British Council və Ukraynanın Oleksandr Dovzhenko Milli Mərkəzi film bəstəkarları üçün Envision Sound maarifləndirici proqramın üçüncü hissəsində iştirak üçün ərizə qəbulunu elan edir. Yaradıcılıq laboratoriyası, mühazirələr, şəbəkələşmə, audiovizual sektorun mütəxəssisləri ilə fərdi məsləhətləşmələri, eləcə də canlı musiqinin müşayiəti ilə axşam saatlarında film nümayişlərini nəzərdə tutan bu proqram 20-24 yanvar tarixlərində Kiyev şəhərində keçiriləcək.
Envision Sound 2019-20 proqramı film musiqiləri bəstələmək bacarıqlarını artırmaq, peşəkar dünyagörüşlərini genişləndirmək və beynəlxalq audiovizual sənayeni daha yaxşı başa düşmək istəyən, Ukraynadan, Şərqi Avropa və Mərkəzi Asiyanın digər ölkələrindən gəlmiş bəstəkarlar üçün nəzərdə tutulmuşdur.
İştirakçılar mentorla filmlər üçün musiqi bəstələmək imkanlarını və bu sahədə mövcud olan çətinlikləri araşdırmaq və arxiv materialları və ya Ukrayna filmləri üçün öz saundtrekləri üzərində çalışacaq.
Britaniyanın tanınmış bəstəkarları Michael Price (BBC-nin Sherlock filminin musiqisinin həmmüəllifi və Emmy mükafatı laureatı), Nainita Desai (film və televiziya və BBC HBO, ITV kimi aparıcı yayım şirkətlərinin bəstəkarı, С4, Music+Sound və BAFTA Breakthrough Brits 2016-2017 mükafatının qalibi), Neil Brand (dünyanın ən yaxşı piano ifaçılarından biri), eləcə də Ukraynalı bəstəkar Alla Zahaykevych (Ukrayna Film Akademiyasının ən yaxşı bəstəkar üçün verilən Golden Dzyga mükafatının qalibi) proqramın mentorları qismində çıxış edəcək.
İlk dəfə olaraq Envision Sound 2019-2020 proqramının iştirakçıları yaradıcılıq laboratoriyasının tərkib hissəsi kimi Kiyev Fantastik Orkestri ilə öz musiqilərini yazmaq imkanı əldə edəcək. 2019-cu ilin fevral ayında Neil Brand-ın Alfred Hiçkokun Şantaj filminə bəstələdiyi musiqini ifa edən dirijor Natalia Stets-in rəhbərliyi altında orkestrin ifasının yer aldığı qısa video ilə tanış ola bilərsiniz. İştirakçılar həmçinin solo ifaçılarla da işləmək imkanı əldə edəcəklər.
Həmişə olduğu kimi, proqram başa çatdıqdan sonra British Council Oleksandr Dovzhenko Milli Mərkəzi ilə birlikdə yaradıcılıq laboratoriyası ərzində bəstəkarlar tərəfindən işlənib hazırlanan layihələrin bəzilərinin sonrakı inkişafını dəstəkləmək üçün əlavə qrantlar təqdim edəcək.
“Envision Sound 2019-2020” proqramı Alla Zahaykevych tərəfindən kurasiya ediləcək.
“Seminarda böyük film rejissoru ilə səmərəli bir əməkdaşlıq qurduq və hazırda onunla birlikdə möhtəşəm film üzərində çalışırıq. Film artıq imdb-də yer alıb. Həmçinin biz proqramın mentorlarından çox faydalı məsləhətlər aldıq”, - deyə Envision Sound 2018-2019 proqramının Gürcüstandan olan iştirakçıları Luka Lebanidze və Zviad Mgebrishvili bildirib.