Bacarıqlar üzrə mütəxəssis

Bu ay bacarıqlar üzrə mütəxəssisimiz "Evolve Global Solutions" şirkətinin təhsil üzrə mütəxəssisi Afşan Bekşdir. O, peşəkar inkişafla əlaqədar suallarınızı cavablandırır.

Texnologiyanın bu qədər sürətlə inkişaf etdiyi bir vaxtda daim məşğul olan müəllimlər sahə/sənaye ilə əlaqədar biliklərinin daim yenilənməsini təmin etmək üçün necə vaxt ayıra bilər?

Peşə təhsili müəllimləri və təlimçiləri olaraq sinifdə təqdim etdiyimiz biliklərin yeni və sənayeyə uyğun olduğuna əmin olmağımız vacib məsələdir. Bu məsələ ilə əlaqədar ağlıma işlədiyim ilk illərdə baş vermiş bir hadisə gəlir. İnşaat ixtisası üzrə müəllim komandası inşaat sənayesinin nümayəndələrini kolleclərinə dəvət etmişdi. Tələbələr pilləkən üçün taxta pillələr düzəltməyi öyrənirdi. Sənayenin nümayəndələrindən biri bildirdi ki, tələbələrə pillə düzəltməyi öyrətməyə ehtiyac yoxdur, belə ki, hazırda pilləkənlər hazırlanmış vəziyyətdə gətirilir və tələbələrin hazır pillələri quraşdırmağı öyrənməsi daha vacib məsələdir! Həmin müəllim komandası sənaye nümayəndələrindən tədris planlarını nəzərdən keçirib dəyişikliklər təklif etməyi xahiş etdi. Mən də maliyyə çatışmazlığı səbəbindən köhnə avadanlıqların istifadə edildiyi kolleclərdə olmuşam, ancaq hətta resursların olması halında da sürətlə inkişaf edən sənaye ilə ayaqlaşmaq çətin məsələdir. İstənilən halda sahə və ya sənaye ilə əlaqədar biliklərimizin yeni olmasını təmin etmək çox vacibdir. 

Biliklərinizin yeni olmasını təmin etməyin yollarından biri tədris etdiyiniz kurs üzrə görüş və layihələrin təşkil edilməsidir, bu yolla kursunuzu canlandıra, eyni zamanda sahəniz üzrə innovasiyalardan xəbərdar ola bilərsiniz. 

Faydalı ola biləcək bir neçə tövsiyə:

  • Kursların tərkib hissəsi kimi tələbələrinizlə birlikdə sənaye üzrə tərəfdaşınızı ziyarət edin. Bu yolla siz və tələbələriniz cari vaxtda istifadə edilən texnologiya və ya yanaşmalarla tanış olmaq imkanı əldə edəcəksiniz və bu, kursunuzun canlanmasına və yenilənməsinə şərait yaradacaq.
  • Əgər sənaye üzrə tərəfdaşınıza baş çəkmək imkanına malik deyilsinizsə, onda:
  1. sənaye üzrə tərəfdaşlarınızı kollecinizə dəvət edin, onlar öz yanaşmalarını nümayiş etdirə bilər və ya tələbələrə göstərmək üçün bəzi avadanlıqlar gətirə bilər
  2. Sizin sənaye sahənizdə istifadə edilən texnologiya və ya yanaşmaları əks etdirən video-materiallar əldə edin. Video-material tapmadığınız halda sənaye üzrə tərəfdaşınızla və sahə üzrə assosiasiya ilə əlaqə saxlayın və ya sizin tərəfinizdən video-material hazırlamaq üçün icazə istəyin.
  • Sənaye və ya sahənizlə əlaqədar bloqları oxuyun və şəbəkələrə qoşulun. Sadəcə nəzərdən keçirməklə öz sahənizdə meydana gələn çətinlikləri və dəyişiklikləri, eləcə də məqalələri, son fikirləri, həmçinin imkanları görə bilərsiniz.
  • Twitter, Facebook, LinkedIn və ya istənilən başqa sosial şəbəkə platformasında müvafiq sahə üzrə şirkətləri və ya aparıcı şəxsləri izləyin. Çox sürətlə sahəniz daxilində baş verənlərdən xəbərdar olacaqsınız.
  • Tələbələrinizə bir sıra tədqiqat tapşırıqları və ya sahəniz daxilində meydana çıxan son dəyişikliklərə əsaslanan layihələr tapşırın. Tələbələrdən aşkar etdikləri məlumatları sizə və digər tələbələrə təqdim etmələrini xahiş edin. 

