Yaradıcı Prodüserlər, Geniş Avropada inkişaf etməkdə olan istehsalçılar üçün peşəkar inkişaf fürsətidir (proqram Azərbaycanda, Gürcüstanda, Qazaxıstanda, Ukraynada, Özbəkistanda, Türkiyədə və Qərbi Balkanlarda mövcuddur).

Bu kurs daha ambisiyalı və cəsur yaradıcı layihələrin həyata keçirilməsi üçün yeni layihələr, komandalar və yaradıcı iqtisadiyyatları dəstəkləməklə yaradıcı prodüserlik peşəsinin beynəlxalq səviyyədə inkişaf etdirilməsinə istiqamətlənib. Proqram yeni prodüserlərin bilik və bacarıqlarını inkişaf etdirəcək, Geniş Avropa regionunda və Birləşmiş Krallıqda yeni şəbəkələrin qurulmasına, müştərək istehsala, peşəkar və incəsənət təcrübələrinin yayılmasına töhfə verəcək.

Proqram aşağıdakı elementlərdən ibarət olacaq

  • iştirakçıların yaradıcı layihələri müzakirə edərək, bu layihələrin harada, nə vaxt və necə reallaşdırılması və ən vacibi, kimin üçün nəzərdə tutulması haqqında praktiki mülahizələrini paylaşaraq yaradıcı layihə və ideyalar yaratması üçün iki həftəlik onlayn proqram;
  • seçilmiş layihələrin ideyalarının reallaşdırılması və yayılması üçün maliyyə dəstəyi və mentorluq.

Yaradıcı prodüser kimdir?

Əməkdaşlıqlar və münasibətlər quraraq broker kimi çıxış edən, şəbəkənin müxtəlif hissələrini birləşdirən, insanların resurslara çıxış əldə etməsinə kömək edən, yaradıcı insanlar üçün əlverişli inkişaf yollarını müəyyən edən və ekosistemin fərqli peşəkar dil və iş yanaşmalarına malik hissələri arasında keçidlər edən yaradıcı peşəkar.

Network for Creative Enterprise, Yekun Hesabat, 2019

Müraciətlər və müvafiqlik meyarı

Biz mədəniyyət və yaradıcılıq sahələrinin bütün sektor və istiqamətlərini təmsil edən yeni prodüserləri proqrama müraciət etməyə dəvət edirik.

Bu proqramda müxtəlif janrların və tendensiyaların nümayəndələri iştirak edə bilərlər: mədəniyyət müəssisələrinin incəsənət rəhbərləri və idarəçiləri, rəssamlar, kuratorlar, festival təşkilatçıları, teatr tənqidçiləri və dramaturqlar, rejissorlar, rəqqaslar, musiqiçilər, mədəniyyət layihələrin təşkilində təcrübəsi olanlar, və ya yaradıcılıq senayəsində peşəkar bacarıqlarını inkişaf etdirmək istəyənlər.

Proqrama müraciət edən şəxslər:

  • 18 yaşından böyük olmalı;
  • Yeni layihələrin sıfırdan hazırlanması üzrə 3-5 illik təcrübəyə malik olmalı;
  • Mədəniyyət və yaradıcılıq sahələri ilə əlaqədar layihə hazırlamalı;
  • Sahədə fərq yaradacaq unikal layihə hazırlamalı;
  • Layihəni hazırlayarkən dayanıqlılıq və bilik və təcrübələrin yayılması strategiyasını nəzərdə tutmalı;
  • Birləşmiş Krallığın mədəniyyət sektoru ilə əməkdaşlıq etməyi nəzərdə tutmalı,
  • Bərabərlik, müxtəliflik və inklüzivlik prinsiplərini əsas tutan layihə hazırlamalı;
  • Layihənin ideyasının mövcud resursların və Covid-19-la əlaqədar potensial məhdudiyyətlərin nəzərə alınması ilə 2022-ci ilin yaz-yay aylarında həyata keçirilməsi real olmalıdır.

