"Peşə-ixtisas təhsili üzrə mübadilə" nədir?

PEŞƏ HAZIRLIĞI VƏ ONUN TƏDRİSİ İLƏ MARAQLANAN MÜƏLLİM VƏ RƏHBƏRLƏR ÜÇÜN BRİTİSH COUNCİL-IN BU YENİ JURNALI – PEŞƏ-İXTİSAS TƏHSİLİ ÜZRƏ MÜBADİLƏ TOPLUSUNUN İLK BURAXILIŞININ SƏHİFƏLƏRİNDƏN SİZİ SALAMLAYIRIQ.

Düşünürük ki, hazırda Azərbaycanda digər ölkələrdə olduğu kimi gənclər arasında işsizlik şəraitində bu cür dərgi təşəbbüsü lap yerinə düşməlidir və siz də bu fikrimizə şərik çıxacaqsınız.

Azərbaycan müəllimləri Birləşmiş Krallığın təcrübəsi ilə tanış olmaq üçün daha çox imkanlar əldə etmək, öz problemlərini başqaları ilə müzakirə etmək, gənclərin işə düzəlmək şanslarını artırmaq üçün onlara nə kimi kömək edə biləcəkləri barədə öyrənmək istəkləri barədə bizə məlumat veriblər. Eyni zamanda məlumdur ki, Birləşmiş Krallığın da peşə-ixtisas təhsili sektorunda çalışan müəllim və məktəb müdirləri Azərbaycandakı həmkarlarının bu gün yaşadığı problemlərin əksəriyyəti ilə vaxtilə üzləşiblər. Üstəlik, onlar dünyanın müxtəlif yerlərində yaşayan həmkarları ilə əlaqə qurmaq və imkan daxilində, tələbələri üçün də belə imkan yaratmaq arzusundadırlar. 

Bəli, ""Peşə-ixtisas təhsili üzrə mübadilə"" jurnalı bu kimi arzuları təmin etmək niyyətindədir. 

Bu ilk sayımızın səhifələrində biz peşə-ixtisas təhsili ilə məşğul olanların üzləşdiyi bəzi problemlər – ələlxüsus, 16-19-yaşlı tələbələri hədəfə alan təhsil sahələrində üzə çıxmış problemlər barədə məlumat veririk, həmin problemlərin necə həll olunduğu barədə danışırıq və uğurlu olmağın yolları barədə mütəxəssislərin mövqeyini öyrənirik. Kolleclər Assosiasiyasının beynəlxalq əlaqələr üzrə Direktoru Con Mauntford bizə Birləşmiş Krallığın peşə-ixtisas təhsili sektorunda qarşıya çıxan bəzi problemlər haqında müsahibə verdi. Kollec səviyyəsində bu problemlərin nədən ibarət olduğunu Harrou Kollecinin direktoru Pət Karvalyonun və tədris proqramları üzrə menecer Ouen Praysın dilindən eşitdik.

Təhsilin Təlimi Fondunda çalışan tərəfdaşlarımızın dəstəyi ilə biz ""texniki-peşə təhsili necə olmalıdır"" mövzusunda Birləşmiş Krallığın Milli Təhsil Araşdırmaları Fondunun bir məqaləsini təqdim edirik.

Və bəlkə də ən önəmlisi odur ki, siz Təhsilin Təlimi Fonduna məxsus sinif materiallarından ibarət məlumat bazasından faydalanmaq imkanı qazanmış olursunuz – özü də təmənnasız!

Birləşmiş Krallığı-nın texniki-peşə təhsili və təlimi sektorunun rəhbər şəxsləri, o cümlədən Kolleclər Assosiasiyasının baş icraçı direktoru, CBE ordenli Martin Doel və Təhsilin Təlimi Fondunun sədri Devid Rassell bu təşəbbüsümüzü çox bəyənib dəstəklədiklərini artıq bildiriblər və biz bundan qürur duyuruq.

Ancaq, yenə də, bizim üçün ən önəmlisi sizin fikrinizi öyrənməkdir! Nə kimi mövzuları jurnalımızın səhifələrində görmək istəyirsiniz? Bu təşəbbüs peşə-ixtisas təhsilinin gələcəyi barədə fikir və təkliflər mübadiləsini hədəfə alır. Odur ki, sual və qeydlərinizi gözləyirik – Facebook və Twitter vasitəsilə #VEexchange ünvanına daxil olub, bizimlə əlaqə saxlayın.

Ümidvaram ki, bu ilk buraxılışımız sizi sevindirəcək.

Ən xoş arzularla,

British Council-ın ""Geniş Avropa"" proqramının təhsil üzrə direktoru Helen Silvester

Helen Silvester British Council tərəfindən Şərqi və Cənubi Avropanın və Orta Asiyanın 15 ölkəsində həyata keçirilən təhsil layihələrinə rəhbərlik edir. Onun fəaliyyəti, əsasən, ali təhsil, peşə-ixtisas təhsili və sahibkarlıq mövzuları ilə bağlıdır – Birləşmiş Krallıq və Geniş Avropa ölkələrində hökumətlər, universitetlər, kolleclər və xalqlar arasında əməkdaşlığın möhkəmlənməsi ilə.