İstənilən sahə haqqında, xüsusən də, texnologiya ilə əlaqədar yeni trendlər, yeni təcrübələr, vasitələr və s. haqqında yeni məlumatlara sahib olmaq çox vacib məsələdir. Daim dəyişməkdə olan sahəmizdən uzaq qalmamaq üçün yeni məlumatlara sahib olmağımız bir tərəfdən tələbələrimiz üçün vacibdirsə, digər tərəfdən də, öz işimizlə yaxından maraqlanmamıza, eləcə də işimizdən ilham almamıza kömək edə bilir.

Əminəm ki, yeni məlumatlara sahib olmağın olduqca çox üsulu var. Əgər hazırda bu yazını oxuyursunuzsa və öz töhfənizi vermək istəyirsinizsə, sahə ilə əlaqədar yeni məlumatları necə əldə etdiyinizi vee@britishcouncil.org ünvanına yazmaqla bizə bildirin. Fəal şəkildə çıxıb axtarış aparır, yeni kitab alır və ya yuxarıda tövsiyə edilmiş texnikadan istifadə edirsinizmi?

Komandalar işləmədikləri halda yeni yanaşmaları sınaqdan keçirməyə meylli olmadıqda onları peşəkar inkişafa üstünlük verməyə necə həvəsləndirmək olar?

Bu baxımdan açar sözlər motivasiya və dəstəkdir!

İlk növbədə, gəlin, nəzərə alaq ki, insanları inkişaf etdirməyin ən effektiv yolu ənənəvi təlim üsulundan uzaqlaşmaq və onun əvəzinə insanlar üçün fərdi şəkildə təlim və şəxsi inkişaf üsulundan istifadə etməkdən ibarətdir. Təbii ki, komandalar təlimdə iştirak edəcək, ancaq adətən təlimlər darıxdırıcı olur və komandalar onlara vaxt ayırmaqdan yayınmağa çalışır. Ancaq bunu dəyişə, təlimi işə deyil, fərd olaraq komanda üzvlərinə həsr edə bilərsiniz. Bu tənzimləmə təlimi ənənəvi iş bacarıq və biliklərindən daha geniş sahəyə yayır və sizin, eləcə də komandanız üçün daha maraqlı, faydalı və motivasiya edici imkanlar yaradır.

Hamımız özümüz üçün rahat olan iş prosesinə sadiq qalmaq istəyirik, ondan kənara çıxdıqda pis və gülünc görünəcəyimizdən qorxuruq. Ancaq, mən özümü arxayın hiss etsəm və ətrafımdan dəstək görsəm, yeni yanaşmaları sınaqdan keçirmək üçün özümdə cəsarət tapa bilərəm. Eyni zamanda anlamadığım halda kömək istəməyə və anlamadığımı bildirməyə cəsarət edərəm. Əlverişli mühitin yaradılması komandanızın peşəkar inkişafa üstünlük verməsinə nail olmaq üçün əsas şərtdir. Misal üçün sinif otağını götürək, tələbələrimiz üçün əlverişli və səmimi mühitlərin yaradılması üçün dəridən-qabıqdan çıxırıq. Tələbələrimizi yenilikləri sınaqdan keçirməyə həvəsləndirir, onları dəstəkləmək və yol göstərmək üçün yanlarında olacağımızı bildiririk. Öz komandaları üçün bu cür mühitlər yaratmaları  təhsil üzrə menecer və rəhbərlər üçün faydalı olacaq. Tələbələrdən ən yaxşı nəticələrin əldə edilməsi üçün sinif otağında istifadə etdiyimiz texnikaların ötürülməsi və uyğunlaşdırılması heyət üzvlərindən ibarət komandaların daha yaxşı fəaliyyət göstərməsinə nail olmaq baxımından da eyni dərəcədə dəyərlidir.

