"Biznes" və "sahibkarlıq" terminləri çox vaxt bir-birinin əvəzinə istifadə edilsə də, onlar arasında, xüsusən də, texniki peşə təhsili və təlimi kontekstində aşkar bir fərq mövcuddur.

Bir çox peşə təhsili və təlimi mütəxəssislərinin artıq diqqət yetirdiyi "biznes" məşğələləri tələbələrin liderlik, motivasiya, tənqidi düşünmə, problem həll etmə, komanda yaratma, ünsiyyət və təqdimat kimi insanlarla əlaqə bacarıqlarını inkişaf etdirməsinə imkan verir. "Sahibkarlıq" isə bu işi bir addım irəliyə apararaq tələbələri yeni iş yeri yaratmaqla fərdi əmək fəaliyyəti imkanlarını araşdırmağa cəsarətləndirir. Biznes ideyalarının, biznes keyfiyyətlərinin və məhsulların inkişaf etdirilməsi, bazarın araşdırılması, maliyyə və planlaşdırma kimi bacarıqlara, eləcə də preinkubasiya xidmətlərinə və biznes şəbəkələrinə müraciət imkanı təmin etməklə əlaqədar bacarıqlara xüsusi diqqət yetirilir.

Şimali İrlandiyanın Şimali Regional Kollecində biznes təhsilinin daha sahibkarlıq yönümlü olmasını təmin etməklə əlaqədar yeni yanaşmanı araşdırmaq məqsədilə İspaniyadan, Portuqaliyadan və Finlandiyadan olan kolleclərlə peşə təhsili və təlimi üzrə beynəlxalq tərəfdaşlıq yaratmışıq. Diqqət mərkəzimiz? Biznes-plan.

Biznes-planın hazırlanması bir çox startap xarakterli agentlik dəstək proqramları üçün müvəffəqiyyətin əsas şərtidir.  Maliyyə investisiyası cəlb etmək üçün biznes-plan, düzgün və ya yanlış olaraq, sahibkarın öz biznesinin qısa və ya orta müddətli gələcəyi üçün nəzərdə tutduğu xərclərin göstəricisi olaraq qalır.

Tələbələri arasında sahibkarlıq yönümlü düşüncə və fəaliyyəti inkişaf etdirməyə çalışan bir çox peşə təhsili kolleci biznes-planın əhəmiyyətini vurğulasa da, o, peşə təhsili və təlimi tələbələri arasında ən az tanınan və nəticə etibarı ilə ən az istifadə edilən elementdir.

Biznesin planlaşdırılmasına yeni yanaşma

Erasmus+ ilə tərəfdaşlığımız nəticəsində "Enterprise is VITAL" peşə təhsili tələbələri üçün münasib dildən istifadə etməklə yeni biznes planlaşdırma modelini sınaqdan keçirir. Yanaşma beş əsas sahibkarlıq xarakteristikasına əsaslanır: Hədəf, Yenilik, Komanda işi, Nailiyyət və Liderlik

Bu model E. A. Foksun beynəlxalq miqyasda bestseller olan kitabı "Daxildən qələbə"yə (2013) əsaslanaraq hazırlanıb. Kitabda müvəffəqiyyət əldə etmək üçün anlaşılmalı və inkişaf etdirilməli olan dörd daxili xarakteristika vurğulanıb.

Maraqlıdır ki, bu xarakteristikalar standart biznes-planla əlaqəlidir:

  • arzulayan: hədəf, yenilik, yaradıcılıq, xəyalpərəstlik, gələcəyi düşünmək, ideya formalaşdırmaq
  • düşünən: araşdırma, məlumatlar - faktlar, risklərin təhlili (yolverilən itkilərin nəzərə alınması), bazar araşdırması
  • döyüşçü: fəaliyyət, tapşırıqlar, görüləcək işlər siyahısı, son müddətlər, məqsədlər, hədəflər, planlar
  • sevgili: insanlar, münasibətlər, şəbəkələr, ünsiyyət, əlaqələr, müştərilər.

