Hazırda dünyada gənclər arasındakı məşğulluq səviyyəsi bugünkü gəncləri çətin gələcəyin gözlədiyindən xəbər verir.  Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri proqramına əsasən dünyada hazırda 75 milyon gənc işsizdir və artmaqda olan qlobal işçi qüvvəsini dəstəkləmək üçün 2030-cu ilə qədər 470 milyon yeni iş yeri yaradılmalıdır.

Uşaqlıqda hamımıza verilən "Böyüyəndə nə olmaq istəyirsən?" sualı tezliklə "Böyüyəndə necə iş tapacaqsan?" sualı ilə əvəz oluna bilər. 

İşə düzələ bilmək üçün real bacarıqlara yiyələnmək

Biz Birləşmiş Krallığın qeyri-hökumət təşkilatı olan "Teach a Man to Fish" ("İnsana balıq tutmağı öyrədin") təşkilatında tələbələrin yalnız iş tapmaq üçün deyil, eyni zamanda yeni iş yerləri yaratmaq üçün tələb olunan bacarıqlara yiyələnməsinə imkan yaratmaqla gənclərin işsizliyi ilə əlaqədar vəziyyəti dəyişməyə çalışırıq.

Bizim proqramlarımız dünyanın müxtəlif yerlərindəki məktəbləri tələbələr tərəfindən idarə edilən bizneslərə start vermək baxımından dəstəkləyir. Bu bizneslər məktəblərin dəstəklənməsi üçün maliyyə vəsaitlərinin əldə edilməsi ilə yanaşı tələbələrin XXI əsrin tələblərinə uyğun əsas bacarıqlara yiyələnməsinə də imkan verir. 2016-cı ildə tələbələr tərəfindən idarə edilən bizneslərimiz orta hesabla 780 $ gəlir əldə edib. Ancaq, hər halda daha vacib məsələ ondan ibarətdir ki, tələbələr tərəfindən idarə edilən bizneslər tələbələrə iş sahibi olmağın, məsələn, sahibkarlıq kimi müxtəlif yolları olduğunu göstərə bilər.

Məktəblərarası Təşəbbüskarlıq Müsabiqəsi (School Enterprise Challenge) proqramımız məktəbləri tələbələr tərəfindən idarə edilən biznesləri planlaşdırmaq, yaratmaq və inkişaf etdirmək modeli ilə təmin edir. Model Nigeriyada yerləşən istixanadan Peruda yerləşən bank kooperativinə qədər istənilən ölkə və biznes üçün istifadə edilə biləcək qədər uyğunlaşa və dəyişə biləndir. Müəllimlər proqram çərçivəsində təmin edilən ödənişsiz təlimat və təlim vasitəsilə tələbələrinə öz yaşlarına və maraqlarına, eləcə də yerli resurs və iqtisadiyyatlara uyğun gələn bizneslər yaratmaları üçün yol göstərə bilər.

Tələbələr tərəfindən idarə edilən bizneslər tələbələrinizə nə verə bilər?

Tələbələr tərəfindən idarə edilən bizneslər bir-biri ilə eyni olmasalar da, hamısı tələbələrə işlərində və həyatda müvəffəqiyyət qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirmək imkanı verir. Tələbələr tərəfindən idarə edilən bizneslərdə iştirak etmək nəticəsində tələbələrin yiyələnə biləcəyi beş əsas bacarıq:

Komandada işləmək

Tələbələr tərəfindən idarə edilən bizneslərdə iştirakçılara müxtəlif rol və öhdəliklər verilir. Liderlik mövqeyində olan tələbələr komandalarını motivasiya etməyi öyrənir. Digərləri isə güclü komanda yaratmaq üçün öz kurslarından və dost qruplarından olmayan yaşıdları ilə əməkdaşlıq etməyi öyrənir. Komandada işləmək eyni zamanda qrup şəklində qərar qəbul etmək və çətinliklərin öhdəsindən gəlmək üçün hamının qüvvəsindən istifadə etmək deməkdir.