Bu məsələ tətbiq edilməsində iştirak etdiyim konkret bir yanaşmanı yada salır.  "Dəstəklənən eksperimentlər" adlandırılan bu yanaşma Birləşmiş Krallığın tədris metodları üzrə aparıcı mütəxəssislərindən biri olan Cef Petti tərəfindən işlənib hazırlanıb. Bu yanaşmada komandalar kiçik "dost" və ya yoldaş mentorluq qrupları yaratmağa həvəsləndirilir. Qruplar müntəzəm şəkildə görüşərək işlərinin təkmilləşdirmək istədikləri tərəfini seçir. Şəxsən mən hesab edirdim ki, eyni istiqamətdə işləmək istəyən komandaları qruplaşdırmaq daha yaxşı üsuldur. Məsələn: Mən daha geniş spektrə malik tədris yanaşmalarından istifadə etməyə üstünlük verirəm, ona görə də, bu, eyni istiqamətlə maraqlanan kiçik qrupla işləməklə müqayisədə daha yaxşı ola bilər. Bu halda qrup hər bir üzvünə plan hazırlamaqda, hətta tədqiqat aparmaqda kömək edir. Qrupun hər bir üzvü öz "eksperimentini" aparır və nəticələrini müşahidə edir. Nəticələr və yekun nəticə növbəti görüş zamanı qrupa məruzə edilir. Qrup tənqidi yanaşan dost kimi davranmalıdır. Eksperimentin nəticələri müsbət olmadıqda, qrup eksperimenti yaxşılaşdırmaq üçün birlikdə işləyə bilər və beləliklə, ikinci, hətta üçüncü eksperimenti həyata keçirə bilərsiniz. Üçüncü dəfə də eksperimentin nəticələri mənfi olarsa, onu dayandırmaq və başqa yol axtarmaq tövsiyə edilir.

Deyərdim ki, "Dəstəklənən eksperimentlər" çox sayda tədris və qeyri-tədris ssenarilərinə uyğunlaşdırıla bilər.

Bu yanaşma haqqında ətraflı məlumat üçün baxın.

Kouçinq və mentorluq müəllimlər üçün yaxşı ideyaya oxşayır, bəs onları müvəffəqiyyətlə təqdim etmək üçün nə edə bilərik?

Daha iddialı danışaraq deyərdim ki, kouçinq və mentorluq yanaşmalarına əsaslanan mədəniyyətin formalaşdırılması olduqca qiymətli bir addımdır. Hamımızın çevrəsində problemlərin həll edilməsi və ya qərara gəlmək məsələlərində bizə ustalıqla kömək edən bir və ya daha artıq həmkarımız var. Burada əsas məsələ dəstəyə ehtiyacı olan şəxsin (tələbənin) öz problemləri ilə məşğul olmasını və kömək təklif edən şəxsin (mentorun) tələbənin problemlərini öhdəsinə götürməməsini təmin etməkdən ibarətdir! Odur ki, birinci addım kimi mentorluq və kouçinqin nə olduğu, necə icra edilməli olduğu ilə əlaqədar təlimin planlaşdırılmasını və ya məlumatlılığın formalaşdırılmasını, yaxud da mentorluq və kouçinqin faydalarının vurğulanmasını nəzərdə tutardım. 

Yeni müəllimlər kursun bir hissəsi kimi müəyyən mentorluq formalarından istifadə edəcək. Onların bu dəstəyin davam etməsindən məmnunluq duyacağı gözlənilir. Onlar artıq bu prosesin faydalarını hiss etmiş olacaq və məsələ ilə əlaqədar yaxşı təsəvvürlər formalaşdıracaqlar – onların mentorluğun faydaları ilə əlaqədar fikirlərinin öyrənilməsi ilham verici hekayə və sitatların yaranmasına gətirib çıxaracaq. Bu hekayə və sitatlar binanın ətrafında afişalar, yaxud digər marketinq və sosial media vasitələri kimi istifadə edilə bilər. 

