Gənclərin öz potensiallarından istifadə edə bilməsi ilə əlaqədar ən böyük maneələrdən biri, bəlkə də, onların mövcud işlərin hamısı haqqında məlumat sahibi olmamaları və ya işlə təmin olunmağa gətirib çıxaran müxtəlif mümkün yolları anlamamalarıdır. Bu, xüsusilə, ənənəvi akademik yollardan istifadə etməyən və ya bu yolların əlçatan olmadığı tələbələrə aiddir.

Birləşmiş Krallıq təşkilatı olan "Education and Employers" iş aləmindən olan könüllülərlə məktəb və kolleclərin tələbələri arasında əlaqə yaradan innovativ proqram vasitəsilə bu problemi həll etmək üzərində işləyir. "Education and Employers" bu ruhlandırıcı təcrübələrin gənclər arasında alternativ karyera yolları ilə əlaqədar maariflənməni artırması və peşə təhsili ilə bağlı mövcud olan stereotipləri aradan qaldırması haqqında informasiya verir.

Praful qlobal konsaltinq firması olan "Mercer"də investisiyaların idarə olunması sahəsində uğurlu karyeraya sahibdir. Ancaq o, bu vəzifədə çalışan digər şəxslərdən fərqli olaraq, işini qeyri-ənənəvi yolla - orta məktəbi bitirdikdən sonra peşə təhsili almaqla əldə edib. "Buraxılış imtahanında və ali məktəbə hazırlıq proqramının ilk ilində aşağı nəticələr əldə etdikdən sonra anladım ki, müvəffəqiyyət qazanmaq üçün başqa yanaşmadan istifadə etməliyəm", - deyə o bildirir. "Peşə təhsili ilə əlaqədar qəbul edilmiş stereotiplərə baxmayaraq, Ümumi Milli Peşə Təhsili Kvalifikasiyası III Səviyyə Biznes və Maliyyə istiqamətinin mənim üçün münasib olduğunu qərarlaşdırdım. Anladım ki, müraciət etsəm, nəyəsə nail ola bilərəm".

Praful hazırda öz təcrübələrindən "Gələcəyə ilham vermək" proqramımız vasitəsilə tələbələrə karyera üzrə istiqamətlər vermək üçün istifadə edir. Proqram müxtəlif sahələrdən olan könüllüləri məktəb və kolleclərə gedərək gəncləri iş aləmi və oraya aparan müxtəlif karyera yolları haqqında məlumatlandırmaq üçün səfərbər edir.

"Bu yaşlarda olduğum illər haqqında düşünəndə karyera seçimləri ilə əlaqədar qərar qəbul etmək vaxtı çatdığı zaman məlumat və motivasiya əskikliyi ilə üzləşdiyimi xatırlayıram. Çox çətinlik çəkmişdim", - deyə Praful bildirir. "Vəziyyətdən nisbətən zərərsiz çıxacaq qədər şanslı olduğum üçün uşaqların həyatının bu həlledici mərhələsində onları tövsiyə və istiqamətlərlə təmin etməklə bacardığım qədər kömək göstərmək istəyirəm". 

"Gələcəyə ilham vermək" təşəbbüsü gənclərin karyera seçimləri edərkən qarşılaşdığı maneələrlə əlaqədar həyata keçirdiyimiz araşdırmadan sonra ərsəyə gəldi. Araşdırma nəticəsində əldə edilən əsas nəticələrdən biri ondan ibarət idi ki, məktəbdə oxuduqları müddətdə gənclərin işəgötürənlərlə görüşmə şansları nə qədər çox olsa, o qədər çox şey əldə edirlər və təhsildən, eləcə də işdən kənar qalmaq şansları o qədər az olur. 

