FameLab müsabiqəsi

British Council və Bakı Mühəndislik Universitetinin əməkdaşlığı ilə FameLab müsabiqəsi keçirilir.

Cheltenham Festivalları tərəfindən keçirilən FameLab müsabiqəsinin əsas məqsədi gəncləri öz karyeralarını elmdə görməyə ruhlandırmaq, eləcə də gənc elm adamlarını daha geniş kütlə ilə hərtərəfli, interaktiv yollarla əlaqə yaratmağa həvəsləndirməkdir.

FameLab aidiyyatlı sahəyə daha geniş kutləni cəlb etmək üçün qlobal səviyyədə müsabiqə şəklində keçirilir. İştirakçılar 3 dəqiqə ərzində münsiflər heyəti və auditoriya qarşısında elmi təqdimat edirlər.

Proqramın bir hissəsi olaraq seçilmiş iştirakçılar Birləşmiş Krallıqdan dəvət olunmuş təlimçilər tərəfindən iki günlük intensiv master klasslarda iştirak edirlər.

Birləşmiş Krallıqda Cheltenham Festivalları tərəfindən 2005-ci ildən etibarən keçirilən müsabiqə, 2007-ci ildən başlayaraq British Council və yerli partnyor təşkilatların dəstəyi ilə digər ölkələrdə də keçirilir.

FameLab müsabiqəsi Azərbaycanda Bakı Mühəndislik Universiteti tərəfindən həyata keçirilir. Müsabiqə barədə ətraflı məlumatı www.famelab.az saytından əldə edə bilərsiniz.

FameLab müsabiqəsinin Azərbaycan üzrə yarımfinal mərhələsi uğurla tamamlanmışdır. Final mərhələsinə keçmiş 10 nəfər yarımfinalçı 23-24 Aprel, 2017-ci il tarixlərində Birləşmiş Krallıqdan dəvət olunmuş mütəxəssis tərəfindən keçirilən kreativ təqdimat bacarıqları üzrə ustad dərslərində iştirak etmişdir. Final mərhələsi 4 may, 2017-ci il tarixində 10 yarımfinalçının hər birinin seçki heyəti və auditoriya qarşısında 3 dəqiqəlik kreativ təqdimatları ilə keçirilmişdir. Final mərhələsinin nəticəsi olaraq Bakı Mühəndislik Universitetinin tələbəsi, Bəxtiyar Məmmədli 1-ci yerə layiq görülərək qalib seçilmişdir. O, ölkəmizi 8 iyun, 2017-ci il tarixində Böyük Britaniyanın Çeltenham Elm Festivalında təmsil etmək hüququ qazanıb.

Məlumat üçün qeyd edək ki, 2-ci yerə Bakı Dövlət Universitetinin tələbəsi Cəmil Ağasiyev, 3-cü yerə isə AMEA-nın elmi işçisi Günay Qasımova layiq görülmüşdür.