Biznes və sahibkarlıq təhsili heç vaxt indiki qədər vacib olmayıb. Gənc əhalinin sayının artması, bir çox ölkədə gənclər arasında artan işsizliklə birlikdə iş yerlərinin yaradılması və sahibkarlığa xas davranışı daha çox gündəmə gətirir. Texnoloji inkişaflar iş yerlərimizi yenidən formalaşdırır, bizneslərin idarə edilmə tərzlərini dəyişir, biznesin qlobal xarakter daşıması daha çox gəncin müxtəlif materik və sektorlarda iş sahibi ola bilməsi deməkdir. Odur ki, gələcək nəsli hələ haqqında heç nə bilmədiyimiz iş dünyasına daxil olmaları üçün tələb olunacaq bacarıq və düşüncə tərzləri ilə təmin etmək vacibdir.

Tələbələrin gələcək üçün hazırlanması

Gənclərin gələcəkdə işlə təmin olunması tədris və təlimin bu dəyişən ehtiyaclara necə reaksiya verməsindən asılı olacaq. Tələbələrdən daim inkişaf edən əmək bazarına daxil olmaq üçün yenilikçi, uyğunlaşan, möhkəm və dəyişə bilən olmaq tələb olunacaq.

Son illər ərzində Birləşmiş Krallıq və başqa ölkələrdə milli təhsil siyasətlərindəki dəyişikliklər nəticəsində biznes təhsili əhəmiyyətli dərəcədə inkişaf edib. Sahibkarlıq təhsilinin texniki və peşə təhsili və təliminə daxil edilməsi tələbələrin təhsildən sonrakı həyata hazırlaşmasını təmin etmək üçün mühüm vasitə ola bilər.

Sahibkarlıq düşüncə tərzinin peşə təhsili və təlimi ilə birləşdirilməsi tələbələrin gələcəkdə işlə təmin olunmasını dəstəkləmək üçün mükəmməl üsuldur. Sahibkarlıq təhsili gənclərin işlə təmin olunması ehtimalını artıracaq və onların sosial, dövlət və özəl sektorlarda mövcud olan təşkilatlar çərçivəsində öz işlərinə daha çox sahibkarlıq nöqteyi-nəzərindən yanaşmasına səbəb olacaq.

Sahibkarlıq təhsilinin üstünlükləri

Proqnozlaşdırılan gələcəkdə iş yerlərinin saxlanması və yaradılması tələbələr və hökumətlər üçün prioritet məsələyə çevrildiyindən, yeni nəslin sahibkarlıq yönümlü düşüncəyə sahib olması və təşəbbüskarlığı dünyada iqtisadiyyatın inkişafına təkan verəcək.

Avropa Komissiyasının məlumatına əsasən, sahibkarlıq təhsili yerli əmək bazarlarına və iqtisadiyyatlara müsbət təsir göstərə bilər (Sahibkarlıq Təhsili: Pedaqoqlar üçün təlimat, 2014). --- Sahibkarlıq təhsilinə investisiya qoymaq Avropada ən yüksək mənfəətli investisiyalardan biridir. Bu faktın təsbit edildiyi araşdırmaya əsasən, biznes təhsili almış tələbələrin gələcəkdə öz bizneslərinə start vermə ehtimalı digərləri ilə müqayisədə üç-altı dəfə çoxdur.  

Tələbələr tədris prosesinin əsasını təşkil edir və sahibkarlıq təhsili onları sahibkarlıq yönümlü düşüncə tərzi ilə təmin edə bilər. Bu cür düşüncə tərzi isə əsas dərslərdə daha çox iştirak etmək və onlarla daha çox maraqlanmaqla nəticələnə bilər. Gerçək həyatdakı misallar daxil edildikdə və insanlara öz müvəffəqiyyətlərinə sahib olmaq imkanı verildikdə təlim daha xoşagələn ola bilər.

Tələbələr sahibkarlıq məşğələləri vasitəsilə tənqidi düşünmə, problem həll etmə, ünsiyyət, risk etmə və komanda işi kimi əsas sahibkarlıq bacarıqlarına yiyələnə bilərlər. Sahibkarlıq daha böyük iqtisadi və sosial inkişafı dəstəkləyərkən gənclərin bacarıqlarını, işə götürülmə imkanlarını və həyatdakı şanslarını təkmilləşdirməklə onlara alternativ yollar təklif edə bilər.

Sahibkarlıq təhsilinin daxil edilməsi 

Effektiv sahibkarlıq təhsili həm müəllimlərdən, həm də tədris müəssisələrinin mədəniyyətindən asılıdır. Sahibkarlıq təhsilini müvəffəqiyyətlə təhsil planına daxil etmək üçün müəllimlər bir çox bacarığa sahib olmalıdır və riskin dəstəkləndiyi, təlimin işə götürülmə ilə nəticələnməsinin prioritet məsələ olduğu məktəb mühiti bütün bu bacarıqları dəstəkləyə bilər. Sahibkarlığın öyrədilməsi cavabları təmin etmir, lakin tələbələrin düzgün sualları təyin etməsinə kömək edir. O, limitləri aşmağa, tələbələri yaradıcı düşünmək və özlərinin müvəffəqiyyət qazanmaq üçün risk etmək bacarıqlarına kifayət qədər inanmaq üçün cəsarətləndirməyə çalışmalıdır. Yaradıcı mühitlər uğursuzluğu da dəstəkləməlidir. Çox zaman ən böyük dərslər səhvlərdən alınır.

Gələcəyimiz gələcək nəsillərdən asılıdır və sahibkarlıq təhsilini əhatə edən yüksək keyfiyyətli tədris onların müvəffəqiyyətlərinin əsas hissəsini təşkil edəcək. Gələcəyin fəal beyinləri bu gün imkanlar aləmini onlar üçün açacaq müəllimlərin təlimat və dəstəyindən asılıdır. 

"Peşə təhsili üzrə mübadilə" jurnalının payız nömrəsi biznes və sahibkarlıq təhsilinin rolu və əhəmiyyəti haqqında olacaq. Oktyabr, Noyabr və Dekabr ayları ərzində peşə təhsilinin bu mühüm sahəsinə maraq oyandırmaq, eyni zamanda mövzu ilə əlaqədar müzakirələr yaratmaq məqsədilə bir sıra qeydlər və ən yaxşı təcrübələrə nümunələr təqdim edəcəyik.