"Peşə təhsili üzrə mübadilə" jurnalının payız nömrələri üçün bacarıqlar üzrə mütəxəssislərimizi – peşə təhsilinin bu əsas sahəsi ilə əlaqədar suallarınızı cavablandırmağa və məsləhət verməyə hazır olan Biznes və Sahibkarlıq Təhsili üzrə ekspertləri təqdim edirik.

Bacarıqlar üzrə mütəxəssislərimizdən hər hansı birinə sual göndərmək istəyirsinizsə, 23 oktyabr tarixinə qədər hansı mütəxəssisdən cavab almaq istədiyinizi qeyd etməklə VEE@britishcouncil.org ünvanına elektron məktub göndərin. 

Aşağıda verilmiş bioqrafiyalar sualınıza hansı bacarıqlar üzrə mütəxəssisin daha çox uyğun gəldiyini qərarlaşdırmağınıza kömək edəcək.

Cavablar noyabr və dekabr nömrələrimizdə dərc ediləcək*.

İrvin Abraham, Kollecin Beynəlxalq Departamentinin Meneceri, Şimali Regional Kolleci, Şimali İrlandiya, BK

Peşə təhsili və təlimi sahəsində 40 illik təcrübəyə malik olan İrvinin təyyarə mexanikinin şagirdi, təlimçi, maliyyə müfəttişi, xarici kontroller, mühazirəçi, konsultant, təlim meneceri və biznesin inkişaf etdirilməsi üzrə menecer vəzifələrini əhatə edən rəngarəng karyerası var. O, hazırda Şimali Regional Kollecinin beynəlxalq departamentinə rəhbərlik edir.

İrvinin hədəfi peşə təhsili və təlimi işçilərinin və tələbələrinin həyatlarını yaxşılaşdırmaqdan ibarətdir və o, "problem əsasında öyrənmə" layihələrinə onları reallaşdırmaq üçün ideal vasitə kimi beynəlxalq çərçivədə nəzər salır.

Brayan Makyüen, Proqram Meneceri, "Young Enterprise Scotland" təşkilatı

Brayan kollec və universitet tələbələrini ilhamlandırır, birləşdirir və onların biznesə qoşulmasını dəstəkləyir. "Bridge 2 Business" və "Start Up" proqramları vasitəsilə biznes təhsili ilə əlaqədar fəaliyyətin davamlı və ali təhsil sahəsinə daxil edilməsi onun adı ilə bağlıdır. O, eyni zamanda Üçüncü dərəcəli Biznes Təhsili üzrə Pedaqoqlar Şəbəkəsinin banisidir.

Keçmiş mühazirəçi olan Brayan hazırda Şotlandiyada fəaliyyət göstərərək gənclərin öz bizneslərini qurmaq üçün bacarıqlarını inkişaf etdirmələrinə və fərdi əmək fəaliyyətini təhsildən sonra seçilə biləcək real və dayanıqlı karyera variantı kimi nəzərə almalarına imkan verən fəaliyyətlərdə iştirak edir və onları dəstəkləyir.

Təhsil sahəsində çalışmazdan əvvəl biznesin inkişaf etdirilməsi sahəsində çalışmış Brayan eyni zamanda kollec və universitetlərdə satış təhsilini təkmilləşdirmək və gənc biznes sahibləri üçün praktiki ticarət, satış və müştərilərlə əlaqə imkanlarına ehtiyac olması ilə əlaqədar məlumatlılığı artırmaq arzusundadır.

Antoni Qribben, Sahibkarlıq Təhsili üzrə Baş Mütəxəssis, Avropa Təlim Fondu

Antoni Qribben Avropa İttifaqının qonşu regionlarında işçi qüvvələrinin inkişaf etdirilməsini dəstəkləyən ixtisaslaşmış təşkilat olan Avropa Təlim Fondunda sahibkarlıq təhsili üzrə baş mütəxəssisdir. O, təhsil, təlim və əmək bazarı islahatları sahəsində həm siyasət, həm də icra səviyyəsində (yerli, milli və beynəlxalq səviyyələrdə) 35 ildən artıq təcrübəyə sahibdir. O, sahibkarlıq haqqında yazılar və bloqlar yazır.

* Lütfən, nəzərə alın: aldığımız sualların sayından asılı olaraq suallarınızın hamısı bacarıqlar üzrə mütəxəssislərimiz tərəfindən cavablandırılmaya bilər.