Two students working in a lab

Bir çox Avropa ölkəsi STEM metodikası (Təbiət Elmləri, Texnologiya, Mühəndislik və Riyaziyyat) sahəsində bacarıq çatışmazlığı problemi ilə üzləşdiyindən, hökumətlər, pedaqoqlar və müəssisələr gəncləri STEM metodikasını karyera yolu kimi seçməyə həvəsləndirmək üçün yeni və yaradıcı üsullar axtarır. 

Şotlandiyanın milli bacarıq təşkilatı olan "Skills Development Scotland" (SDS) təşkilatı STEM metodikası ilə əlaqədar karyeraları tələbələrə təqdim etmək və sənaye ilə təhsil arasındakı məsafəni aradan qaldırmaq məqsədilə uğurlu təşəbbüs irəli sürüb. Burada SDS özünün uğurlu "My World of Work Live!" ("Mənim canlı iş dünyam!") təşəbbüsü haqqında danışır və gəncləri, eləcə də pedaqoqları STEM metodikasına diqqət yetirməyə çağırmaq və həvəsləndirmək istəyənlərə ən yaxşı tövsiyələr təklif edir. 

Avropada Şotlandiya bioloji elmlər, kimya elmləri, mühəndislik və rəqəmsal sahə daxil olmaqla bir sıra STEM sahəsi üzrə güclü nüfuza malikdir. Ancaq hazırda işəgötürənlərin 45 faizi STEM bacarıqlarına malik işçi heyətin işə götürülməsi baxımından çətinliklərlə üzləşir və onların 59 faizi növbəti üç il ərzində çətinliklərlə üzləşəcəyini gözləyir. Qadınlar, etnik azlıqlar və əlavə dəstəyə ehtiyacı olanlar da STEM metodikası ilə əlaqədar rollar üzrə zəif təmsil olunur.

Biz SDS-də Şotlandiya gənclərini sabahın STEM liderləri olmağa hazırlamağa kömək etmək və STEM sahələrimizin hamının inkişaf etməsi üçün iqtisadi imkanlar təmin etməyə davam etməsini təmin etmək məqsədilə My World of Work Live! layihəsini hazırlamışıq. Layihə çərçivəsində tələbə və müəllimlər birbaşa tələbələri STEM metodikası ilə maraqlanmağa həvəsləndirən və pedaqoqların sinifdə STEM metodikasına daha çox diqqət yetirməsini dəstəkləyən praktik tədbir və məşğələlərə cəlb edilir. Layihə eyni zamanda məktəblərdə, mərkəzlərdə və ictimai məkanlarda ixtisaslı karyera məsləhətçilərimizin işini dəstəkləyir.

"My World of Work Live!" layihəsi bu vaxta qədər böyük müvəffəqiyyətlə yerinə yetirilib. Keçən il layihəyə cəlb edilmiş tələbələrin 96 faizi artıq məktəbdə təbiət elmləri və ya texnologiya öyrənmək haqqında düşünmək ehtimallarının daha yüksək olduğunu, 92 faiz tələbə isə təbiət elmləri və texnologiya ilə əlaqədar karyera və iş yerləri haqqında daha çox informasiya əldə etmək istədiklərini bildirib. Biz bu müvəffəqiyyətin "My World of Work Live!" layihəsinin unikal təşəbbüs olmasını təmin edən bir neçə mühüm komponent sayəsində mümkün olduğuna inanırıq. 

Məşğələlərin əyləncəli və praktik şəkildə təşkil edilməsi

Hər bir "My World of Work Live!" təcrübəsi praktik təlimlə - yəni, qurma, düzəltmə və hazırlama ilə əlaqədardır. Bütün interaktiv sərgi və məşğələlərimizdə tələbələri cəlb etmək və həvəsləndirmək məqsədilə son texnologiyalardan ən yaxşı şəkildə istifadə edilir. Bunlara Minecraft Karyeralar Aləmi və mükafata layiq görülmüş virtual reallıq karyeraları proqramımız daxildir. İnnovativ "Kosmik Tullantılar" məşğələmiz zamanı peykin orbital hərəkətini modelləşdirmək məqsədilə LEGO® MINDSTORMS robotlarından istifadə edilib. Məşğələ zamanı gənclər kosmik tullantılardan yayınmaqla peyklərini təhlükəsiz şəkildə geri qaytarmalıdır.

