Peşə təhsili üzrə təlim böyük ərazilərdə necə təşkil edilməlidir?

Qazaxıstan dünyanın ən böyük materikdaxili ölkəsidir. Onun ərazisi iki materik boyu uzanır və Qərbi Avropa ilə eyni sahəyə malikdir. 

Bu qədər böyük bir ərazidə peşə təhsili müəllimləri üçün peşəkar inkişafın təşkili və təmin edilməsi heç də asan deyil. Qazaxıstanın Peşə Təhsili Mərkəzi bu fəaliyyəti həyata keçirmək üçün kaskad təlim yanaşmasından istifadə edir. 

Peşə Təhsili Mərkəzinin baş təlimatçısı Sanzhar Tatibekov və mərkəzin baş meneceri Aliya Bekişeva bizə layihə barədə məlumat verib: 

Qloballaşma və sənayeləşmənin getdiyi iqtisadiyyatın bütün sahələrində mütəxəssislər üçün təlimin və təkrar təlimin təkmilləşdirilməsi Qazaxıstan hökumətinin yürütdüyü siyasətin qarşısında duran əsas tapşırıqlardan biridir. Belə ki, güclü iqtisadi proseslər nəticəsində yeni kvalifikasiya və bacarıqlara sahib olan mütəxəssislərə tələbat yaranıb. 

Qazaxıstanda texniki-peşə və peşə-ixtisas təhsili və təliminin inkişaf etdrilməsi, şübhəsiz ki, iqtisadi və sosial inkişafa təkan vermək yollarından biridir və fərdi maraqları qarşılamaq, eləcə də əmək bazarının ehtiyaclarını ödəmək baxımından həlledici rol oynayır.

Qazaxıstanda 2016-2019-cu illər üçün Təhsil və Elmin İnkişafı ilə əlaqədar Dövlət Proqramının əsas məqsədlərindən biri də peşə təhsili və təlimi sistemini yüksək ixtisaslı kadrlarla təmin etməkdir. Təhsil işçiləri iş təcrübələri daxil olmaqla müntəzəm təlim, təkrar təlim və peşəkar inkişaf vasitəsilə lazımi bacarıqlar əldə edəcək.

2014-cü ildə Kasipkor Holdinqində təlim mərkəzi yaradılıb. 2016-cı ildə isə bu mərkəz Peşə Təhsili Mərkəzi kimi yenidən təşkil edilib. 

Mərkəzin məqsədi peşə təhsili və təlimi müəllimləri üçün peşəkar inkişaf imkanları yaratmaq, yeni standart və tələbləri qarşılayacaq müəllimlər hazırlamaq və bu təcrübəni ölkədəki bütün kolleclərlə bölüşməkdən ibarətdir.

Təlim mərkəzinin məqsədləri aşağıdakılardır: 

  1. Qazaxıstanda peşə təhsili və təlimi müəllimləri və menecerləri üçün beynəlxalq standartlara uyğun peşəkar inkişaf kurslarının planlaşdırılması və təşkil edilməsi
  2. Qazaxıstanda peşə təhsili və təlimi müəllimləri və menecerləri üçün innovativ çoxsəviyyəli peşəkar inkişaf modelinin tətbiq edilməsi
  3. Kasipkor Holdinqi tərəfindən yaradılmış yeni təhsil proqramlarının təqdim edilməsini dəstəkləyəcək təlimat və metodologiyaların təmin edilməsi
  4. Peşə təhsili və təlimi müəllimləri və menecerləri üçün yaradılmış kursların effektivliyinin monitorinqi və qiymətləndirilməsi
  5. Qazaxıstanda Holdinqin peşəkar inkişaf prosesindən keçmiş peşə təhsili və təlimi müəllimlərinin məlumat bazasının yaradılması və müntəzəm şəkildə yenilənməsi.

Bu baxımdan Peşə Təhsili Mərkəzi peşə təhsili və təlimi müəllimləri və menecerlərinin peşəkar inkişafını dəstəkləməklə əlaqədar dövlətin illik tapşırıqlarını yerinə yetirir. 2012-ci və 2016-cı illər arasında 4000-dən artıq mütəxəssis dövlət proqramının bir hissəsi kimi peşəkar inkişaf kurslarında iştirak edib. Təlim iştirakçılarının siyahısı mərkəz tərəfindən regional təhsil departamentləri ilə əməkdaşlıq şəraitində hazırlanır.

Peşə təhsili və təlimi müəssisələrində yeni bacarıq və peşələrin yaradılması məqsədi ilə modulyar təhsil proqramları çərçivəsində peşəkar inkişaf və təlim təklif edilir.

Kurslar təlim iştirakçılarının xaricdə yerləşən institutlarında yox məhz  peşəkar inkişaf və təlim mərkəzində və Kasipkor Holdinqinin tərəfdaşı olan kolleclərdə təklif edilir. Təlimlərin keçirilməsinə xarici və Qazax mütəxəssisləri, kənar təlimçilər və proqramın özünün xüsusi peşəkar inkişaf kurslarını keçmiş müəllim və təlimçilər cəlb edilir.

