Sahibkarlar üçün şəbəkələşmə tədbirləri fərdi əmək fəaliyyətinin tələbələr üçün etibarlı yol kimi təbliğ edilməsinin mükəmməl üsuludur. Onlar tələbələrə yerli icmalardan olan real sahibkarlar, bizneslər və xidmət orqanları ilə ünsiyyət qurmaq və onlardan məsləhət almaq şansı verdikdə daha çox uğur qazanır.

Qlazqo kollecində təşkil etdiyimiz sahibkarlar üçün "Entrepreneur Network@CITY" (Sahibkarlar şəbəkəsi ŞƏHƏRDƏ) pilot şəbəkələşmə tədbiri tələbələrlə daha geniş sahibkarlıq cəmiyyəti arasında əlaqələrin yaradılmasının bariz nümunəsi idi. Sahibkarlar üçün şəbəkələşmə tədbiri təşkil etməyi planlaşdıran digər kollec və təhsil institutları üçün tövsiyələrimiz aşağıdakılardır: 

Tələbələrə sahibkarlıq cəmiyyəti ilə real əlaqələr yaratmaq şansı verin.

Əvvəlcədən məlum idi ki, çox sayda sahibkarın, biznes ekspertlərinin və xidmət orqanlarının dəvət edilməsi tələbələrimiz üçün çox cəlbedici olacaq.

Tədbirin mərkəzində tələbələrə biznesə dəstək agentliklərinin nümayəndələri ilə görüşmək və onlara sual vermək şansı verən, yeni yaradılmış "Enterprise Village" ("Biznes kəndi"), o cümlədən  "Scottish Women in Business" ("Şotland qadınlar biznesdə"), "Bridge 2 Business" ("Biznesə körpü"), "Business Gateway" ("Biznesə giriş") and "The Prince’s Trust" ("Şahzadə fondu")  dururdu. 

Eyni zamanda yerli ictimaiyyətdən yüksək səviyyəli sahibkarları, eləcə də hazırda öz bizneslərini idarə edən keçmiş tələbələri dəvət etmişdik. Onlar biznes qurmaqla əlaqəli sualları cavablandırmalı və real təcrübələrini paylaşmalı idilər. 

Bu iştirakçıların çoxu eyni zamanda bilik və tövsiyələrini paylaşmaq üçün qeyri-rəsmi seminarlar keçirdilər. Startap təcrübələri və gələcək inkişaf planları haqqında danışan biznes sahiblərinin keçirdikləri seminarlar həvəslə qarşılandı.  

"Tədbir dəstək sistemi ilə əlaqədar mühüm məlumatları və sistemə müraciət imkanını gələcəkləri haqqında düşünməkdə olan gənclərə təqdim etdi", - "The Prince's Trust" təşkilatının rəhbəri Cen Lindsi deyir.

Tələbə və məzunları tədbirin planlaşdırılması və təşkil edilməsi prosesinə cəlb edin.

"Entrepreneur Network@CITY" tələbələrin tələbatını qarşılamaq üçün təşkil edildiyindən tədbirin planlaşdırılması və keçirilməsi prosesinə tələbələrin cəlb edilməsi vacib məsələ idi.

Kollecdə tədbirlərin idarə edilməsi üzrə təhsil alan tələbələrdən tədbirin təşkil edilməsi və keçirilməsi prosesini idarə etmələrini xahiş etdik. Onların vəzifələrinə kənardakı iştirakçıların qarşılanması, təkbətək sessiyaların sifariş edilməsi və ümumi sorğularla işləmək daxil idi. 

Tələbələr eyni zamanda gün ərzində sosial media vasitəsilə canlı yeniliklərin təqdim edilməsi üçün məsuliyyət daşıyırdı və bu yeniliklər kollecin monitorlarında əks olunurdu.

Tədbirin planlaşdırılması və keçirilməsinə məzun şəbəkəmiz də öz töhfəsini verdi. Məzunlarımızla xoş münasibətlərimizin əsasında əldə etdikləri bilik və məlumatları paylaşmaq üçün kollecə qayıtmaq arzusunda olan keçmiş tələbələrimizə qucaq açmağa hər an hazır olmağımız durur. Məzunlarımız da öz növbəsində bilir ki, kollec onları karyeraları və biznes fəaliyyətləri ilə əlaqədar mümkün olan dəstəklə təmin edəcək.

