Beynəlxalq peşəkar tədris standartlarının öyrənilməsi

Əgər təhsil prosesinizin keyfiyyətini artırmaq istəyirsinizsə, ancaq hansı sahələrə diqqət yetirməli olduğunuzu və ya beynəlxalq səviyyədə sizdən nə gözlənildiyini bilmirsinizsə, bu resurs sizin üçün faydalı ola bilər. 

Təhsil və Təlim Fondu İngiltərədə müəllim və təlimatçılar üçün peşə standartlarını nəşr edib.

Standartlar təhsil və təlim sahəsində effektiv təcrübə ilə əlaqədar aydın gözləntiləri təyin edir. Onlar müəllim, təlimatçı və digər mütəxəssislərə öz peşəkar inkişafları üçün sahələr təyin etmək imkanı verir. Standartlar ilkin müəllimlik təhsilini dəstəkləmək və təşkilatlar tərəfindən öz əməkdaşlarının inkişafına təkan vermək üçün istifadə edilə biləcək milli istinad nöqtəsi təmin etmək məqsədilə istifadə edilə bilər. 

2014-cü ilin təhsil standartları müəllimlər və təlimatçılar tərəfindən mütəxəssisləri maraqlandıracaq və həvəsləndirəcək, eləcə də yüksək səviyyəli bacarıqlara malik müəllim və təlimatçıların inkişafını dəstəkləyəcək iddialı peşə təcrübələrini formalaşdırmaq məqsədilə yaradılıb. 

Standartlar üç əsas hissəyə bölünür: peşə dəyərləri və atributları, peşə bilikləri və peşə bacarıqları. 

Gəlin, ilk növbədə dəyərlər və atributlar hissəsinə nəzər salaq. Müəllim və təlimatçılar daim onlar üçün faydalı olan aspektlərə əsaslanmalı, eyni zamanda davranışlarını yeniləməli və müntəzəm şəkildə peşəkar inkişafa nail olduqlarına əmin olmaq üçün həmkarlarının rəylərini öyrənməlidir. Onlar inteqrasiya və fərqliliklərə qarşı hörməti təbliğ etməklə, eləcə də peşəkar tədrisi dəstəkləmək məqsədilə həmkarları ilə sıx əməkdaşlıq şəraitində işləməklə innovasiyalar, yaradıcılıq və tədris etdikləri fənnə qarşı sevginin köməyilə tələbələri ilhamlandırmalı və həvəsləndirməlidir. 

Standartların bölündüyü üç hissədən ikincisi peşə biliklərini əhatə edir. Standartların bu hissəsi müəllimlərin araşdırma vasitəsilə bilik əldə etmələri və bu bilikləri yeniləmələri, eyni zamanda nəzəri təcrübələrlə əlaqədar anladıqları məsələləri tədris mühitinə tətbiq etmələri ilə əlaqədardır. Bu, müsbət tədris davranışını dəstəkləmək və təbliğ etmək məqsədilə müəllimlərin bu anlayışlardan necə istifadə etməli olduqlarını təsvir edir və yaratdığı təsiri təyin etmək üçün onların başqaları ilə təcrübələrini qiymətləndirir. Nəhayət, bu, müəllimlərin öz vəzifə və öhdəliklərini tam şəkildə anlamalı olduqlarını təsbit edir. 

Standartların üçüncü və son hissəsi peşə bacarıqlarını əhatə edir. Müəllimlər hər bir tələbənin ehtiyaclarını ödəyən, onları nailiyyət əldə etməyə və inkişafa həvəsləndirən effektiv təhsil proqramları hazırlamalı və təqdim etməli, eyni zamanda təhlükəsiz və inklüziv təhsil mühiti yaratmalıdır. Müəllimlər tələbələrə öz təhsilləri üçün məsuliyyət daşımaq imkanı verməli və onlara ədalətli qiymətləndirmə üsulları tətbiq etməlidir. Onlar texnologiyadan istifadə etməyin üstünlüklərini təbliğ etməli, eyni zamanda tələbələrin ingilis dili və riyaziyyat ehtiyaclarını dəstəkləməlidir. Eyni zamanda müəllimlər peşə təhsili ilə əlaqədar bilik və təcrübələrini yeniləmək üçün bir-biri və işəgötürənləri ilə əməkdaşlıq şəraitində işləməlidir. 

Ümid edirik ki, təqdim etdiyimiz bu təqdimat 2014-cü ilin peşəkar təhsil standartlarına uğurlu giriş oldu. Əlavə məlumat əldə etmək üçün baxın: www.etfoundation.co.uk. 

İngilis dilində bütün peşəkar təhsil standartlarını buradan əldə edə bilərsiniz. 

Bu məqalə haqqında rəy bildirmək istəyirsinizsə, zəhmət olmasa VEE@britishcouncil.org ünvanına məktub göndərin və müzakirəyə qoşulun. Öz məqalənizi göndərmək istəyirsinizsə, bunu necə edəcəyinizi buradan öyrənin.