TOPs layihəsi

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi Azərbaycanda British Council, Təhsil Nazirliyi və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Layihənin əsas məqsədi ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir təhsil texnologiyaları ilə təmin etmək və bununla da təhsilalanların hərəkət bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına imkan yaratmaqdır. 

“İnkişaf Naminə İdman” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin ilkin model fazası dekabr-may 2014-cü il tarixi müddətində Bakı Şəhər Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən, 3 ümumtəhsil məktəbində (#138, #269, #220) yerinə yetirilmişdir. Layihə çərçivəsində qeyd olunan ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərə Birləşmiş Krallıq İdman və Gənclər Fodnunun mütəxəssisi tərəfindən 25 fiziki tərbiyə müəlliminə TOPs metodologiyası üzrə təlimlər keçirilmişdir. Layihə çərçivəsində həmçinin, ümumilikdə 3000-ə yaxın müəllim, şagird və valideyn kollektivini cəlb edən festival və açıq dərslər də təşkil edilmişdir. Əlavə olaraq, TOPs metodikasının praktiki şəkildə fiziki tərbiyə fənninin tədrisi zamanı tətbiqi üçün layihə çərçivəsində fiziki tərbiyə üzrə təhsil proqramına uyğunlaşdırılmış ilkin tədris vəsaiti  hazırlanmışdır. 

Layihənin 2015-2016-ci tədris ili üçün nəzərdə tutulmuş ikinci mərhələsi “İnkişaf Naminə İdman” İctimai Birliyi tərəfindən Bakının 36 ümumtəhsil məktəblərində həyata keçirilmişdir. Layihə çərçivəsində təşkil olunan təlimlərdə 35 000 şagird və 200 müəllim iştirak etmişdir.

Layihənin üçüncü mərhələdə (2016-2017-ci tədris ilində) 72 ümumtəhsil məktəb, 400 müəllimi və 70 000 tələbəni əhatə etməsi nəzərdə tutulmuşdur. Həmçinin, yeni tədris ilində layihəyə inkluziv siniflərdə təhsil alan tələbələrin cəlb edilməsi nəzərdə tutulmuşdur.

Layihənin qiymətləndirilməsi məqsədilə “İnkişaf Naminə İdman” İctimai Birliyi tərəfindən müəllim və tələbələr arasında ilkin və son qiymətləndirilmə həyata keçirilmişdir. Layihə nəticəsində layihənin əhatə etdiyi ümumtəhsil məktəblərində fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikası təkmilləşdirililmiş və ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq oluna biləcək fəal təlim metodu hazırlanmışdır. Eyni zamanda layihə çərçivəsində 100 000 nəfərədək uşaq və valideyn sağlam qida, fəal həyat tərzi, idmanın sosial bacarıqların inkişafında rolu barədə məlumatlandırılmışdır. 

Layihənin 4-cü ilində (2017-2018) 120 dövlət məktəbi, 500 müəllim və 140 000 şagird faydalanacaq, eləcə də şagirdlər Azərbaycanın bir sıra məktəblərində inkluziv təhsil dərslərində iştirak edəcəklər.

Layihə barədə ətraflı məlumat üçün, Nigar Nəsrullayeva ilə əlaqə saxlamağınız xahiş olunur.