Avropa Təlim Fondunun faydalı təcrübələri sırasından göstərdiyimiz ikinci nümunə Ermənistanda cinsi ayrı-seçkilik zəminində zorakılığa məruz qalmış qadınlar üçün nəzərdə tutulmuş təlim proqramıdır. Proqram qadınların öz bizneslərini qurmaları və ya işlə təmin olunmaları üçün tələb olunan bilik, bacarıq və dəstəklə təmin olunmalarını müsbət qarşılayır.

Əksər ölkələrdə qadınlar iş dünyasında kifayət qədər təmsil olunmur. Sahibkarlıq qadınların işlə təmin olunması və maliyyə baxımından müstəqillik əldə etməsi üçün effektiv vasitə olsa da, onların təhsil, təlim, maliyyələşmə, biznesin dəstəklənməsi tədbirləri və mentorlardan uzaq olmaları biznesə başlamalarını çətinləşdirir. 

Avropa ilə həmsərhəd ölkələrdə qadınların sahibkarlıq fəaliyyətinin vəziyyətini araşdırmaq işinin bir hissəsi olaraq Avropa Təlim Fondu qadınların sahibkarlıq fəaliyyəti ilə bağlı faydalı təcrübələri müəyyənləşdirir və bunları təlimlər təşkil edən qurumlarla və siyasət formalaşdıran şəxslərlə paylaşır.

Birinci örnək Ermənistanda Gender Bərabərliyinin və Cinsi Ayrı-seçkilik Zəminində Zorakılığa Məruz Qalmış Şəxslərin Hüquqlarının İnkişaf Etdirilməsi proqramıdır. Bu innovativ təlim proqramı cinsi ayrı-seçkilik zəminində zorakılığa məruz qalmış qadınlar üçün peşə təlimi təmin etməklə onların öz kiçik bizneslərini planlaşdırmasına, təşkil etməsinə, maliyyələşdirməsinə və idarə etməsinə imkan verir.

Ermənistanda çox sayda qadın yüksək səviyyədə təhsil almış olsa da, ənənəvi qadın-kişi rollarının mövcudluğu, habelə uşaqlara qayğı xidmətlərinin və uyğunlaşdırıla bilən iş imkanlarının olmaması qadınların iqtisadi imkanlarını məhdudlaşdırır. Qadınlara qarşı məişət zorakılığı da geniş yayılıb.

Qeyri-hökumət təşkilatı olan Yaxın Şərq Fondu tərəfindən maliyyələşdirilən, Qexarkunik Ticarət və Sənaye Palatası tərəfindən həyata keçirilən proqram iş imkanları təmin etməklə zorakılığa məruz qalmış qadınları dəstəkləmək məqsədi daşıyır.

Hasmik Xaçatryan proqramın dəstəyindən faydalanmış qadınlardan biridir. İllərlə keçmiş əri tərəfindən fiziki zorakılıq və psixoloji təzyiqə məruz qalmış Hasmik iki uşağı ilə birlikdə paytaxt Yerevana qaçıb.

O, reabilitasiya məqsədilə proqramda iştirak etmək üçün seçilib. Burada Qava rayonunun ənənəvi paxlavalarını bişirdiyi kiçik çörəkxanasını açmaq üçün ehtiyacı olan bacarıqlara yiyələnib. 

Hasmik proqram sayəsində əldə etdiyi bacarıqların bizneslə məhdudlaşmadığına inanır. "Bu işə başlayacaq və maliyyə müstəqilliyi əldə edəcək qədər özümə inanmağa başladım", - deyə o bildirir. "İndi çörəkxananı böyütməyi arzu edirəm. Ən böyük istəyim özüm kimi həqiqətən işə ehtiyacı olan qadınların burada işləməsidir. Daha çox yer və daha çox məmnun müştərinin olmasını arzulayıram!"

Hasmik kimi məişət zorakılığının çəngindən qurtarmağa nail olmuş 160-dan çox qadın proqramda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 130-u biznes planlarını tərtib etməyə müvəffəq olublar. Daha 50 nəfər bizneslərini dəstəkləyən maliyyə vəsaiti əldə edib.

Əlaqəli linklar