Ünsiyyət

Tələbə sahibkarlar yerli müştərilərlə işləməkdən biznes ideyası təklif etməyə qədər sahibkarlığın bütün aspektləri ilə tanış olaraq peşəkarlıqla və əminliklə ünsiyyət qurmağı öyrənir. Tələbələr hədəf auditoriyalarına xitab edə bilmək üçün bazar araşdırması ilə əlaqədar bacarıqlara, eləcə də marketinq bacarıqlarına yiyələnir. Bəzi tələbələrdən eyni zamanda bizneslərini müəllimlərdən ibarət komissiyaya təqdim etmək də tələb olunur, tələbələr hətta bizneslərini beynəlxalq konfranslarda nümayiş etdirmək şansı da əldə edə bilərlər.

Problem həll etmək

Tələbələr tərəfindən idarə edilən bizneslər tələbələri problemlərlə qarşılaşdıqda tənqidi düşüncə və kreativlikdən istifadə etməyə cəsarətləndirir. Tənqidi düşünə bilmək yeni məlumat və ya biznes problemlərinə əminliklə yanaşmaqda tələbələrə kömək edir. Tələbələr eyni zamanda bizneslərini gücləndirmək məqsədilə çətinlikləri imkanlara çevirməyi öyrənir.

Hədəf təyin etmək

Tələbələr biznes-planlarında qeyd edilmiş hədəfləri təyin və əldə etməyi, eyni zamanda müvəffəqiyyəti oyunun sonu olaraq deyil, prosesin bir hissəsi kimi görməyi öyrənir. Onlar biznes hədəflərini idarə və əldə etməyi öyrənməklə bu müvəffəqiyyəti şəxsi həyatlarında, ailələrində və daha geniş mühitlərdə də davam etdirə bilərlər. Bəzi tələbələr hətta davam edərək öz bizneslərini qurur, həyat tərzlərini yaxşılaşdırır və başqalarına da iş imkanları təklif edir.

Maliyyə baxımından məlumatlılıq

Biznes aləmində olub-olmamaqdan asılı olmayaraq büdcənin hazırlanması, bank işi və riyazi əməliyyatlar daxil olmaqla bütün əsas bacarıqlar. Tələbələr tərəfindən idarə edilən bizneslər tələbələrə akademik təhsilləri üçün real həyata əsaslanan kontekstlər təqdim edir və müəllimlərə dərslərini sinif otağı çərçivəsindən çıxararaq onların daha məqsədyönlü olmasını təmin etməkdə kömək edir.

Tələbələr tərəfindən idarə edilən bizneslərin tətbiqi

Şarom Uqandada Makay Xatirə Kollecinin (Mackay Memorial College) tələbəsi olduğu zaman Məktəblərarası Təşəbbüskarlıq Müsabiqəsi çərçivəsində təşkil edilmiş tələbələr tərəfindən idarə edilən biznesin meneceri olub. Bu proses Şaromun sahibkarlığa qarşı marağını artırıb və onu öz quşçuluq biznesini yaratmağa həvəsləndirib. "Məktəblərarası Təşəbbüskarlıq Müsabiqəsində iştirak etməyim mənə praktiki bacarıqlarla yanaşı öz biznesimi yaratmaqda həyati rola malik olmuş marketinq, planlaşdırma və mühasibat bacarıqları da qazandırıb", - deyə Şarom bildirib. Bu gün o, gəlirlərindən başqa insanları işlə təmin etmək və ailəsini dəstəkləmək məqsədilə istifadə edir. Bundan əlavə, o, hələ də məktəbin quşçuluq biznesi ilə məşğul olan tələbələrinə mentorluq etməklə "Mackay Memorial College" Kollecinə kömək edir.

Hindistanda yerləşən "Choithram School" məktəbinin tələbələri tərəfindən idarə edilən ekoloji baxımdan zərərsiz əl işi biznesi 2016-cı ildə Məktəblərarası Təşəbbüskarlıq Müsabiqəsinin Xalq Mükafatına layiq görülüb. Komanda mükafata layiq görülən yekun biznes hesabatında yeni liderlik və komandada işləmək bacarıqlarına necə yiyələndiyini təsvir edib. 12-ci sinif şagirdi olan Yuti bildirib: "Heç vaxt təsəvvür edə bilməzdim ki, insanları bu dərəcədə inandıra bilərəm". O, universitetdə biznes üzrə təhsil almağı planlaşdırır.

Əlaqəli linklar