Misal üçün, 2016-cı ildə mərkəz "Yeni nəsil üçün peşə təhsili müəllimi" adlı proqram çərçivəsində peşə təhsili və təlimi müəllimləri və menecerləri üçün 72 saatlıq peşəkar inkişaf kursu təşkil edib. 

Kurs aşağıdakı modullardan ibarətdir:

  1. peşə təhsili və təliminin inkişaf etdirilməsi üçün yeni paradiqma və strategiya
  2. peşə təhsili və təliminin inkişaf etdirilməsi ilə əlaqədar hüquqi, proqramla idarə olunan və metodoloji dəstək
  3. funksional İKT bacarıqları
  4. peşəkar təhsil və psixologiyanın əsasları
  5. peşə təhsili və təlimi müəssisələrində kursların planlaşdırılması və təşkil edilməsi ilə əlaqədar yeni yanaşmalar.

Mərkəz tərəfindən keçirilən kursların metod və məzmunları pilləli təlim proqramları və modulyar peşəkar inkişaf kurslarına bacarıq yönümlü yanaşmaya əsaslanır. Mərkəz inteqrasiya olunmuş, interaktiv və təcrübə yönümlü təlim yanaşmasına inanır və onun yaradılmasını dəstəkləyir. Mərkəz, eyni zamanda müəllim və institutları tədris prosesləri və nəticələrinin keyfiyyətini qiymətləndirməyə və uyğunluq meyarından istifadə etməklə tələbələrin seçilməsi üçün sistemlər yaratmağa həvəsləndirir.

Ölkə ərazisinin ölçüləri və şəhərlər arasındakı məsafələrin çox olması səbəbindən mərkəz kaskad təlim yanaşmasından istifadə edir. Kənar təlimçilər ölkənin hər yerində peşəkar inkişaf kursları təşkil edir. Mərkəz xüsusi komissiya formalaşdırıb və bu komissiyanın üzvləri kənar təlimçilərin uyğun gəlməli olduğu meyarları təyin edir.

Hazırda 282 peşə təhsili və təlimi müəllimi kənar təlimçi statusuna malikdir. Bu status onların peşə təhsili və təlimi sistemi çərçivəsində qabaqcıl tədris təcrübələrini bölüşdürmək məqsədilə regionlarda peşəkar inkişaf kursları təşkil etmələrinə imkan verir.

Nəticə etibarı ilə, mərkəz eyni zamanda iki tapşırığı yerinə yetirir: peşə təhsili və təlimi müəllimləri və menecerlərinə təlim keçir, eləcə də öz kənar təlimçilərini hazırlayır. Mərkəzin kurslarını keçən müəllim və menecerlər Qazaxıstanda və xaricdə əldə etdikləri təcrübə və bilikləri digər maraqlı tərəflərlə bölüşür.

Peşə Təhsili Mərkəzi peşəkar inkişaf kurslarının təşkil edilməsindən əlavə onların effektivliyinə nəzarət də edir. Mərkəz şəffaflıq və obyektiv nəticənin təmin edilməsi məqsədi ilə kəmiyyət və keyfiyyət metodlarından istifadə etməklə peşəkar inkişaf kurslarının effektivliyini yoxlayan müstəqil kadr qiymətləndirmə mütəxəssislərini işə cəlb edir. Monitorinq, effektivliyin təhlil edilməsi və qiymətləndirmə mərkəzin təhsilin hansı məqamlarının təlim iştirakçıları üçün ən effektiv və faydalı olduğunu, nələrin təkmilləşdirilməli olduğunu, təlim iştirakçılarının kurslarda əldə etdikləri bilik və bacarıqlardan işlərində nə dərəcədə istifadə etdiklərini və təlim iştirakçıları arasında ən yüksək tələbatın hansı mövzulara olduğunu anlamasına kömək edir. Monitorinq, effektivliyin təhlil edilməsi və qiymətləndirmə proseslərinin nəticələri mərkəzin işini əks etdirmək baxımından yaxşı göstəricilərdir.

Mərkəz peşə təhsili və təlimi müəllimləri üçün yeni çoxsəviyyəli peşəkar inkişaf və təkrar təlim modelinin yaradılması üçün işçi qrup da formalaşdırıb. O, peşə təhsili və təlimi müəllimlərini davamlı inkişaf və həyatı boyu öyrənmək istiqamətində həvəsləndirmək üçün nəzərdə tutulub.  

Ölkə başçısı Nursultan Nazarbayev qeyd edib ki, "Bilik və peşə bacarıqları müasir təhsil, peşəkar inkişaf və təkrar təlimin əsas meyarlarıdır". Peşə təhsili və təlimi sistemini müasirləşdirmək məqsədilə peşə təhsili və təlimi müəllimlərini lazımi peşə bacarıqlarını əldə edə bilmələri üçün müntəzəm təlim, təkrar təlim və peşəkar inkişaf imkanları ilə təmin etməklə onların peşəkar inkişafına nail olmaq lazımdır.

Peşə Təhsili Mərkəzi özünü görkəmli və mühüm institut adlandıra bilməsinə imkan verən lazımi potensial və resurslara malikdir. Əminik ki, Kasipkor Holdinqi dövlətin peşə təhsili və təliminin inkişaf etdirilməsi ilə əlaqədar siyasətlərinin effektiv şəkildə tətbiq edilməsinə kömək edəcək.