AVEDNO layihəsi

British Council BP və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə əmək bazarının tələblərinə cavab vermək məqsədilə 2016-cı ilin sentyabr ayından başlayaraq 1 il müddətinə Kənd Təsərrüfatı Peşə Təhsili üçün Yeni İxtisasların Yaradılması (AVEDNO) pilot layihəsinin icrasına başlamışdır. Layihə çərçivəsində Bağçılıq ixtisaslaşması üzrə 3 modulun (Bitkilər və Onların istifadəsi, Əkin və Qulluq tədbirləri və Bağçılıqda istehsalın təşkili), Bitkiçilik mütəxəssisi ixtisası üzrə 5 modulun (Taxılçılıq, Yağlı bitkilər, Qarğıdalı əkini, Cərgəarası bitkilərin əkini və Pambıqçılıq) və Aqroservis mütəxəssisi ixtisası üzrə 4 modulun (Kənd təsərrüfatı maşınlarına texniki xidmət, Kənd təsərrüfatı maşınlarının təmiri, Kənd təsərrüfatı maşınlarından istifadə və Kənd təsərrüfatı maşınları ilə işlərin yerinə yetirilməsi) hazırlanması nəzərdə tutulub.

Layihənin başlıca benefisiarı Qəbələ Peşə Məktəbidir. Nəzərdə tutulan ixtisaslar geniş miqyaslı proqramın tərkib hissəsi olaraq milli zəmində əmək bazarının kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış kadr tələbini ödəmək məqsədi ilə ilkin olaraq Qəbələ Peşə Məktəbində təqdim edilir. Məktəbin başlıca istiqaməti kənd təsərrüfatıdır və regionun iqtisadi inkişafında vacib rol oynayır. Burada infrastrukturun və təhsilin keyfiyyətinin yaxşılaşdırılması regionun əlavə dəyər qazanmasını təmin edəcək. Məktəbdə tədris olunan peşələrin davamlı olaraq bazarın tələblərinə cavab verməsi üçün şagirdlər ilə yanaşı tədris heyətinin də davamlı olaraq yeni bacarıq və texnikalar haqqında məlumatlandırılması tələb olunur. Hazırlanan modullar üzrə tədris heyətinin təlimatlandırılması da layihə çərçivəsində nəzərdə tutulur.

Layihədə həmçinin bu sahədə uğurları olan Birləşmiş Krallıqdan seçilmiş partnyorun təcrübəsindən də istifadə ediləcək. Belə ki, layihə üçün seçilən kənd təsərrüfatı üzrə ixtisaslaşmış ekspertlər Birləşmiş Krallıqdan dəvət olunacaq partnyor tərəfindən təşkil ediləcək potensialın inkişafı təlim sessiyasında iştirak edəcəklər. Yerli mütəxəssislər sonradan milli tələblərə uyğun olaraq müvafiq modulların yaradılmasına cavabdeh olacaqlar.

Layihənin başlıca məqsədlərindən biri də seçilmiş Birləşmiş Krallıq partnyoru ilə yenicə yaradılmış Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə institusional əməkdaşlıq əlaqələrin qurulmasını təmin etməkdir.

Layihə haqqında hər hansı bir sualınız olarsa layihə meneceri İlham Yusifov ilə əlaqə saxlaya bilərsiniz.