Peşə təhsili tələbələri bu emosional izahedici sözlərə diqqət yetirməklə yeni bir müəssisə yaratmaq üçün tələb olunan mühüm bacarıqları daha yaxşı anlaya bilər. "Sevgili" termini uzunmüddətli qarşılıqlı əlaqənin yaradılmasının əhəmiyyətini vurğulamaqla müsbət reaksiya doğurur. "Düşünən" termini sıx iş qrafiki çərçivəsində məlumatların toplanması və təhlil edilməsi üçün vaxt ayırmağın əhəmiyyətini vurğulayır. "Döyüşçü" fəaliyyətə çağırışı ifadə edir. "Arzulayan" problemlər üçün yaradıcı həllər vəd edir.

Peşə təhsili tələbələrimiz bu modeli olduqca tez anlayaraq ona uyğunlaşıblar. Model onları canlı müzakirədə iştirak etməyə və problem əsaslı təlim layihələri çərçivəsində ideyalarını müzakirə etməyə cəsarətləndirir. Bütün bunlar son nəticədə faktiki olaraq "biznes-plan" terminindən istifadə etmədən biznes-planın hazırlanmasına gətirib çıxarır.

Gözlənilməz nəticələrdən biri qeyri-biznes fənləri üzrə peşə təlimi mühazirəçilərinin tələbə sahibkarlıq proqramlarında könüllü olaraq iştirak etmək istəməsi olub. Bunu yeni yanaşmanın biznesin planlaşdırılması prosesinin sirrini işçi heyət üçün açıqlaması faktı ilə əlaqələndirmək olar.

Aİ insanların daha dəyişə bilən və hərəkətli, buna görə də, müasir iqtisadiyyatın tələblərinə cavab verən olmasını təmin etmək üçün dil bacarıqları və riyazi bacarıqlara əlavə olaraq təşəbbüskarlıq və sahibkarlıq hissi, öyrənməyi öyrənmək, mədəniyyət fərqlərinə hörmət, eləcə də sosial və mülkü öhdəliklər kimi transversal bacarıqların da tələb edildiyini təsdiq edir (Həyatı boyu öyrənmək üçün əsas bacarıqlar, 2006). İstənilən sahibkarlıq proqramının məzmununda bu transversal bacarıqlardan istifadə səviyyəsi və dərəcəsi nəzərə alınmalıdır.

"Enterprise is VITAL" proqramının birinci ilində tələbələrimiz transversal bacarıqları tam şəkildə qəbul edib. Onlar qarışıq beynəlxalq komandalarda işlədikdən sonra biznesin planlaşdırılması üzrə İspaniyada keçirilən müsabiqədə bu vizual model əsasında öz biznes ideyalarını və bazar yeri təkliflərini hazırlayıblar.

İspaniya və Birləşmiş Krallıqdan olan yerli biznes rəhbərləri, sahibkarlar və müstəqil startap təşkilatlarının ekspertlərindən təşkil olunmuş münsiflər heyəti tələbələri "Hədəflərinin aydınlığı, bazarda yerinin və müştəri ehtiyaclarının anlaşılan olması, reallığa uyğun maliyyə proqnozları və yerinə yetirilə bilən işlər" üçün yüksək qiymətləndirib. Tələbələri eyni zamanda "Öz zəif cəhətlərini tanıdıqları və ictimai kapital əldə etmək yollarını qeyd etdikləri" üçün də təbrik ediblər. Münsiflər qeyd edib ki, bu informasiyalar biznes təklifinə nadir hallarda daxil edilir. Uğurlu biznes-plan üçün başqa nə tələb edilə bilər?

"Enterprise is VITAL" haqqında daha çox məlumat əldə etmək üçün irvine.abraham@nrc.ac.uk ünvanına yazaraq Şimali Regional Kollecindən İrvin Abrahamla əlaqə saxlayın.

İrvin eyni zamanda "Peşə təhsili üzrə mübadilə" jurnalının "Biznes və sahibkarlıq" nömrəsi üçün bacarıqlar üzrə mütəxəssislərimizdən biridir. Burada onun bioqrafiyasına nəzər sala və sual göndərmək qaydasını öyrənə bilərsiniz.