Biz işəgötürənlərin iştirakını gücləndirmək və gəncləri birbaşa ruhlandırıcı hekayələri olan könüllülərlə görüşdürməklə tələbələrin onlar üçün mövcud olan bütün iş və təhsil imkanları haqqında maariflənməsinə kömək edirik. Layihələrimizdən biri - müstəqil "Edge Foundation" təşkilatı ilə tərəfdaşlıq şəraitində həyata keçirdiyimiz "Karyera addımları" layihəsi, xüsusən, məktəblərlə peşə təhsili yolunu keçmiş könüllülər arasında əlaqə yaratmaq işinə diqqət yetirir. Onların vəziyyətində olmuş insanların hekayələrini birbaşa özlərindən eşitmək, xüsusən, universitet təhsilindən fərqli yollardan istifadə etmək arzusunda olan tələbələr üçün karyera tövsiyələri almaq və peşə təhsilini praktiki işlə təmin olunma yolu kimi qəbul etmək baxımından effektiv yol ola bilər.   

Biz "Gələcəyə ilham vermək" proqramı vasitəsilə məktəb və kolleclərlə bütün sahələrdən və müxtəlif təbəqələrdən olan könüllülər arasında əlaqə yaradırıq. Bu məqsədlə, konkret mövzu və ya sahə haqqında təşkil edilən üzbəüz tədbirlərdən və hazırda 39000-dən artıq qeydiyyatdan keçmiş könüllü ilə 12000 müəllimi əhatə edən onlayn platformadan istifadə edirik. Platforma vasitəsilə müəllimlər öz məktəblərində tədbirlər təşkil etmək məqsədilə təhlükəsiz və sərbəst şəkildə könüllüləri tapa və onlarla əlaqə saxlaya bilərlər. Bu tədbirlərə karyera haqqında söhbətlər, sınaq CV və müsahibə sessiyaları daxildir. Biz eyni zamanda "Karyera addımları" proqramı daxil olmaqla ölkənin müxtəlif yerlərində açıq tədbirlər də təşkil edirik. Bu tədbirlərdə işlə təmin olunmaq üçün peşə təhsili yolundan istifadə etmiş könüllülər öz təcrübələrini tələbə qrupları ilə paylaşır. 

Könüllü proqramları nə üçün effektiv hesab edilir

  1. Bu proqramlar motivasiyalı fərdlərin tapılması üçün mükəmməl yoldur - seçilmiş könüllülərin tədbirlərdə iştirak etmək üçün vaxtlarını sərf etməsi onların motivasiyalı olduğunu və öz təcrübələrini gənclərə ötürməyin real dəyərinin fərqində olduqlarını göstərir.
  2. Bu proqramlar çərçivəsində real həyat təcrübələrinə diqqət yetirilir - tələbələr birbaşa onların vəziyyətində olmuş insanları dinləmək şansı əldə edir, bu da verilən tövsiyə və istiqamətlərin daha qəbul edilən və yaşanan təcrübənin bütövlükdə daha təsirli olmasına səbəb olur.
  3. Bu proqramların uyğunlaşdırılması mümkündür - məktəb və kolleclər diqqət yetirmək istədikləri sahə, region və ya tədbir baxımından onlara mükəmməl şəkildə uyğun gələn könüllüləri tapa və tədbirlər onların konkret tədris mühitlərinin ehtiyaclarına uyğunlaşdırıla bilər.

"Gələcəyə ilham vermək" Birləşmiş Krallığa aid təşəbbüs olsa da, Avstraliya, İrlandiya və "İlham verən qadınlar" ("Inspiring Women") kompaniyamız üçün Çin daxil olmaqla çox sayda başqa ölkə müvafiq konsepsiya və brendi götürərək öz xüsusi yerli kontekstlərinə uyğunlaşdırıb. Təhsil qurumları ilə yerli müəssisələr arasında faydalı əlaqələrin yaradılması məqsədilə daha çox ölkənin modelimizdən istifadə edəcəyinə ümid edirik. "Gələcəyə ilham vermək" proqramı çərçivəsində işəgötürənlərlə işləməyimizin nəticəsi olaraq, get-gedə daha çox müəssisənin təhsil öhdəliyi proqramını gələcək nəsil məzunların işə qəbul olunmaq bacarıqlarının formalaşdırılması üçün effektiv yol kimi qəbul etdiyinə şahid oluruq. Əsas məsələ yalnız əlaqənin yaradılmasından ibarətdir.

Əlaqəli linklar