Məzun şəbəkəmiz tədbirdə iştirak edərək bilik və təcrübələrini tələbələrlə paylaşmaqla yanaşı planlaşdırma mərhələlərində məqsədlərimizə uyğun olan yerli bizneslər və daha geniş kommersiya təşkilatları ilə əlaqə yaradırdı. Bu tərəfdaşların məxsusi olaraq tələbələrimizə dərsləri və öyrəndiklərinin biznes mühitində tətbiq edilməsi ilə əlaqədar istiqamət verməsi nəzərdə tutulurdu.

Aktuallığı təmin etmək

Gələnlər və iştirakçılar üçün tədbirin aktuallığını artırmaq məqsədilə onun Qlobal Sahibkarlıq Həftəsinə və Beynəlxalq Qadın Sahibkarlar Gününə təsadüf etməsini planlaşdırmışdıq. Bu, bizi tədbiri təbliğ etməmiz üçün dəyərli materialla təmin etdi və insanların əminliklə sahibkarlıq cəmiyyətinə daxil olmasına kömək göstərdi.

Əvvəlcə tədbirin qadın və qızların texniki sahələrdə və mühəndislik istiqamətində fərdi əmək fəaliyyəti ilə məşğul olmasının dəstəklənməsi mövzusunda olmasını nəzərdə tutmuşduq. O, kollecimizin cinsi ayrı-seçkiliklə mübarizə aparılması sahəsində davam etməkdə olan fəaliyyəti çərçivəsində keçiriləcəkdi. Tədbirin daha geniş auditoriya üçün daha aktual olmasını təmin etmək məqsədilə mövzunu genişləndirərək sahə və peşə marağından asılı olmayaraq fərdi əmək fəaliyyəti ilə məşğul olmaq istəyən bütün tələbələri əhatə etməsinə nail olduq.  

Mövcud əməkdaşlıqlardan istifadə etmək

Müvafiq təşkilatlarla mövcud xarici əlaqələrdən və sənaye daxilindəki əlaqələrdən istifadə etmək istənilən şəbəkələşmə tədbiri üçün dəstək əldə etməyin ideal üsuludur. Bu, həm təbliğata, həm də iştirakçıların axtarılmasına aiddir. 

Kollecimiz sənaye və kommersiya sahəsi ilə uzun illər ərzində inkişaf etdirilmiş və tərəfdaşlar, eləcə də tələbələrimiz üçün qarşılıqlı mənfəət təmin edən uzunmüddətli əlaqələrə sahibdir. Bu əlaqələr tədbirin planlaşdırılması və keçirilməsi zamanı dəyərli resurs rolunu oynayıb.   

Biz maliyyə dəstəyi axtarmaq yerinə kənar təşkilatlardan pul olmayan formada dəstək istədik. Buraya əməkdaşların tədbirdə iştirak edərək tövsiyələr verməsi, əlavə dəstək istəyən tələbələrlə təkbətək vaxt keçirməsi və öz marketinq kanalları vasitəsilə təbliğatı genişləndirməsi daxil idi. 

Tədbir ilə bağlı ajiotaj yaratmaq

Tədbirin müvəffəqiyyətlə keçirilməsi nəticəsində tələbələrimizin iş və biznes üçün hazırlığını dəstəkləmək üçün universitet şəhərciyimizdə Biznes və İnnovasiya Sahəsi yaratmışıq.  

O, karyera ilə bağlı standart tövsiyə və dəstəklərimizlə yanaşı istifadə edilən əlavə xidmətdir. Peşə ixtisasından asılı olmayaraq istənilən tələbə sahədən və dəstək sistemindən istifadə edə bilər. Buraya iştirakçı sahibkar və "Bridge 2 Business" (gənc "Enterprise Scotland" təşkilatı tərəfindən həyata keçirilən) proqramının daimi konsultantı daxildir.

Sahə sadəcə kollecimizdə sahibkarlıq və biznesi dəstəkləmək məqsədilə yaratmaqda olduğumuz təşəbbüslərin bir hissəsini təşkil edir. Bu təşəbbüslər arasında sahibkarlıq müsabiqəsi və yerli bizneslərdə mütəxəssislərin işinin müşahidə edilməsi imkanları da mövcuddur.

Əlaqəli linklar