Yerli işəgötürənlər gələcək karyeraları barəsində düşünən tələbələr üçün ən yaxşı tövsiyə və istiqamət mənbələri ola bilər. Məktəb və kolleclər müəssisələrlə əməkdaşlıq etməklə tələbələrinə "real dünyaya" aid iş təcrübələrini təqdim edə, tədris proseslərinin daha səmərəli olmasına nail ola və tələbələrinin müxtəlif karyera yolları haqqında informasiya əldə etmələrinə şərait yarada bilər.

"Morgan Sindall" Birləşmiş Krallıqda yerləşən, on ildən artıq təhsil müəssisələri ilə tərəfdaşlıq etmiş inşaat şirkətidir. Şirkətin nümayəndələri sənaye və təhsil arasındakı tərəfdaşlığın əhəmiyyəti, tələbələrin mövcud iş imkanları haqqında təsəvvür əldə etmələrinə kömək etmək üçün nəzərdə tutulmuş təşəbbüsləri və peşə təhsilinin məhsuldar karyeraya aparan effektiv yol kimi qəbul edilməsinin vacibliyi haqqında fikirlərini bölüşür.

Biz "Morgan Sindall"da işlədiyimiz yerli icmalarla güclü əlaqələr yaratmaq üçün çox çalışırıq. İnşaat sahəsinin üzləşdiyi geniş yayılmış bacarıq çatışmazlığını nəzərə almaqla əsas diqqət yetirdiyimiz sahə gənclərin işlə təmin olunması məsələsidir. Çox sayda təşəbbüs çərçivəsində iş aləmini tələbələrə təqdim etmək və inşaat sahəsində mövcud olan potensial karyera imkanlarını işıqlandırmaq məqsədilə birbaşa məktəb, kollec və universitetlərlə işləyirik.

Gələcək nəsli inşaat sahəsi daxil olmaqla müxtəlif sahələrdə mövcud olan karyera imkanlarını araşdırmağa ruhlandıran üç biznes konsultantımız bu sahədə bir çox tədbir təşkil edib və koordinasiya edib. Eyni zamanda bu günə qədər 300-dən artıq könüllü saatları vasitəsilə 7000-dən artıq gəncə dəstək vermiş, qeydiyyatdan keçmiş Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat Nümayəndələri ndən ("STEM ambassadors") ibarət fədakar komandamız var. 

Get-gedə daha çox işəgötürən təhsil həyatının bütün mərhələlərində tələbələrlə işləməyin əhəmiyyətini dərk edir və buna görə də, məktəb və kolleclər öz peşə təhsili proqramlarına daha çox effektivlik qazandırmaq üçün yerli müəssisələrin bacarıq və təcrübələrindən istifadə edə bilərlər. Məktəb və kolleclərlə işlədiyimiz zaman tətbiq etdiyimiz ən effektiv üsulları təqdim edirik. Bu örnəklər işəgötürənlərlə əlaqə yaratmaq istəyən təhsil müəssisələri üçün ilham mənbəyi rolunu oynaya bilər.

Praktiki tövsiyə və istiqamətlər

Məktəb və kolleclərlə əlaqədar həyata keçirdiyimiz təşəbbüslərin çoxu tələbələrlə tədris mühitində əlaqə yaratmaqla onlara praktiki dəstək göstərməyə əsaslanır. Biz bu yolla inşaat sahəsində tələbələr üçün mövcud olan iş imkanlarını işıqlandıra və onları bir çox müxtəlif sahə üzrə işəgötürənlərin potensial namizədlərdən gözlədiyi zəruri bacarıq, qabiliyyət və davranışların əldə edilməsi baxımından dəstəkləyə bilərik.

Biz inşaat menecerləri, layihə menecerləri, sahə rəisləri və mühəndislərimizin çoxundan məktəb və kolleclərə gedib öz vəzifələri haqqında təqdimatlar keçirmələrini xahiş edirik.  Gənc əməkdaşlarımızın bəziləri həmçinin öz təcrübələri haqqında danışır və tələbələrlə sual-cavab sessiyaları keçirir. Biz CV yazma və sınaq müsahibə sessiyaları vasitəsilə işəgötürənlərin axtardığı əsas məsuliyyət və xarakteristikaları işıqlandırır və bu funksiyanı işə qəbul olunmaq üçün tələb olunan əsas bacarıqları inkişaf etdirmək üçün praktiki tədbirlərlə dəstəkləyirik. 

