Şərq tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq proqramı Azərbaycan və “Şərq Tərəfdaşlığı” proqramının digər beş qonşu ölkəsinin humanitar, sosial və iqtisadi inkişafı üçün mədəniyyət və yaradıcılıq sektorlarına dəstək məqsədi ilə başlanılmışdır. 

Proqramın əhatə etdiyi mövzulara layihə idarəedilməsi, mədəni liderlik, mədəni və statistik tədqiqat, vəkillik, maddi resursların və auditoriyaların artırılması, mədəni jurnalistika və kommunikasiya imkanlarının inkişafı daxildir.

Regional olmasına baxmayaraq, proqram hər bir ölkəyə xüsusi olaraq yönləndirilmiş şəkildə regional işçi qrupunun aparıcı qüvvəsi olan peşəkar ölkə kordinatorları tərəfindən həyata keçirilməkdədir. Proqram  üç il yəni,  2015-ci ildən 2018-ci ilədək davam edəcək. 

Proqram çərçivəsində nəzərdə tutulmuş fəaliyyətlər sübut toplama mexanizmləri, məşğələlər, onlayn tədris, təlim səfərləri,  əməkdaşlıq sərgiləri, mədəni liderlik təşəbbüsləri, yerli və xarici mütəxəssislərdən ibarət şəbəkə, vəsaitlər toplusu, təltif proqramı, bülleten və xüsusi veb səhifə vasitəsilə həyata keçirilməkdədir. 

Proqramın məqsədi Azərbaycan və digər beş ölkədə  qabiliyyətlərin inkişaf etdirilməsi üçün təlim imkanlarının artırılması, mədəniyyət sahəsində fəaliyyət göstərən əsas tərəfdaşlarların şəbəkəsinin yaradılması, birgə fəaliyyətlərin aparılması və bilik mübadiləsi vasitələri ilə  mədəniyyət və yaradıcılıq sektorlarına dəstək göstərməkdir. 

Rəqabətli tender prosesinin nəticəsi olaraq, bu yeni proqram Moldova Soros Fondu, Polşa Milli Mədəniyyət Mərkəzi və Höte İnstitutu ilə əməkdaşlıq çərçivəsində British Council təşkilatının rəhbərlik etdiyi konsorsium tərəfindən idarə edilməkdədir. Bu yeni proqram texniki dəstək və qrant layihələrindən ibarət Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı I (2011-2014) üzərində qurulmuşdur.

Aİ və Şərq Tərəfdaşlığının Mədəniyyət və kreativlik Proqramının dekabrın 8-də Bakıda keçirilən açıq sessiyasında mədəni və kreativ sahələrin inkişaf perspektivləri, onların ictimai proseslərin formalaşdırılmasındakı rolu, həmçinin rəqəmsal texnologiyaların mədəniyyət sahəsində getdikcə daha çox yayılması və digər məsələlər geniş müzakirə olunub. Milli İncəsənət Muzeyində keçirilən tədbirdə həm mədəni və kreativ sahələrin ekspertləri, həm də Azərbaycanın vətəndaş cəmiyyəti və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Proqram barədə əlavə məlumat üçün Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının veb səhifəsi və ya Facebook səhifəsini ziyarət etməyiniz və ya Azərbaycan üzrə proqram kordinatoru Sevinc Ağazadə ilə əlaqə saxlamağınız xahiş olunur.