Daha təcrübəli müəllimlər mentorluğa ehtiyacları olmadıqlarını düşünə bilər, tövsiyə edərdim ki, onlar:

  • Eyni iş stajına malik qrupda yoldaşlararası mentorluq əlaqələri formalaşdırmağa cəsarətləndirilsinlər. 
  • Mentorların seçilməsi üçün yaxşı baza rolunu oynaya biləcəkləri üçün bu istiqamətdə istifadə edilsinlər. Proses müvəffəqiyyətlə tamamlandıqda bacarıqlar üzrə mentor və kouç da prosesdən tələbə qədər fayda əldə etməlidir. Mentor tələbələri ilə işləyərkən prosesdə onun üçün də "Evrika" anları olmalıdır! Odur ki, bacarıq və təlim vacib şərtdir.

Digər bir yanaşma isə müəyyən ixtisaslar üzrə mentorların - tədris və təlim proseslərində daha çox texnologiyadan istifadə etmək istəyən müəllimlərin mentorları rolunu oynayan qrupun olması ola bilər.  Diferensiasiyadan yaxşı istifadə etməyi bacaran mentorlar və s.

Bu iş tərzinin qorunub saxlanması üçün əldə edilmiş nəticələrin təsdiq edilməsini və il boyu qeyd edilməsini, eləcə də mentor və tələbələr üçün müntəzəm şəkildə təlimin keçirilməsini təmin edin. Bütövlükdə təşkilat yanaşmasının olması bunun təşkilatın mədəniyyətinin dərinliklərinə nüfuz etməsinə səbəb ola bilər.

Bir neçə il əvvəl həmkarların bir-birinin inkişafına nəzarət etməsini dəstəkləmək üsulu kimi "Peşəkar dialoq" adlanan texnika ilə əlaqədar təlim keçmişdim. Bu yanaşma haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz:

Bu yanaşmanın sadəliyi ondan ibarətdir ki, daha strukturlaşdırılmış şəkildə müzakirə (peşəkar dialoq) aparmağı öyrənməklə inkişafı dəstəkləmək, potensial yaratmaq və çox sayda müxtəlif problemin həllini formalaşdırmaq üçün bir-birimizlə işləyə bilərik. Peşəkar dialoqdan yalnız həmkarlarımla deyil (müəllimlər, təlimçilər, menecerlər və rəhbərlər), eyni zamanda tələbələrimlə işlədiyim zaman müvəffəqiyyətlə istifadə etmişəm. Siz də cəhd edin!

Tələbələrimin darıxmağına imkan verməmək üçün sessiyalarımın maraqlı olmasına necə nail ola bilərəm?

Temp və maraq səviyyələrinin yüksək olmasını təmin etmək üçün ən yaxşı üsul müxtəlif yanaşma və məşğələlərdən istifadə etməkdir. Ancaq yenə də çərçivədən çox çıxmayın, sizin üçün prioritet məsələ tələbələrin öyrənməsini təmin etməkdən ibarətdir! Məşğələnin çox dəyişkən olması çaşdırıcı ola bilər.

Müxtəlif məşğələlərdən istifadə edərkən qrupunuzu müşahidə edin və ən faydalı olanları - tələbələri iştirak etməyə sövq edənləri, çətinliyə salanları və təlim nəticələrinin meydana gəlməsinə imkan verənləri qeyd edin. Yaxud da sadəcə qrupunuzdan hansı məşğələləri və nə üçün bəyəndiklərini soruşun. Bütün elementlərin sintezindən istifadə etməyə çalışın: öz bilikləriniz, qrup işi, təqdimatlar, cütlük şəklində iş, müzakirələr, praktiki tapşırıqlar və s. 

