edir.

Nikola Slavson tərəfindən yazılıb.

Birinci dəfə 4 Avqust, 2015-i il tarixində "Guardian" jurnalında dərc edilib.

İcazə alınaraq yenidən burada dərc edilib.