Azərbaycanda "Şekspir xalçası" müsabiqəsi

Azərbaycanın mədəni irsi çox zəngindir və onlardan biri də Azərbaycan xalçalarıdır. Londonun V&A muzeyində dünyanın ən qədim xalçaları saxlanılır. Şekspirin anadan olmasından bir neçə on il əvvəl Cənubi Azərbaycanda toxunmuş Ərdəbil xalçası muzeydə saxlanılanların arasında ən nəfisi sayılır.  

Şekspirin ad gününün Azərbaycanda onun şərəfinə toxunulmuş xalça ilə qeyd olunmasından gözəl nə ola bilər?!

British Council Azərbaycan Rəssamlıq Akademiyası ilə birlikdə Şekspirin 450-ci ildönümü şərəfinə  Azərbaycan "Şekspir Xalçası" müsabiqəsi keçirib.  Müsabiqə Şekspirin şərəfinə, dahi dramaturqdan ilham almış xalça dizaynının hazırlanmasına həsr edilib.

Azərbaycan "Şekspir Xalçası" müsabiqəsi Azərbaycanın xalça sənəti sahəsində zəngin mədəni irsini və Şekspirin dünya ədəbiyyatında tutduğu yeri bir araya gətirib. Layihəyə may ayında start verilib və may-iyul tarixləri arasında uşaqlar, peşəkar dizaynerlər və ictimaiyyət tərəfindən 60-dan çox dizayn təqdim edilib. Xalça dizaynları Şekspirin pyeslərindəki səhnələri və əsərlərindəki motivləri təsvir etməklə yanaşı Azərbaycan ənənələrini əks etdirib.

Mükafatlandırma mərasimi və 15 ən yaxşı dizaynın nümayişi 14 oktyabr 2016-cı il taxirində Azərbaycan Xalça Muzeyində keçirilib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Azəbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Birləşmiş Karllığının Azərbaycandakı fövqəladə və səlayiyyətli səfiri Karol Kroft və British Council Azərbaycanın direktoru Elizabet Vaytdan ibarət münsiflər heyəti tərəfindən ən kreativ 15 dizayn seçilib və nümayiş etdirilib.

Ən yüksək üç mükafatdan başqa iki mükafat – sosial şəbəkə mükafatı Rizvan Ələsgərə, xüsusi münsiflər heyəti mükafatı isə Məmmədhüseyn Hüseynova verilib.

Uşaqlar kateqoriyasında Fidan Keberlinskaya, ictimaiyyət kateqoriyada Surayya Muğanlı mükafata layiq görülüb. Peşəkar dizaynerlər kateqoriyasının, həmçinin müsabiqənin yekun qalibi Telman Şıxıyev olub. 

Qalib gəlmiş üç dizaynda xalçalar toxunulacaq. Müsabiqənin ümumi qalibi Londonun V&A Muzeyinə və Şekspirin "Qlobus" teatrınına səhayət mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimindən şəkillərə Facebook səhifəmizdən baxa bilərsiniz.