Müəllimlərin təqdim edəcəyi bəzi məlumatları tələbələr özləri axtarıb tapa bilər. Bu yanaşma tələbələrin tədqiqat aparma və müstəqil öyrənmə bacarıqlarının inkişaf etdirilməsinə kömək edə və sizə dəyərli dərs vaxtından onların yeni əldə etdikləri bilikləri tətbiq edə bilib-bilmədiklərini yoxlamaq üçün istifadə etmək imkanı verə bilər.

Müxtəlif üsulları sınaqdan keçirməkdən çəkinməyin (təhlükəsiz olduqları halda) və təlim prosesinin müntəzəm şəkildə sual vermək, yoxlama sorğularından, praktiki tapşırıqlardan istifadə etmək və baş verənləri müşahidə etməklə həyata keçirilməsinə nail olun.

Tələbələrin diqqətinin yayınmasının digər səbəbləri isə kifayət qədər sınağa çəkilməmələri və ya geri qaldıqlarını hiss etmələridir. Çətin və asan tapşırıqlarınız olsun. Tələbələrinizi tanıdıqca bu, daha asan olur. Çox vaxt eyni qrupda müxtəlif səviyyəli tələbələriniz ola bilər; ona görə də, təlim prosesini diferensiasiya etməlisiniz (fərdiləşdirməlisiniz). Tələbələr həmçinin onlardan münasib hesab etmədikləri işləri görmələri xahiş edildikdə darıxırlar. Tədris etdiyiniz fənni həyatiləşdirməyə çalışın və ya tələbələrin təlim nəticələrini, bu nəticələrin sənaye, sahə və ya kursla əlaqələrini anlamalarını təmin edin.

Hər hansı mövzu haqqında bacarıqlar üzrə mütəxəssisə sualınız varsa, zəhmət olmasa, VEE@britishcouncil.org ünvanı vasitəsilə və ya buradan bizə göndərin.

"Evolve Global Solutions" şirkətinin təhsil üzrə mütəxəssisi Afşan Bekş haqqında

Afşan peşə təhsili və təlimi sahəsində həm Birləşmiş Krallıqda, həm də dünyada 20 illik rəhbərlik təcrübəsinə malikdir. Onun ixtisas sahələrinə kouçinq, keyfiyyətin təkmilləşdirilməsi, yoxlama, dəyişikliklərin idarə edilməsi, tədris və təlim, rəhbərlik, tələbələrin dəstəklənməsi xidmətləri, ictimaiyyət və işəgötürənlərin cəlb edilməsi, biznesin inkişafı, müəssisə və sahibkarlıq daxildir.

 

Afşan 2015-ci ilin sentyabr ayında "Evolve Global Solutions" şirkətinin əsasını qoyub və hazırda "British Council", Birləşmiş Krallıqda yerləşən və beynəlxalq kolleclər, eləcə də dövlət və hökumət agentlikləri kimi təşkilatlara ixtisaslaşmış texniki dəstək göstərən çox sayda layihəyə rəhbərlik edir.

 

Afşan eyni zamanda təlim keçmiş kouçdur və çətin vəziyyətlərin öhdəsindən gəlmələri, dəyişiklikləri həyata keçirmələri, eləcə də özlərinin və ya komandalarının bacarıqlarını inkişaf etdirmələri üçün təhsil sahəsində fəaliyyət göstərən menecer və müəllimlərə dəstək göstərib. 

Afşan aşağıdakı ölkələrdə uğurlu təhsil layihələri həyata keçirib: Birləşmiş Krallıq, İtaliya, İrlandiya, İspaniya, Niderland, Hindistan, Cənubi Afrika, Tunis, Tanzaniya, İordaniya, Oman, Tailand, Vyetnam, İndoneziya, Qazaxıstan, Keniya, Nepal, Şri Lanka, Mərakeş

 

"Evolve Global Solutions" və Afşan Bekş haqqında buradan məlumat əldə edə bilərsiniz.

Afşan Bekşlə info@evolve-global.uk ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.