Peşəkar inkişafınızı təkmilləşdirmək üçün yeni model

Peşəkar inkişafın ənənəvi modellərində müəllimlərin ehtiyaclarına uyğunlaşdırılaraq ekspertlər tərəfindəntəlimlərin keçirilməsi əsas götürülür.

Biz isə mütəmadi olaraq təhsil təcrübələrinin təkmilləşdirilməsi üçün müəllimlərin təcrübələrini və təhsilini əhatə edən davamlı peşəkar inkişaf (DPİ) barədə danışırıq. 

Ancaq Birləşmiş Krallıqda yerləşən Stivenson kolleci isə fərqli bir modeli araşdırır - bu birgə praktikanın inkişafı (BPİ) modelidir. Bu model mükəmməl təhsil və təlimin dəstəklənməsi baxımından uğurlu modeldir. 

Birgə praktikanın inkişafı akademik Maykl Fildinq tərəfindən "Başqaları ilə təcrübə mübadiləsinə təkan verən qarşılıqlı iştirak vasitəsilə yeni iş üsullarının öyrənilməsi" şəklində təyin olunub. O, DPİ-dən şəxslər və təşkilatlar arasında qarşılıqlı əlaqə və inkişafı əhatə etməsi, eləcə də qarşılıqlı əlaqədə olan hər bir tərəfdaşın təklif edəcəyi fəaliyyətlərin qəbul etməsi ilə fərqlənir. Eyni zamanda proses üçün birgə sorğunu əhatə edən tədqiqat vasitəsilə informasiya təmin edilir. 

Stivenson kolleci bunu nəzərə alaraq təhsil qrupu yaratmaq üçün dörd başqa kolleclə, eləcə də veb-dizaynerlər, animatorlar, film şirkəti və naşirlərdən ibarət bir qrup yaradıcı peşəkarla birləşib. Birgə fəaliyyət göstərib ideyaları paylaşmaqla bu qrupun təhsil planı resurslarının yaradılması ilə əlaqədar təcrübələri təkmilləşdirə biləcəyinə ümid edilirdi. 

Bütün tərəfdaş kolleclər layihənin icrasından əvvəl təlimlərə və iclaslara dəvət edilərək yeni təhsil planı resurslarının yaradılmasına töhfə vermələri xahiş edilib. Bundan sonra iştirakçılar yeni resursların yaradılması üçün ən yaxşı üsullarla əlaqədar ideyaları müzakirə etmək və paylaşmaq məqsədilə yaradıcı peşəkarlarla görüşüb. Bura həm də prosesi dəstəkləyəcək bacarıq və proseduralar haqqında danışıqların aparılması da daxil idi. Resurslar yaradıldıqdan sonra bütün kolleclər materialların birgə nəzərdən keçirilməsi prosesinə cəlb edilib. Stivenson kolleci tərəfdaş kolleclərdən keyfiyyət və kəmiyyət yönümlü məlumatları toplamaqla yanaşı müəllimlərlə birlikdə daxili baxış da həyata keçirib. Onlar eyni zamanda layihənin nəticələrini qiymətləndirmək üçün tələbələrlə fokus-qruplar da təşkil edib. 

Stivenson kolleci aşkar edib ki, BPİ yanaşmasının tətbiq edilməsi tədris materiallarının yaradılması və müəllimlərin bacarıqlarının təkmilləşdirilməsi baxımından faydalıdır. 

Həm peşə təhsili müəllimlərini, həm də kommersiya yönümlü dizayn mütəxəssislərini əhatə edən resursların yaradılması iclasları müvafiq resursların yaradılması baxımından olduqca səmərəli olub. Bu iclaslar, xüsusən, dizaynerlərin sənaye ilə əlaqədar biliklərini və müəllimlərin tələbələrin ehtiyacları ilə əlaqədar məlumatlılıqlarını birləşdirən innovativ, rəqəmsal resursların yaradılması baxımından faydalı olub.  

Birgə baxış prosesi və müxtəlif kolleclərin cəlb edilməsi müəllimlərə müxtəlif təkmilləşdirmə fəaliyyətləri həyata keçirmək, eləcə də başqalarının təcrübələri əsasında öyrənmək bacarığını inkişaf etdirmək imkanı vermək baxımından effektiv olub. 

Layihə haqqında daha ətraflı məlumat almaq üçün bu linkə baxın

Bu məqalə haqqında rəy bildirmək istəyirsinizsə, zəhmət olmasa VEE@britishcouncil.org ünvanına məktub göndərin və müzakirəyə qoşulun. Öz məqalənizi göndərmək istəyirsinizsə, bunu necə edəcəyiniz barədə buradan öyrənin.