Satış istənilən biznesin əsas funksiyasıdır və startaplar da bu baxımdan fərqlənmir. Satış bacarıqları gənc biznes sahiblərinin biznes ideyalarını maliyyələşdirməsi, məhsul və xidmətlərini satmaqla gəlir əldə etməsi, biznes xərclərini ödəməsi və nəhayət, mənfəət əldə etməsi üçün vacib şərtdir.

Lakin, bacarıqların inkişaf etdirilməsi baxımından, gənc sahibkarlarımızın onlara lazım olan əsas satış bacarıqlarına Birləşmiş Krallıqda mövcud olan biznes dərslərində yiyələnə bilib-bilməməsi hələ də sual doğurur.

Şotlandiyadakı gənclərə biznes və sahibkarlıq imkanları təklif edən "Young Enterprise Scotland" təşkilatında məhz bu məsələ ilə əlaqədar araşdırma aparmışıq.

Satış yönümlü dərslər harada verilir?

Bu araşdırma zamanı dərhal diqqətimizi cəlb edən məsələ davamlı təhsil sektorunda praktiki satış, ticarət və biznesin inkişaf etdirilməsi bacarıqlarının öyrədilmə imkanlarının olmaması oldu. Birləşmiş Krallıqda bir çox əsas sahibkarlıq bacarıqları biznes dərslərində əhatə edilsə də (biznesin planlaşdırılması, ideyaların formalaşdırılması, strategiya və marketinq daxil olmaqla), Qərbi Şotlandiyadakı kolleclər səviyyəsində biznes dərsləri ilə əlaqədar onlayn araşdırmamız zamanı "satış" mövzusuna dair sadəcə bir istinada rast gəldik.

İnvestisiya proseslərində iştirak etmək istəyən tələbələr üçün bacarıq və imkanların təmin edilməsi ilə əlaqədar bir sıra sahibkarlıq proqramlarına rast gəlsək də, bu dərslərin praktiki ticarət və satış üzrə imkanlar təmin etməsinə çox az rast gəlinir. Biznes proqramlarında iştirak edən gənc biznes sahiblərinin məhsul və xidmətlərin satışına deyil, qrantlar, müsabiqələr və investisiya üçün pitçinq formasında startap dəstəklərinə daha meylli olması tendensiyasının gücləndiyi müşahidə olunur.

Bu, təbii ki, müsbət cəsarətləndirməni, xeyriyyəçi sərmayədarların investisiyalarını və mentorların təlimatlarını vurğulayan biznes eko-sisteminin göstəricisidir, lakin bu halda məhsul və xidmətlərin müştərilərə satılmasına az əhəmiyyət verilir. "Young Enterprise Scotland" təşkilatındakı işimiz çərçivəsində gənc biznes sahibləri üçün faktiki ticarət imkanlarının rebrendinq, restrukturizasiya və bizneslərin yenidən maliyyələşdirilməsi məqsədilə qrant üçün yenidən müraciət etmə səbəblərindən rədd edilməsinə şahid olmuşuq.

Bütün bunlar sahibkarlıq təhsili alan tələbələrimizi məhsulları müştərilərə satmaq baxımından deyil, biznes ideyalarını təqdim etmək baxımından müvəffəqiyyət qazanmağa hazırladığımızı göstərir.

Satış bacarıqları iqtisadiyyatımız üçün nə dərəcədə vacibdir?

Tarixi faktlar göstərir ki, Birləşmiş Krallıq bütövlükdə başqa İƏİT ölkələri ilə müqayisədə dayanıqlı startaplar təşkil etmək baxımından orta səviyyəli hesab oluna bilər. Son on il ərzində iqtisadi inkişaf yavaş olub və müsbət yaxşılaşma əlamətlərinin olmasına baxmayaraq proqnozlar gələcək illərdə iqtisadiyyatımızın startaplara, eləcə də kiçik və orta ölçülü müəssisələrə əsaslanmalı olacağını göstərir. Bu isə satış həyata keçirə bilən inkişaf edən sahibkarlar deməkdir.

Edinburq Universitetinin Biznes Məktəbindən doktor Ben Spiqel yeni biznes sahiblərində satış bacarıqlarının inkişaf etdirilməsinin vacibliyinə diqqət yetirə bilməyəcəyimiz halda Şotlandiyanın sahibkarlıq potensialının azalmasına səbəb ola biləcəyimiz haqqında danışır. Dövlət Siyasətinin Araşdırılması İnstitutunun yaxın zamanlardakı hesabatı da satışı Birləşmiş Krallıqdakı məzunların bacarıqlarının əsas çatışmazlığı kimi göstərib ("Şotlandiyanın bacarıqları 2030", 2017).

Zəif iqtisadi inkişafdan çıxış yolu tapa bilərikmi?

"Young Enterprise Scotland" təşkilatında hesab edirik ki, startapların, eləcə də kiçik və orta ölçülü müəssisələrin əmək resurslarının satış və biznesin inkişaf etdirilməsi ilə əlaqədar praktiki biliklərini inkişaf etdirməklə buna nail ola bilərik. Bu bacarıqlar biznes qurmaq, startapa qoşulmaq, yaxud böyük korporativdə iştirak etmək üçün istifadə edilmələrindən asılı olmayaraq mütəxəssislərin karyeralarının bütün mərhələlərində tətbiq edilə bilər.

Biznes dərsləri və proqramları gənc biznes sahibləri üçün real B2B və ya B2C ticarət imkanları təmin edən autentik tədris və təlim yanaşmaları formalaşdırmaq istiqamətində inkişaf etdirilməlidir. Buna mövcud kiçik və ya orta ölçülü bizneslərə qoşulmaqla və ya startaplar yaratmaqla nail olmaq olar.

Daha çox məhsul və xidmət satmaqla iqtisadi inkişafa nail olmaq mümkündürsə, buna satış bacarıqları daha çox olan gənc biznes sahiblərinin, məzunların və biznes proqramlarının iştirakçılarının hazırlanması ilə daha tez və effektiv şəkildə nail olmaq olar.

Əlaqəli linklar