Şərt və müddəalar

Proqram onlayn keçiriləcək və iştirakçılardan aşağıdakılar tələb ediləcək:

  • Proqramın bütün mərhələlərini izləmək (aşağıdakı Qrafik bölməsinə baxın)
  • İngilis dili biliklərinə malik olmaq (CEFR şkalası ilə B2 səviyyəsi)
  • Qiymətləndirmədə iştirak etmək
  • Müsahibə və bloqlarda proqramla bağlı təcrübəsini paylaşmaq
  • Layihənin ideyasından gələcəkdə istifadə edərkən proqramın və tərəfdaşların adını çəkmək

Qrafik

Müraciətlərin edilməsi üçün son tarix 1 noyabr 2021-ci il
Seçilmiş namizədlərə məlumat verilməsi 8 noyabr 2021-ci il
Onlayn təlim proqramına start verilməsi 15 noyabr 2021-ci il
Onlayn təlim proqramının sona çatması 28 noyabr 2021-ci il
Maliyyə dəstəyi üçün müraciətin verilməsi üçün son tarix 9 dekabr 2021-ci il
Layihə ideyalarının reallaşdırılması və yayılması Mart - iyun 2022-ci il

Müraciət qaydaları

Namizədlər onlayn müraciət formasını (linki səhifənin yuxardakı bölməsində əldə edə bilərsiniz) bazar ertəsi, 1 noyabr 2021-ci il, saat 10:00-a kimi doldurmalı və təqdim etməlidir.

Namizədlərin müraciət formasında aşağıdakıları təqdim etmələri tələb olunur:

  • Bu günə qədərki incəsənət təcrübənizin qısa icmalı və bu proqramda iştirak etmək istəyinizin səbəbi
  • İdeyanızın Geniş Avropa və Birləşmiş Krallığın yaradıcılıq sahələrinə necə təsir edə biləcəyi haqqında qısa icmal
  • Layihənizin ideyası və reallaşdırılma yolları haqqında qısa icmal

Qiymətləndirmə

Müraciətlər British Council və Curated Place təşkilatının nümayəndələrindən təşkil edilmiş qiymətləndirmə komissiyası tərəfindən qiymətləndiriləcək.

British Council Azərbaycan Azərbaycandan olan namizədləri salamlayır və ümumilikdə 5 prodüseri proqramda iştirak etməyə dəvət edir.

Müraciətlərin qəbul edilməsi üçün son tarixədək (1 noyabr, səhər saat 10:00/GMT+3) doldurulmuş və təqdim edilmiş müraciətlər qiymətləndirmə komissiyası tərəfindən nəzərdən keçiriləcək.

Komissiya namizədlərin müvafiqlik meyarına uyğunluğunu və müraciət formasında təqdim edilmiş məlumatların keyfiyyətini qiymətləndirəcək. Müraciətdə Yaradıcı Prodüserlər proqramına göstərdiyiniz marağın səbəbini və ideyanızın Geniş Avropa və Birləşmiş Krallığın yaradıcılıq sahəsinə göstərə biləcəyi təsiri aydın şəkildə ifadə etməyiniz çox vacibdir.

Müraciətlərin sayı ilə əlaqədar olaraq qəbul edilməmiş müraciətlərlə bağlı əks əlaqə bildirə bilməyəcəyik.

Curated Place haqqında

Yaradıcı Prodüserlər proqramı Curated Place təşkilatı tərəfindən keçiriləcək.

Curated Place beynəlxalq dövlət proqramları, irimiqyaslı ictimai instalyasiyalar, orijinal sifarişlər, sənətkarların inkişafı, musiqi strategiyası, tədbirlər və dayanıqlı istehsalın təmin edilməsi üzrə ixtisaslaşan incəsənət yönümlü yaradıcı istehsal şirkətidir.