Təhsil problemləri

Problemlərlə əlaqədar təşəbbüslər vasitəsilə məktəb və kolleclərin yeni tədris təcrübələri təqdim etməsinə kömək edirik. Bu təcrübələrin məqsədi gənclərin bacarıqlarını inkişaf etdirmək və inşaat aləmini canlandırmaqdan ibarətdir. Bu cür təşəbbüslərdən biri tələbələrə praktiki inşaat təcrübəsi qazandıran "Constructionarium" təşəbbüsüdür. Təşəbbüs çərçivəsində tələbələrdən dünyanın müxtəlif yerlərində mövcud olan mühəndislik layihələrinin kiçildilmiş versiyalarını yaratmaları xahiş edilir. Bu təşəbbüs təhsil müəssisələri, podratçılar və konsultantlar arasında tərəfdaşlıqlar formalaşdırmaq, akademik, dizayn və çatdırma perspektivlərini birləşdirməklə təhsil və sənaye arasında müvəffəqiyyətlə əlaqə yaradır. 

2017-ci il Britaniya Elm Həftəsinin tərkib hissəsi kimi Kambriya, Vaythevndə yerləşən Müqəddəs Benedikt Məktəbinin 7-ci sinif şagirdlərinə (11-12 yaşlı) su və tullantı qalıqlarının təmizlənməsi, enerji istehsalı, nəqliyyat, qida istehsalı və inşaat nəzərə alınmaqla yeni bir planetin dayanıqlı şəkildə məskunlaşması ilə əlaqədar öz təkliflərini hazırlamaq tapşırığını verdik. Layihə şagirdləri elm, inşaat və ətraf mühit arasındakı əlaqələr haqqında düşünməyə və özlərinin ətraf mühitə təsirlərini qiymətləndirməyə həvəsləndirirdi. Şagirdlərdən ibarət komandalar təkliflərini müəssisələrin nümayəndələrinə təqdim ediblər. Onlar təqdimat zamanı necə araşdırma apardıqlarını və layihənin idarə edilməsi, kommunikasiya və komanda işi ilə əlaqədar bacarıqlarını necə inkişaf etdirdiklərini də nümayiş etdiriblər. 

"Layihənin həyata keçirildiyi müddətdə şagirdlər 7-ci sinifdən olduqca yuxarı yetkinlik səviyyəsi nümayiş etdirdilər. Onlar komandalar şəklində yaxşı işləyərək özlərini müsbət baxımdan təqdim edə və peşəkar şəkildə apara bildilər. Təqdimat asan iş deyil və məktəbin direktoru, yerli müəssisələr və həmyaşıdları qarşısında əminliklə çıxış etmələri, həqiqətən, mütəəsiredici idi", - deyə "Morgan Sindall" şirkətinin tədbirdə iştirak edən sosial investisiyalar üzrə koordinatoru Cilian Yonston bildirir.

İş təcrübəsi imkanları

Keyfiyyətli istehsalat təcrübələri keçmək imkanı yalnız gəncləri iş aləminə təqdim etmir, həmçinin onlara gələcək karyeraları haqqında qərar qəbul etməkdə kömək etmək işinin əsas tərkib hissəsidir. 2017-ci ildə İngiltərənin şərqində 28 gənc üçün 170 günlük istehsalat təcrübəsinə dəstək vermişik. Bu şagirdlərdən biri də Suffolkda yerləşən "Stowupland" orta məktəbindən Cek Çaplindir. Onun iştirak etdiyi üç həftəlik istehsalat təcrübəsi kollecdə təhsil almağa hazırlaşdığı kursla əlaqədar fikrini dəyişdirib. Cek bu sayədə öyrəndiyi nəzəriyyəni tamamlamaq üçün həftədə bir dəfə "Morgan Sindall"dakı təcrübəsini davam etdirməklə Qərbi Suffolk Kollecində Ətraf Mühitin Yaradılması ixtisasının 3-cü səviyyəsi üzrə təhsil almağa başlayıb. İşəgötürənin mövqeyindən baxdıqda, istehsalat təcrübəsi keçən tələbələrin qəbul edilməsi gənclərə öz bacarıq və inkişaflarını əminliklə nümayiş etdirmək imkanı verir və işə yeni başlayan namizədlər üzrə kadr potensialını artırmağa kömək edir.

Əgər təhsil sahəsi ilə əlaqə yaratmaq istəyən işəgötürən və ya yerli müəssisələrlə əməkdaşlıq etmək istəyən məktəb və ya kollecsinizsə, bu prosesi dəstəkləmək üçün təlimat və misallardan ibarət praktiki onlayn resursları "Careers and Enterprise Company" təşkilatından əldə edə bilərsiniz.

Əlaqəli linklar