E-portfellərin tələbələrə 10 faydası

Keçən aykı nömrəmizdə rəqəmsal texnologiyaların təhsil və tədris prosesini necə təkmilləşdirə biləcəyini izah edən "əsas məsləhətləri" diqqətinizə çatdırmışdıq. Bu ay isə nailiyyətlərə nəzər salmağa və onları qeyd etməyə diqqət yetirəcəyik. 

City of Glasgow kolleci tələbələrin irəliləyişləri, qeydləri və nailiyyətləri haqqında məlumatların rəqəmsal şəkildə saxlanıldığı elektron portfelləri müvəffəqiyyətlə qəbul edib. Biz isə bundan ilham alaraq elektron portfellərin tələbələrin işi ilə bağlı qeydləri, təhlil və fikirlərini genişləndirməsinin on əsas səbəbini qeyd edirik.

Həvəsləndirən düşüncə tərzi:

  • Zaman keçdikcə inkişaf – tədrislə əlaqədar məlumatları saxlamaq üçün elektron portfellərdən istifadə tələbələrə müəyyən vaxt çərçivəsindəki fərdi inkişaflarını izləməkdə kömək edir. City of Glasgow kolleci elektron portfellərin tələbələrə keçmiş tapşırıqlarına nəzər salmaq və səhvlərindən nəticə çıxarmaq imkanı verdiyini aşkar etməyə nail olub. Tələbələr öyrənmə prosesinin ardıcıl xarakterə malik olduğunun şahidi olmağa təşviq edilib. 
  • Tədris haqqında zəngin təsəvvür – elektron portfellərdən istifadə tələbələrin tədris prosesləri haqqında zəngin və ətraflı təsəvvürü olmasına kömək edə bilər. Yazılmış kurs işləri elektron portfellərdə saxlanıla, eyni zamanda onların rəqəmsal potensialından tam şəkildə istifadə edilə bilər. Videolar, fotoşəkillər və audio-yazılar da öz növbəsində tələbələrə peşə-ixtisas təhsili təcrübələrinin daha tam mənzərəsini sənədləşdirməkdə kömək edə bilər.
  • Spesifik sualların verilməsi – tələbələrə suallar verməklə onlara öz tədris proseslərinə nəzər salmağı təlqin etmək olar. Bunu elektron portfelə daxil edin. Tələbələrə praktiki fəaliyyətləri, işlərinin keyfiyyəti və dəqiqliyi, metod və formativ tapşırıqları, tədris prosesinə nəzər salmaları kimi məsələlərin təfərrüatları haqqında suallar verə bilərsiniz.
  • Rəylərin açıq saxlanılması –  rəylərin bir yerdə saxlanılması tələbələrə hazır olduqları zaman bu rəylərə nəzər salmaq imkanını verir. Qeyd edək ki, rəqəmsal əks-əlaqələrin itmə ehtimalı kağız əks-əlaqələrin itmə ehtimalından xeyli azdır. Qlazqo kollecinin elektron portfellərdən istifadə etməsi tələbələrə müəllimlərinin rəy və fikirlərini daha yaxından təhlil etmək imkanı verib. 

Əks-əlaqələrin təkmilləşdirilməsi:

  • Tələbələrin inkişaflarının izlənməsi – elektron portfellər müəllimlərə müəyyən zaman çərçivəsində tələbələrinin tədris nəticələrini izləmək imkanını verir. Müəllimlər tələbələrin necə inkişaf etdiyini görə və hansı tələbələrin daha çox köməyə ehtiyacı olduğunu təyin edə bilər.  
  • Şöbənin qiymətləndirmə prosesinin təkmilləşdirilməsi – elektron portfellərdən istifadə City of Glasgow kollecinə öz qiymətləndirmə prosesini təkmilləşdirməkdə kömək edib. Müəllimlər rəylərinin ciddi və faydalı olduğuna dair sübutlar təmin edə biliblər. 
  • Mərhələli tətbiq – siniflərdə rəqəmsal texnologiyaların tətbiq edilməsi bir sıra çətinliklərlə müşayiət oluna bilər. Ancaq dəyişiklikləri yavaş-yavaş tətbiq etməklə çətinliklərin öhdəsindən gəlmək mümkündür.  City of Glasgow kolleci işə elektron portfellərin 50 tələbəyə verilməsi ilə başlayıb. Müəllimlərin və digər heyət üzvlərinin sistemin necə işlədiyini öyrənməsi ilə bu say tədricən artırılıb.

Tələbələrin işlərinin dəyərləndirilməsi və başqa faydalı qeydlər:

  • Nailiyyətlərin nümayiş etdirilməsi – işlərlə əlaqədar dəlillərin bir yerdə saxlanılması tələbələrə nailiyyətlərini başqalarına göstərmək imkanını verir. Xüsusi halda, tələbələr kursu təhsil həyatlarının təfərrüatlarını və potensial işəgötürənlərə göstərmək üçün nailiyyətlərini əks etdirən vahid sənədlə bitirirlər. 
  • Tanış proqramlardan istifadə – tələbə və müəllimlərin elektron portfellərə müraciət etmək imkanı olmalıdır. Tələbə və müəllimlərin artıq rahatlıqla istifadə etdiyi proqram təminatından istifadə etmək asan keçid imkanı təmin edəcək və inkişafı artıracaq. City of Glasgow kolleci Microsoft paketinin yaxşı işlədiyini bildirir, ancaq eyni zamanda qeyd edir ki, iBooks Author-dan istifadə elektron portfellər vasitəsilə gələcək işəgötürənlərə müraciət etmək imkanını təkmilləşdirməyə kömək edə bilər.
  • İnklüziv tədris – disleksiyası olan tələbələr işlərini müvafiq formatda qeydə ala bilərlər. City of Glasgow kolleci disleksiyası olan tələbələrin rəylərini daha arxayınlıqla ala və nailiyyətlərini daha yaxşı nümayiş etdirə bildiklərini aşkar edib.