Belqrad məktəbi tələbələrin ehtiyaclarını necə qarşılayır?

Belqradda yerləşən uqastitelsko-turistika (qonaqpərvərlik və turizm) məktəbi tələbələrə turizm və qonaqpərvərlik sahəsinin işçiləri üçün mövcud olan tələbləri ödəyə bilmələrini təmin etmək məqsədilə təhsil vermək sahəsində 78 illik ənənəyə sahib olan peşə-ixtisas məktəbidir. Məktəb sinif otaqlarında nəzəriyyə öyrətməklə yanaşı peşəkar mühitlərdə tələbələri iş həyatına hazırlayan praktiki bacarıqları öyrətmək imkanı ilə də fəxr edir. 

Belqradda yerləşən uqastitelsko-turistika məktəbinin direktor köməkçisi Yelena Salipuroviç məktəbin tələbələrin ehtiyaclarını necə qarşıladığını şərh edib.

Məktəb tələbələri turizm sahəsində texniki personal, qonaqpərvərlik sahəsində texniki personal və ya aşpazlıq sahəsində texniki personal kimi fəaliyyət göstərməyə hazırlayan üç Avropa Kvalifikasiyalar Çərçivəsi səviyyəsinə malik dörd kurs və onları baş aşpaz, ofisiant və ya şirniyyatçı kimi fəaliyyət göstərməyə hazırlayan üç Avropa Kvalifikasiyalar Çərçivəsi səviyyəsinə malik üç kurs təklif edir.

Məktəb təxminən 1200 tələbə üçün sinifdə tədris, praktiki təlim, peşəkar iş təcrübəsi və internatura vasitəsilə müasir təhsil təmin edir. Praktika sinifləri qab-qacaq, restoran zalı, bar və resepşnla təchiz edilmiş və tələbələrin məşq edə biləcəyi ixtisaslaşmış sinif otaqlarında təşkil edilir. 

Məsələn, aşpazlıq dərsləri elə təşkil edilir ki, tələbələr əvvəlcə yeməyin komponentlərini öyrənir və yeməyin hazırlanması ilə əlaqədar nəzəri bilik əldə edirlər. Daha sonra onlar müəllimin göstərdiklərini izləyirlər; yeməklərə baxır, onları iyləyir və dadırlar.  Növbəti addım müəllimin köməyi ilə yemək hazırlama prosesində iştirak etməkdən ibarətdir. Bundan sonra tələbələr yemək hazırlama üsulları ilə tanış olmuş və onları təcrübədən keçirməyə hazır vəziyyətdə olurlar.

Məktəb başqa təşkilatlarda iş təcrübəsi və praktiki təlim təmin etməkdən əlavə öz məktəb emalatxanasında - Palace oteldə də praktiki dərslər təşkil edir. Palace otel Belqradın mərkəzində yerləşən 4 ulduzlu oteldir. O, eyni zamanda məktəbin emalatxanasıdır. O, Serbiyada, hətta bəlkə, regionda yeganə bu cür oteldir. Məktəb emalatxanasına çevrilmiş otel tələbələrin onlara təlimatlar verən, işlərini müşahidə edən, səhvlərini düzəldən və onları daha bacarıqlı olmağa həvəsləndirən müəllim və təlimçilərin nəzarəti altında burada təcrübə keçməsi və işləməsi baxımından mükəmməl təhsil resursudur. Bir tərəfdən, tələbələr nəzarət edilən mühitdə təcrübə keçir, digər tərəfdən isə, restoranında qonaqlar olan oteldə işləyirlər. Bu yolla tələbələrdə özlərinə qarşı inam yaranır və onlar yavaş-yavaş daha müstəqil olurlar. Məktəb hər bir tələbənin qarşılaşdığı çətinliklərlə tanış olan işçiləri işə götürdüyündən bu üsul, xüsusən, xüsusi təhsil ehtiyaclarına malik olan tələbələr üçün mühüm əhəmiyyət kəsb edir.

Turizm agentliyi və otel əməliyyatları dərslərində tələbələr biznes əməliyyatları, eləcə də turizm agentliklərində və otelin qəbul şöbəsində çalışmağın müxtəlif aspektləri haqqında bilik əldə edirlər. Gələcək iş həyatına tam şəkildə hazırlaşmaq və müştərilərin ehtiyaclarını ödəməyi bacarmaq üçün tələbələr müəllimlərinin müşayiəti ilə muzeylərə, qalereyalara, sərgilərə, turizm agentliklərinə, qatar stansiyalarına və avtobus dayanacaqlarına, aeroportlara, eləcə də turizm və qastronomiya yarmarkalarına baş çəkirlər. Xarici dillərin öyrənilməsinə də xüsusi diqqət yetirilir və tələbələr ingilis və ya fransız, alman və ya rus dillərində müxtəlif görməli yerlər haqqında təqdimatlar hazırlamağa həvəsləndirilirlər. Tələbələr təhsillərinin üçüncü və dördüncü illərində müəllimlərindən yalnız kiçik dəstək almaqla ekskursiya və qısa səyahətlər təşkil edirlər.

Uqastitelsko-turistika məktəbi gələcəkdə iş tapa bilmək üçün praktiki təlim və iş təcrübəsinin mühüm əhəmiyyət kəsb etdiyinin fərqindədir. Məktəb tələbələrin real mühitlərdə təcrübə keçməsini təmin edə biləcək çox sayda otel, restoran və turizm agentliyi ilə əməkdaşlıq edir. Təəssüf ki, tələbələrə gördükləri iş müqabilində ödəniş edilmir. Buna baxmayaraq, onlar adətən məktəbi bitirdikdən sonra iş tövsiyələri, hətta iş əldə etmək imkanları üçün bu təşkilatlarda praktiki təlim və iş təcrübəsi əldə etməyə can atırlar.

Uqastitelsko-turistika məktəbinin işçi heyəti dram klubu, idman klubu və poeziya mütaliəsi kimi məktəbdən kənar fəaliyyətlər vasitəsilə tələbələri daha çox şey öyrənməyə və dünyagörüşlərini genişləndirməyə həvəsləndirməyə çalışır. Hər il tələbələr idman, xarici dil, tarix və ədəbiyyat müsabiqələrində, eləcə də peşələri ilə əlaqədar fənlər üzrə milli və regional səviyyəli müsabiqələrdə iştirak etməyə həvəsləndirilir və bu müsabiqələrdə diqqətəlayiq nəticələr əldə edirlər. Məktəbin tələbələri Serbiyada Qonaqpərvərlik və Turizm İşçiləri İttifaqı tərəfindən təşkil edilmiş axırıncı müsabiqədə 18 qızıl medal qazanıb.

Uqastitelsko-turistika məktəbi on illərdir, Serbiyada turizm və qonaqpərvərlik təhsili sahəsində lider mövqeyinə sahibdir. Tələbələr məktəbi bitirdikdən sonra otellərdə, kafelərdə, restoran və turizm agentliklərində işləmək üçün hazırlanırlar. Onlara yalnız Serbiyada deyil, dünyanın müxtəlif ölkələrində rast gələ bilərsiniz.