Bizim məqsədimiz hər zaman məşğələlərimizin birbaşa yaşı on yaşdan 15 yaşa qədər olan tələbələrdən ibarət əsas auditoriyamıza xitab etməsini və bütün məşğələlərimizin İnvernessdə yerləşən SDS Karyeralar Mərkəzi, Qlazqo Elm Mərkəzi və Rəqəmsal Studiya kimi tələbələrin real STEM dünyasını təcrübə edə biləcəyi məkanlarda təşkil edilməsini təmin etməkdən ibarətdir.

Bu kombinasiya STEM metodikasını sinifdən çıxarıb real həyata tətbiq etməyə, eyni zamanda gənclərin, valideynlərin, hami və müəllimlərin STEM sahəsi ilə əlaqədar karyeraların təklif etdiyi imkanların genişliyini və STEM sahələrinə aparan yolların müxtəlifliyini anlamasına kömək edir. Gənclər öz karyera qurmaq bacarıqlarını inkişaf etdirir və iş dünyası ilə sinifdə əldə etdikləri biliklər arasında əlaqə yaradır.

Müəllim və valideynlərin cəlb edilməsi

Gələcəkləri haqqında qərar qəbul etməkdə olan gənclərə əsas təsir edən şəxslər kimi onları anlayan və dəstəkləyən valideyn, hami və müəllimlər proqramımızın ayrılmaz hissəsini təşkil edir.

İştirak edən müəllimlər təlim prosesinin onların gəlişindən sonra davam etməsini təmin etmək məqsədilə My World of Work internet səhifəsində olan zəngin resurslardan istifadə edə bilər. Biz eyni zamanda müəllimlər üçün Davamlı Peşəkar İnkişaf təklif edirik və bu imkanlardan istifadə etmiş müəllimlərin çoxu bildirib ki, "My World of Work Live!" layihəsi onların STEM sahəsi ilə əlaqədar işlərin mahiyyətini və cəlb edildikləri prosesi anlamalarına kömək edib. Cəlb edilmiş müəllimlərin ümumilikdə 99 faizi də bildirib ki, "My World of Work Live!" layihəsi şagirdlərin STEM metodikası ilə əlaqədar dərslərə qarşı marağını artıra bilər.

"My World of Work Live!" tədbirində iştirak etdikdən sonra müəllimlərdən biri qeyd edib ki: "Bu təcrübələr sinifdə sərf edilən saatlara dəyir". İştirak edən tələbələrdən birinin valideyni isə bildirib ki,  "Bu məşğələ müvafiq karyeraların erkən yaşda gənclər üçün əlçatan olmasını təmin edir; Bu, inanılmaz bir şeydir".

Sənaye üzrə güclü tərəfdaşlıqların yaradılması 

"My World of Work Live!" layihəsinin komandası sənaye, təhsil və təlimə qarşı yüksək dərəcəli marağı ilə fərqlənir, ancaq layihənin müvəffəqiyyətini yalnız yaratdığımız güclü tərəfdaşlıqlara borcluyuq. 

Biz bizimlə ortaq hədəfləri və nəticə əldə etmə yanaşmaları olan bir sıra tərəfdaşlarla işləyirik və bu, gənclərlə onların tanış olduğu yollarla işləmək imkanları yaradır. Məsələn, virtual reallıq karyeraları proqramımız CITBHeriot-Watt University və Animmersion şirkəti ilə tərəfdaşlığımızın nəticəsidir, Minecraft Karyeralar Aləmi isə təhsil üzrə konsaltinq xidmətləri təmin edən Immersive Minds ilə birlikdə yaradılıb. Biz eyni zamanda Şotlandiyada LEGO® Təhsil İnnovasiyaları studiyası statusuna malik olan ilk qurumuq.

Bütün bu əməkdaşlıqlar məşğələ və tədbirlərimizin mümkün olduqca effektiv olmasını təmin etmək məqsədilə təhsil və sənaye təcrübələri üzrə düzgün kombinasiya əldə edə bilməmizi təmin edir.

Əlaqəli linklar