Avropa Təlim Fondundan *yaxşı təcrübə nümunələri* üzrə seriyamızın sonuncu nümunəsi Belfastın universitet və davamlı təhsil kolleclərindən olan gənc sahibkarların öz bizneslərini qurmalarına kömək edən proqram haqqındadır. 

2009-cu ildə Belfast Şəhər Şurası yeni biznes startaplarının az sayda olması və ərazidə əvvəl mövcud olmuş bizneslərin uğursuzluq dərəcəsinin yüksək olması problemini nəzərə alaraq Belfast Biznes Akademiyasının əsasını qoyub. Proqram səkkiz il ərzində tələbələr tərəfindən idarə edilən 83 startap biznesinin yaradılmasına səbəb olub və bu göstərici artmaqdadır.

Belfast Biznes Akademiyası tələbələrin biznes ideyalarının gerçəkliyə çevrilməsi üçün ehtiyacları olan təcrübə, yaradıcı düşünmə bacarıqlarını və təqdimat və komandada işləmək bacarıqlarını inkişaf etdirir. Belfastda yerləşən universitet və davamlı təhsil kolleclərindən olan tələbələr üçün açıq olan proqram çərçivəsində hər il onlayn müraciət prosesi vasitəsilə 30 sahibkar seçilir. 

Seçilmiş iştirakçılar sahibkarlıq və biznes bacarıqları üzrə praktiki təlim, eləcə də biznes dəstəyi və şəbəkələşmə imkanları ilə təmin edilir. Proqramın əsasını biznes ictimaiyyəti və iştirakçıları, müəllimləri, mentorları və keçmiş məzunları bir yerə toplayan dəstək şəbəkəsi təşkil edir.

Tələbələrin əsas dərslərinə kifayət qədər uyğunlaşa bilən proqram iki günlük intensiv biznes tapşırığı ilə başlayır və il boyu müəssisələrə ziyarətlər, seminarlar, kouçinq və mentorluq xidmətləri, eləcə də şəbəkələşmə tədbirləri ilə davam edir. 

Real həyatda müşahidə edilən vəziyyətlər və biznes tənzimləmələri əsasında öyrənməyə xüsusi diqqət yetirilir. Məsələn, marketinq kursu yaradıcı dizayn studiyasında keçirilir və beləliklə, tələbələrə birbaşa dizayner və marketoloqlardan öyrənmək imkanı verir.  

Biznes sahələrinə ziyarətlər proqramın digər bir mühüm komponentidir. Bu ziyarətlər zamanı tələbələr brendinq, marketinq və ya maliyyələşdirmədən təcrübəli sahibkar və ya hökumət dəstəyi agentliklərinin ətraflı tövsiyələrinə qədər ehtiyacları olan istənilən təcrübə sahəsi üzrə birbaşa dəstək əldə edir. 

Proqramı başa vurduqdan sonra iştirakçılar Açıq Kollec Şəbəkəsi vasitəsilə akkreditasiya üçün hazır olur. 

Proqramın uğuruna töhfə verən əsas amillər:

  • məqsədyönlü: biznes ideyası olan və öz bizneslərini qurmaq məsələsinə ciddi yanaşan tələbələr üçün nəzərdə tutulub.
  • uyğunlaşan: tələbələrin boş vaxtları əsasında planlaşdırılır.
  • müxtəlif: intensiv kurslar, ziyarətlər, seminarlar, mentorluq və şəbəkələşmə daxil olmaqla müxtəlif təlim imkanlarını özündə birləşdirir.
  • fərdiləşdirilmiş: iştirakçıların xüsusi ehtiyaclarını ödəmək üçün təkbətək dəstəkdən istifadə edir.
  • praktiki: təlimi müəssisələr daxil olmaqla ənənəvi təlim mühitindən kənar müxtəlif şəraitlərdə həyata keçirir.
  • birləşmiş: onlayn vasitələr daxil olmaqla biznes ictimaiyyəti və dəstək şəbəkəsi yaratmaq məqsədi daşıyır.
  • münasib: biznesə dəstək agentlikləri, təhsil təminatçıları və əvvəlki startap proqramlarının iştirakçıları ilə geniş konsultasiyalara əsaslanır.

Əlaqəli linklar