Date
Cümə axşamı 23 Fevral 2017 - 10:00 - Cümə 24 Fevral 2017 - 18:00

British Council ASAN radio və YARAT Müasir İncəsənət Mərkəzi ilə əməkdaşlıq şəraitində "Selector PRO" adlı iki günlük musiqi forumu keçirəcək, bununla da, Birləşmiş Krallığın və Azərbaycanın görkəmli musiqi nəzəriyyəçilərini və mütəxəssislərini bir araya toplayacaqdır.  Forum 2017-ci ilin 23 və 24 fevral tarixlərində YARAT Mərkəzində təşkil olunacaqdır.  Proqramın tərkibinə radio verilişlərini, onların hazırlanması prosesini müzakirə etmək məqsədilə radio DJ-ləri üçün təşkil olunan seminarlar, habelə, Azərbaycanın və Birləşmiş Krallığın musiqi sənayesini müzakirə etmək üçün keçirilən ictimai tədbirlər daxildir.

Selector PRO həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır.  Tədbir British Council-ın təşəbbüsü ilə hazırlanmış, Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini Azərbaycan auditoriyasına təqdim etmək məqsədi daşıyan radio-şounu və silsilə "Selector Live" əyləncə gecələrini özündə ehtiva edən "Selector" musiqi proqramının nəticəsi hesab edilir.

Selector PRO Böyük Britaniyadakı səsyazma studiyalarının, istedadların axtarışı üzrə agentliklərin fəaliyyətinin, festivalların, musiqi jurnallarının və onların əsas inkişaf strategiyalarının ən mühüm aspektlərini əhatə edəcək, habelə, rəqəmsal texnologiyalar dövründə musiqi sənayesində müşahidə olunan qaçılmaz dəyişikliklərə və musiqi anlayışının özündə baş verən inqilabi dəyişikliyə xüsusi diqqət yetirəcəkdir.

"Selector PRO" tədbirlərinin sırasına açıq konfrans, DJ tədbiri və Britaniyanın və Azərbaycanın aparıcı musiqiçilərinin və jurnalistlərinin iştirakı ilə təşkil olunan seminarlar daxildir.  British Council Britaniya musiqi sənayesinin ən təcrübəli peşəkarlarını dəvət etmişdir:  Ebbi Makkarti, Sesil Kommunal  və Çarli Arm.

Tədbirin gündəliyinə buradan baxa bilərsiniz.

Seminarlar və acıq müzakirələr fevralın 23 və 24-ü keçiriləcək. Canlı DJ performansı ilə müşayiət olunan "Selector Live" əyləncə gecəsi daxil olmaqla, bütün tədbirlərdə iştirak tamamilə ödənişsizdir. Qeydiyyat məcburidir. Qeydiyyat üçün bizimlə əlaqə saxlayın.

Canlı DJ performansı ilə müşayiət olunan"Selector Live" əyləncə gecəsi "Selector PRO"-nun sonuncu tədbiri olaraq saat 22:00 "Eleven" klubunda baş tutacaq.